15.4. Kran avadanlığı olan otaqlarda quraşdırma meydançası nəzərdə tutulmalıdır.
Avadanlıq və armaturun quraşdırma meydançasına çatdırılması takelaj vasitələrlə, yaxud ancaq binadan çıxan monorels üstündəki tal, əsaslandırılmış hallarda isə nəqliyyat vasitələri ilə yerinə yetirilməlidir.
Kran avadanlığının xidmət zonasındakı quraşdırma meydançasında qoyulmuş avadanlıq, yaxud nəqliyyat vasitəsi ətrafında eni 0,7 m-dən az olmayan keçid təmin edilməlidir.
Darvaza və qapıların ölçüləri avadanlığın, yaxud yüklü nəqliyyat vasitəsinin qabarit ölçülərindən asılı olaraq təyin edilməlidir.
15.5. Kran avadanlığının yükqaldırma qabiliyyəti yeri dəyişdirilən yükün, yaxud avadanlığın, onların nəqlinə istehsalçı-zavodun irəli sürdüyü tələblər nəzərə alınmaqla, maksimal kütləsindən asılı olaraq təyin edilməlidir.
Avadanlığın tam quraşdırılmış variantda nəqlinə istehsalçı-zavodun tələbləri olmadıqda kranın yükqaldırma qabiliyyətinin avadanlığın detalları, yaxud hissələrinin maksimal kütləsinə görə təyin edilməsinə yol verilir.
Q e y d. Avadanlığın kütləsi və ölçülərinin daha güclü avadanlıqla əvəz edilməsində artımı nəzərə alınmalıdır.
15.6. Qaldırıcı-nəqletdirici avadanlıq olan otaqların hündürlüyü (quraşdırma meydançası səviyyəsindən örtük tirlərinin aşağı tilinə qədər) və kranların qoyulması “Yük qaldıran kranların quruluşu və təhlükəsiz istismar qaydaları”nın göstərişlərinə uyğun olaraq təyin edilməlidir.
Qaldırıcı-nəqletdirici avadanlıq olmayan otaqların hündürlüyü MSN 3.02-01-in göstərişlərinə əsasən qəbul edilməlidir.
15.7. Avadanlıq, elektrik ötürücüləri və siyirtmələrin (bağlayıcı armaturun) nazim çarxlarına xidmət sahələri döşəmədən 1,4 m-dən hündürdə yerləşdikdə xüsusi meydançalar, yaxud körpücüklər nəzərdə tutulmalıdır; meydança, yaxud körpücükdən xidmət sahəsinə qədər olan hündürlük 1 m-dən çox olmamalıdır.
Avadanlığın özüllərinin genişləndirilməsinin nəzərdən keçirilməsinə yol verilir.
15.8. Döşəmədən (yaxud körpücükdən) çıxıntılı konstruksiyaların aşağısına qədər məsafə 1,8 m-dən az olmadıqda quraşdırma, yaxud xidmət meydançalarının altında avadanlıq və armaturun qoyulmasına yol verilir. Bu zaman avadanlıq və armaturun üstündə çıxarıla bilən meydança örtükləri, yaxud oyuq nəzərdə tutulmalıdır.
15.9. Məsafədən, yaxud avtomatik idarə edilən istənilən diametrli siyirtmələr (bağlayıcılar) elektrik ötürücülü olmalıdır. Pnevmatik, hidravlik, yaxud elektromaqnit ötürücülərdən istifadəyə yol verilir.
Məsafədən, yaxud avtomatik idarəetmə olmadıqda diametri 400 mm və ondan az olan bağlayıcı armatur əl ötürücülü, 400 mm-dən böyük olduqda isə elektrik, yaxud hidravlik ötürücülü nəzərdə tutmaq lazımdır; ayrı-ayrı hallarda müvafiq əsaslandırma olduqda diametri 400 mm-dən böyük armaturun əl ötürücülü olmasına yol verilir.
15.10. Binalarda və qurğularda boru kəmərləri, bir qayda olaraq, döşəmə səthində dayaqlar, yaxud kronşteynlər üstündə çəkilməli, armatur və avadanlığa yaxınlaşmaq və xidmət göstərmək üçün boru kəmərləri üstündə körpücüklər qoyulmalıdır.
Boru kəmərlərinin çıxarılan lövhələrlə örtülən kanallarda, yaxud zirzəmilərdə çəkilməsinə yol verilir. Boru kəməri döşənən kanalların ölçüləri aşağıdakı qaydada qəbul edilməlidir:
borunun diametri 400 mm-ə qədər olduqda - eni diametrdən 600 mm, dərinliyi 400 mm çox;
borunun diametri 500 mm və çox olduqda - eni diametrdən 800 mm, dərinliyi 600 mm çox.
Flanslı armatur qoyulan yerlərdə kanal 11.63 maddəsinin göstərişləri əsasında genişləndirilməlidir.
Kanalların dibinin çökəklik istiqamətində mailliyi 0,005-dən az olmamalıdır.
15.11. Basqılı və özüaxınlı-basqılı boru kəmərləri binalarda və su kəməri qurğularının ərazilərində hasar daxilində polad borulardan qəbul edilməlidir.
Aqressiv mayeləri nəql etdirən boruların materialı 9-cu bölmənin göstərişlərinə əsasən qəbul edilməlidir.
16. Elektrik avadanlığı, texnoloji nəzarət, avtomatlaşdırma və idarəetmə sistemləri
16.1. Ümumi göstərişlər
16.1.1. Su təchizatı sistemi qurğularının elektrik qəbuledicilərinin elektrik təchizatının etibarlılıq kateqoriyası “Elektrik qurğularının quraşdırılması qaydaları”na əsasən təyin edilməlidir.
Nasos stansiyalarının elektrik təchizatının etibarlılıq kateqoriyası 10.1 maddəsinə görə nasos stansiyaları üçün qəbul edilmiş kateqoriya ilə eyni olmalıdır.
16.1.2. Elektrik mühərriklərinin gərginliyi onların gücündən, elektriklə qidalandırmanın qəbul edilmiş sxemi və layihələndirilən obyektin gələcəkdə inkişafı nəzərə alınmaqla seçilməlidir; elektrik mühərriklərinin hazırlanma variantı elektrik avadanlığı yerləşdiriləcək otaqların xarakteristikasından və ətraf mühitdən asılı olaraq seçilir.
Reaktiv gücün ödənilməsi sinxron elektrik mühərriklərinin hərəkətə gətirilməsi, onlar olmadıqda isə “Reaktiv gücün ödənilməsi üzrə rəhbəh göstərişlər”in tələbləri nəzərə alınmaqla kondensatorların köməyi ilə yerinə yetirilməlidir.
16.1.3. Paylaşdırıcı qurğular, transformator yarımstansiyaları və idarəetmə lövhələri onların genişləndirilməsi və gücləndirilməsi mümkün olan otaqlarda yerləşdirilməlidir. Ayrıca dayanmış bağlı paylaşdırıcı qurğuların və transformator yarımstansiyaların layihələndirilməsinə yol verilir.
Bağlı lövhələr istehsalat otaqlarının eyvanlarında yerləşdirildikdə onlara su düşməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir.
16.1.4. Texnoloji nəzarət sistemlərində aşağıdakıların nəzərdə tutulması vacibdir:
- daimi nəzarət üçün vasitələr və cihazlar;
- vaxtaşırı nəzarət vasitələri ( qurğuların sazlanması və işinin yoxlanması və s.).
16.1.5. Suyun keyfiyyət parametrlərinə cihazlar və analizatorlar, yaxud laboratoriya metodları ilə fasiləsiz texnoloji nəzarət edilməlidir.
16.1.6. Qurğuların konstruksiyalarında elektrik avadanlığı və avtomatlaşdırılma vasitələri quraşdırmaq üçün xüsusi detallar, yarıqlar, kameralar və s. qoyulmalıdır.
16.1.7. Texnoloji proseslərin idarə edilməsi və qurğuların avtomatlaşdırılma həcmi istismar şəraitindən asılı olaraq qəbul edilməli, sosial amillər nəzərə alınmaqla texniki-iqtisadi hesablamalarla əsaslandırılmalıdır.
16.1.8. Su təchizatı qurğularının avtomatlaşdırılma həcmi təyin edildikdə onların məhsuldarlığı, iş rejimi, məsuliyyət dərəcəsi, etibarlılığına tələblər, həmçinin xidmət heyətinin azaldılma perspektivi, işləyənlərin iş şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, su, reagent sərfinin azaldılması, ətraf mühitin müdafiə tələbləri nəzərə alınmalıdır.
16.1.9. Su təchizatı qurğularının avtomatlaşdırılma sistemi nəzərə almalıdır:
- təyin edilmiş rejim, yaxud proqrama uyğun olaraq əsas texnoloji proseslərin avtomatik idarə edilməsi;
- texnoloji avadanlığın iş rejimini və onun vəziyyətini göstərən əsas parametrlərə avtomatik nəzarət;
- ayrı-ayrı qurğuların iqtisadi cəhətdən əlverişli texnoloji rejimini təyin edən parametrlərin avtomatik tənzimlənməsi.
16.1.10. İdarə edilən obyektlərinin sayı çox olan, yaxud texnoloji əməliyyatlarının sayı 25-dən çox olan qurğuların avtomatlaşdırılması üçün rele-təmas əvəzinə mikroprosessor nəzarət aparatlarından istifadə edilməlidir.
16.1.11. Avtomatik idarəetmə sistemi ayrı-ayrı element, yaxud qurğuların yerli idarə edilməsinin mümkünlüyünü nəzərə almalıdır.
16.2. Yerüstü və yeraltı suqəbuledici qurğular
16.2.1. Yerüstü suqəbuledici qurğularda barmaqlıq və torlarda, həmçinin kameralarda, sututarda, yaxud suaxarlarda su səviyyəsinin düşməsinə nəzarət nəzərdə tutulmalıdır.
16.2.2. Yeraltı suqəbuledici qurğularda suyun sərfinin, yaxud hər bir borulu (şaxtalı) quyudan çıxarılan su miqdarının, borulu (şaxtalı) quyularda, su toplama rezervuarında su səviyyəsinin, həmçinin nasoslarda təzyiqin ölçülməsi nəzərdə tutulmalıdır.
16.2.3. Borulu (şaxtalı) quyularda su səviyyəsinin yol verilən həddən aşağı düşdüyü hallarda nasosların avtomatik işdən ayrılması təmin edilməlidir.
16.2.4. Yeraltı suqəbuledicilərdə su-basqı qülləsində (su toplayıcı rezervuarda) suyun səviyyəsindən asılı olaraq nasosların avtomatik, yaxud idarəetmə məntəqəsindən məsafədən (telemexanik) idarə olunması nəzərdə tutulmalıdır.
16.3. Nasos stansiyaları
16.3.1. Nasos stansiyalarında basqılı sudaşıyıcı borularda və hər bir nasos aqreqatında təzyiqin, basqılı sudaşıyıcı borularda su sərfinin, həmçinin drenaj çökəklikləri və vakuum-qazanda suyun səviyyəsinin, aqreqatların diyircəkli yastıqlarının temperaturunun (ehtiyac olduqda), subasmanın qəza səviyyəsinin (maşın zalında elektrik ötürücülərinin əsasları səviyyəsində suyun görünməsi) ölçülməsi nəzərdə tutulmalıdır. Nasos aqreqatının gücü ≥ 100 kVt olduqda onun faydalı iş əmsalının, xətası 3%-dən çox olmamaq şərtilə, vaxtaşırı ölçülməsi nəzərdə tutulmalıdır.
16.3.2. Nasos stansiyaları , bir qayda olaraq, təyinatından asılı olmayaraq daimi istismar heyəti olmayan idarəetməyə layihələndirilməlidir:
avtomatik - texnoloji parametrlərdən asılı olaraq (tutumlarda suyun səviyyəsi, şəbəkədə təzyiq, yaxud su sərfi);
məsafədən (telemexaniki) - idarəetmə məntəqəsindən;
yerli - xidmət heyətinin vaxtaşırı gəlməsi ilə vacib siqnalların idarəetmə məntəqəsinə və ya xidmət heyətinin daimi olduğu idarəetmə məntəqəsinə ötürülməsi.
16.3.3. Dəyişən rejimli nasos stansiyaları üçün təzyiq və su sərfinin, minimal elektrik enerjisi sərfini təmin edən tənzimlənməsi nəzərdə tutulmalıdır. Tənzimlənmə pilləli-işləyən nasos aqreqatlarının sayının dəyişdirilməsi, yaxud rəvan - nasosların vərdənələrinin fırlanma sayının, tənzimləyici armaturunun açılma dərəcəsinin dəyişdirilməsi və digər üsullarla, həmçinin göstərilən üsulların kombinasiyası ilə yerinə yetirilə bilər.
Nasosların iş rejiminin tənzimlənməsi üsulu texniki-iqtisadi hesablamalarla əsaslandırılmalıdır.
16.3.4. Tənzimlənən aqreaqtların sayı və parametrləri 8-ci bölmənin göstərişlərinə uyğun olaraq hidravliki və optimallaşdırıcı hesablamaların əsasında seçilməlidir.
Nasosların tənzimlənən elektrik intiqalı kimi ventilli mühərrik bazasında intiqal, tezlikli intiqal və digərlərindən istifadə etməyə yol verilir.
İntiqalın növü nasos aqreqatlarının xüsusiyyətlərindən, gücündən və gərginlikdən, həmçinin nasos stansiyasının proqnozlaşdırılan iş rejimindən asılı olaraq seçilməlidir.
16.3.5. 2-3-işləyən aqreqat qrupunda, bir qayda olaraq, bir aqreqat tənzimlənən elektrik intiqalı ilə təchiz edilməlidir.
Tənzimlənən elektrik intiqalının idarə olunması, bir qayda olaraq, şəbəkənin əmredici nöqtələrində təzyiqdən, şəbəkəyə verilən su sərfindən, rezervuarlardakı su səviyyəsindən asılı olaraq avtomatik həyata keçirilməlidir.
16.3.6. Gücü ≥250 kVt olan nasos aqreqatları üçün sinxron, bundan az gücü olan aqreqatlar üçün asinxron qısaqapalı elektrik mühərrikləri qəbul edilməlidir.
Asinxron-ventil kaskadı sxemi ilə tənzimlənən aqreqatlar üçün fazalı rotoru olan asinxron mühərriklər qəbul edilməlidir.
16.3.7. Avtomatlaşdırılmış nasos stansiyalarında işləyən nasos aqreqatlarının işdən qəza ayrılması hallarında ehtiyat aqreqatın avtomatik işə düşməsi tətbiq edilməlidir.
I kateqoriya telemexanikləşdirilmiş nasos stansiyalarında işləyən nasos aqreqatlarının işdən qəza ayrılması hallarında ehtiyat aqreqatın avtomatik işə düşməsi tətbiq edilməlidir.
16.3.8. Elektrik təchizatı şərtlərinə görə I kateqoriya nasos stansiyalarında nasos aqreqatlarının eyni zamanda öz-özünə işə düşməsi mümkün olmadıqda, onların öz-özünə yaxud zaman kəsiyinə görə avtomatik işə düşməsi nəzərdə tutulmalıdır.
16.3.9. Nasos stansiyasında nasosun gövdəsini su ilə doldurmaq üçün vakuum-qazan qoyulduqda, qazanda suyun səviyyəsindən asılı olaraq vakuum-nasosların avtomatlaşdırılmış işi təmin edilməlidir.
16.3.10. Nasos stansiyalarında rezervuarlardakı yanğın və qəza həcmlərinin istifadə olunmasının qarşısını alan bloklama nəzərdə tutulmalıdır.
16.3.11. Suyun verilməsi və paylanması sisteminə daxil olan hər bir nasos stansiyasının avtomatlaşdırılmış idarə olunması digərləri ilə (həmçinin, ümumi sistem və yerli stansiyalarla), eləcə də sudaşıyıcı borular və şəbəkə üzərindəki tənzimləyici tutumlar və qurğularla qarşılıqlı əlaqə nəzərə alınmaqla təşkil edilməlidir. Tənzimlənməyən nasoslarla suyun verilməsindəki dəyişikliklər nəzarət altında olmalıdır ki, onlar nasoslardan hər biri üçün yol verilən diapazondan kənara çıxmasın. Ehtiyac olan hallarda suyun verilməsində yol verilməyən artım drosserləşdirmə, yol verilməyən azalma isə resirkulyatsiya ilə məhdudlandırılmalıdır. Sistemin işinin avtomatlaşdırılmış idarə olunması birgə işləyən bütün nasosların gücünün cəminin minimal sərfində tələb olunan sutkalıq su tələbatını təmin etməli, şəbəkədə sərbəst basqını tələb olunandan az olmayaraq təmin etməli, sızmalar və səmərəsiz istifadə ilə baş verən su itkilərinə səbəb olan izafi sərbəst basqıları minimuma endirməlidir.
Sistem şəbəkəyə verilən su həcminin vahidinə minimal enerji sərfini təmin etməli, aşağı faydalı iş əmsalı (f.i.ə.) zonalarında, pompaj və kavitasiya zonalarında ayrı-ayrı aqreqatların həddindən artıq yüklənməsinə yol verməməlidir.
16.3.12. Yanğın nasosları məsafədən idarə olunmalıdır, yanğın nasosu işə salınan zaman yanğın həcmindən istifadəni qadağan edən bloklaşdırıcı qurğu açılmalıdır, həmçinin yuma nasosları işdən ayrılmalıdır (əgər onlar varsa). Yüksək təzyiqli yanğın söndürmə sistemlərində yanğın nasoslarının işə düşməsi ilə eyni zamanda digər təyinatlı bütün nasoslar da avtomatik olaraq işdən ayrılmalı və su-basqı qülləsinə, yaxud basqılı rezervuarlara su verən boru kəmərlərindəki siyirtmələr bağlanmalıdır.
16.3.13. Suyu sifonla qəbul edən nasos stansiyalarında vakuum-nasoslar sifon xəttində qoyulmuş hava qapağındakı su səviyyəsinə görə avtomatik işləməlidir.
16.3.14. Nasos stansiyalarında aşağıdakı köməkçi proseslərin avtomatlaşdırılması nəzərdə tutulmalıdır: verilmiş proqrama əsasən fırlanan torların zaman kəsiyi, yaxud səviyyə düşgüsü ilə tənzimlənən yuyulması, drenaj sularının çökəklikdəki səviyyəsinə görə çəkilməsi, TNvəQ 2.04.05-in göstərişlərinə görə otaqdakı temperaturla bağlı elektrik qızdırma, həmçinin havalandırma.
16.3.15. Nasos stansiyalarının basqılı sudaşıyıcı borularında təzyiqin ölçülməsi, həmçinin drenaj çökəklikləri və vakuum-qazanlarda suyun səviyyəsinə, aqreqatların diyircəkli yastıqlarında temperatura(ehtiyac olarsa), subasmanın qəza səviyyəsinə (maşın zalında elektrik ötürücülərinin əsası səviyyəsində suyun görünməsi)nəzarət nəzərdə tutulmalıdır.
16.4. Sutəmizləyici qurğular kompleksi
16.4.1. Sutəmizləyici qurğular komplekslərində aşağıdakılara nəzarət edilməlidir:
su sərfi (xam su, emal edilmiş su, yuma suyu və təkrar istifadə edilən su);
reagent məhlulları və hava sərfi;
süzgəclərdə, qarışdırıcılarda, reagent çənlərində və digər tutumlarda suyun səviyyəsi;
şəffaflandırıcılar və durulducularda çöküntünün səviyyəsi;
süzgəclərdə su sərfi və basqı itkisi (tələb olunduqda);
qalıq xlor, yaxud ozonun miqdarı;
xam və emal edilmiş suların aktiv reaksiyası (pH);
reagent məhlullarının qatılığı (daşınan cihazlar və laboratoriya üsulları ilə təyin edilməsinə yol verilir);
müvafiq texniki vasitələrlə təmin edilmiş və çevik nəzarəti tələb olunan digər texnoloji parametrlər.
16.4.2. Aşağıdakıların avtomatlaşdırılması nəzərdə tutulmalıdır:
koaqulyantların və digər reagentlərin dozalanması;
xlor, ozon və xlor-reagentlərlə, eləcə də ultra-bənövşəyi şüalarla zərərsizləşdirmə prosesi;
reagent üsulları ilə flüorlaşdırma və flüorsuzlaşdırma prosesi.
Suyun sərfinin vaxtaşırı dəyişdiyi hallarda reagent məhlullarının dozalanmasının avtomatlaşdırılması emal edilən su sərfi və ona daxil edilən sabit qatılıqlı reagent miqdarının nisbətindən asılı olaraq, bu nisbətin yerli, yaxud məsafədən dəyişdirilməsi ilə, müvafiq əsaslandırma olduqda isə xam suyun və reagentlərin keyfiyyət göstəricilərinə əsasən həyata keçirilməlidir.
16.4.3. Süzgəclərdə və təmas şəffaflandırıcılarda su sərfinə, yaxud süzgəclərdə suyun onlar arasında bərabər paylanmasının təmin olunması şərtilə su səviyyəsinə görə mütləq süzmə sürətinin tənzimlənməsi nəzərdə tutulmalıdır.
Süzgəclərin və təmas şəffaflandırıcıların süzücü yükünün müvəqqəti proqramla yuyulmaya saxlanılmasına yol verilir.
Süzmə sürətini tənzimləyicilərdə drosselləşdirici qurğu kimi lövhə şəkilli sürgülərdən və dönən drossel qapaqlardan istifadə edilməlidir. Sadə üzgəcli klapanlardan istifadəyə yol verilir. Süzmə sürətinin dəyişdirilməsi tələb olunan hallarda süzgəclərin iş rejiminin idarə olunduğu pultdan məsafədən idarə olunan sürət tənzimləyicilərdən istifadə edilməlidir.
16.4.4. Süzgəclərin və təmas şəffaflandırıcıların sayı 10-dan çox olduqda onların yuyulması avtomatlaşdırılmalıdır. Süzgəclərin sayı 10-a qədər olduqda yumanın pultlardan və ya lövhələrdən yarımavtomat bloklaşdırılmış idarə olunması nəzərdə tutulmalıdır.
Süzgəclər yuyulmaya su səviyyəsinə, süzücü yükdəki basqı itkisinin qiymətinə, yaxud filtratın keyfiyyətinə görə; təmas şəffaflandırıcılar isə basqı itkisinin qiymətinə, yaxud tənzimləyici armaturanın tam açıq vəziyyətində sərfin azalmasına görə saxlanılır.
16.4.5. Süzgəclərin və təmas şəffaflandırıcıların yuyulma prosesinin avtomatlaşdırılma sxemi əməliyyatların aşağıdakı ardıcıllıqla yerinə yetirilməsini təmin etməlidir:
emal edilən suyu gətirən və aparan boru kəmərlərindəki siyirtmələrin verilmiş proqramla idarə olunması;
hava-su yuması zamanı yuma nasosları və kompressorların işə salınması və dayandırılması.
16.4.6. Avtomatlaşdırma sxemində, bir qayda olaraq, yalnız bir süzgəcin eyni vaxtda yuyulmasına yol verən bloklaşdırma nəzərdə tutulmalıdır.
16.4.7. Süzgəcə yuma suyu verən boru kəmərindən havanın avtomatik çıxarılması nəzərdə tutulmalıdır.
16.4.8. Yumanın davametmə müddəti vaxta və ya kənaredici borudakı çirkli yuma suyunun bulanıqlığına görə təyin edilməlidir.
16.4.9. Barabanlı torlar və mikro süzgəclərin verilmiş proqram, yaxud su səviyyəsinin düşməsinə görə avtomatik yuyulması qəbul edilməlidir.
16.4.10. Reagent məhlullarını nəql etdirən nasoslar çənlərdə məhlulun səviyyəsinə görə işdən avtomatik ayrılmaları üçün yerli idarəetməyə malik olmalıdır.
16.4.11. Suyun reagentlə yumşaldılması və rekarbonizasiyası qurğularında reagentlərin (əhəng, soda, tüstü qazları) dozalanması prosesi aktiv reaksiyanın (pH), xüsusi elektrik keçirmənin və s. qiymətlərinə görə avtomatlaşdırılmalıdır.
16.4.12. Kationit ionəvəzedici süzgəclərin regenerasiyası suyun qalıq codluğuna, anionit süzgəclərin regenerasiyası isə emal edilmiş suyun elektrikkeçirmə qabiliyyətinə görə avtomatlaşdırılmalıdır.
16.5. Sudaşıyıcı borular və su kəməri şəbəkələri. Suyu saxlamaq üçün tutumlar
16.5.1. Sudaşıyıcı borularda qəza zədələnmələrini vaxtında aşkar edən və lokallaşdıran qurğular nəzərdə tutulmalıdır.
16.5.2. Su axınının paylanmasına, həmçinin bağlayıcı və bağlayıcı-tənzimləyici armaturun işçi orqanlarına nəzarət məqsədilə sudaşıyıcı borularda və şəbəkə xətlərində təzyiqi sistematik olaraq vaxtaşırı ölçmək üçün borulara (yaxud fasonlu hissələr və armatur gövdələrinə) diametri 10-15 mm olan tıxaclı kranla bağlanan qol borular birləşdirilməlidir. Bu qol borulardan sürəti (sərfi) ölçmək üçün qurğuların boruya daxil edilməsi məqsədilə istifadə edildikdə onların diametri 50 mm qəbul edilməlidir.
16.5.3. Sudaşıyıcı borular və supaylaşdırıcı şəbəkədə təyinatından, idarəetmə sxemindən və qurğuların tərkibindən, suyun verilmə və paylanma sistemindən asılı olaraq suyun paylanmasının tənzimlənməsi əsas qidalandırıcı və yerli nasos stansiyalarının iş rejimlərini dəyişməklə, həmçinin bağlayıcı-tənzimləyici armaturun işçi orqanlarının vəziyyətini əl ilə, məsafədən, və ya avtomatik olaraq təzyiq və sərfölçən cihazların göstəriciləri əsasında dəyişməklə yerinə yetirilməlidir.
16.5.4. Sistemin işinin, tənzimlənməsi, mikroprosessorlardan istifadə və məsafədən idarəedilmədə yerinə yetirilən bu və ya digər əməliyyatların avtomatlaşdırılmasının məqsədəuyğunluğu alınacaq səmərə və bunun üçün məsarif sərfinin müqayisəsi ilə təyin edilməlidir.
16.5.5. Su kəməri şəbəkələri xətlərində nəzarət edilən nöqtələrdə təzyiqi və ehtiyac olduqda su sərfini ölçmək və verilmiş parametrləri xəbər vermək üçün cihazlar quraşdırılmalıdır.
16.5.6. Su sərfini tənzimləmək lazım gələn hallarda şəbəkədə məsafədən, yaxud idarəetmə məntəqəsindən telemexaniki idarə olunan dönən bağlayıcıların qoyulması nəzərdə tutulmalıdır.
16.5.7. Bütün təyinatlardan olan rezervuarlar və çənlərdə avtomatika sistemlərində istifadə etmək, yaxud xəbərlərin nasos stansiyası, yaxud idarəetmə məntəqəsinə verilməsi üçün su səviyyəsinin (toxunulmaz yanğın həcminin səviyyəsi, qəza həcminin səviyyəsi, nasosların qəzasız işləməsini təmin edən minimal səviyyə) ölçülməsi və ona nəzarət nəzərdə tutulmalıdır.
16.5.8. Çənlərə və rezervuarlara su gətirən və onlardan su aparan hər bir boru üzərində sərfölçən cihaz qoyulmalıdır.
16.6. Dövri su təchizatı sistemləri
16.6.1. Dövri su təchizatı sistemlərində 16.3.1 maddəsinin tələblərindən başqa aşağıda göstərilənlərə nəzarət olmalıdır:
qidalandırıcı suyun sərfi;
isinmiş və soyudulmuş su kameralarında suyun səviyyəsi;
isinmiş və soyudulmuş suyun temperaturu;
soyudulmuş suyun aktiv reaksiyası (pH);
soyudulmuş suda qalıq xlorun miqdarı;
isinmiş suda duzun qatılığı.
16.6.2. Dövri su təchizatı sistemlərinin nasos stansiyalarının idarə olunması 16.3.2-16.3.8 maddələrinin göstərişlərinə əsasən qəbul edilməlidir.
16.6.3. İsinmiş su nasoslarının işə salınması və dayandırılması qəbul kamerasındakı su səviyyəsinə görə avtomatlaşdırılmalıdır.
16.6.4. Qidalandırıcı suyun dövri sistemə verilməsinin avtomatik tənzimlənməsi soyudulmuş su kamerasında suyun səviyyəsinə görə qəbul edilməlidir.
16.6.5. Bölməli qradirniyalarda soyudulmuş suyun temperaturundan asılı olaraq işləyən ventilyatorların sayının dəyişdirilməsi nəzərdə tutulmalıdır: avtomatlaşdırılmış nasos stansiyalarında - avtomatlaşdırma vasitələri ilə, qalan nasos stansiyalarında - idarəetmə məntəqəsindən məsafədən (telemexaniki) idarəetmə ilə.
16.6.6. Suyu karbonat müvazinətini sabitləşdirmək üçün emal etdikdə aşağıda göstərilən məhlulların dozalanma prosesi avtomatlaşdırılmalıdır:
fosfatlar - qidalandırıcı suyun sərfinə görə;
turşular -pH-ın verilən qiymətinə görə;
xlor və mis kuporosu - verilmiş proqrama görə.
16.7. İdarəetmə sistemləri
16.7.1. İstehlakçıları lazımi miqdarda və tələb olunan keyfiyyətdə su ilə təmin etmək üçün, bir qayda olaraq, su kəməri qurğularının mərkəzləşdirilmiş idarə edilməsi nəzərdə tutulmalıdır.
16.7.2. Texnoloji proseslərin idarə olunmasının aşağıdakı sistemləri qəbul edilməlidir:
dispetçerli - nəzarət, ötürmə, dəyişmə və məlumatı əks etdirmə vasitələri ilə su kəməri qurğularının verilmiş iş rejimlərini saxlayan və onlara nəzarəti təmin edən;
avtomatlaşdırılmış (TP AİO-texnoloji proseslərin avtomatik idarə olunması) - qurğuların istismarının iqtisadi amillərinin qiymətləndirilməsi, iş keyfiyyətini və optimal rejimlərini hesablamaq üçün hesablama texnikası vasitələrinə malik idarəetmənin dispetçer sistemi.
TP AİO öz xərcini ödədiyi hallarda tətbiq edilə bilər.
Do'stlaringiz bilan baham: |