Əməliyyat texnikası: Xəstə spinal keyləşdirmə və ya endotraxeal narkoz altında ortopedik masaya uzadılaraq sınıq olan tərəfdən aşağı ətrafa traksiya verilərək kobud yerdəyişmələr aradan qaldırılır. Sağlam aşağı ətraf ortopedik masada bağlanılaraq ya tam aralanır və ya tam aşağıya endirilir ki, Scopy zamanı mane olmasın (şək.1.).
Şəkil 1. Xəstənin ortopedik masada uzadılması.
Əməliyyat olunan aşağı ətraf bir nçə dəfə betadin, yosept və ya hər hansı antiseptik məhlullarla işlənilir. Bud sümüyünün böyük burmasının zirvəsindən proksimala doğru dəri və dərialtı təbəqə 5-7 sm uzunluğunda kəsilir, fassiya kəsildikdən sonra əzələlər küt ayrılır və böyük burmanın iç səthində fossa priformis əllənir (şək.2.).
Şəkil 2.Bud sümüyünün sümük iliyi kanalına giriş nöqtəsi.
Həmin nahiyədən bud sümüyünün sümük iliyi kanalı istiqamətində bir mil keçirilir və Scopy ilə onun istiqamətinə nəzarət edilir (şək. 3.).
Şəkil 3. Bud sümüyünün armudvari çuxurundan milin keçirilməsi.
Əgər mil doğru keçirilmişsə onun üzəri ilə bud sümüyünün sümük iliyi kanalı açılır (şək. 4.).
Şəkil 4. Bud sümüyünün sümük iliyi kanalının açılması.
Proksimal fraqmentin sümük iliyi kanalı kiçik ölçülü buravlardan başlayaraq tədricən genişləndirilir. Sümük iliyi kanalı genişləndirilərkən kobud güc tətbiq edilməlidir. Xüsusən proksimal farqmentin sümük iliyi kanalının anatomik daralma zonasının genişləndirilməsi kifayət edir. Proksimal fraqmentin sümük iliyi kanalı genişləndirildikdən sonra kanala istiqamətləndirici tel yeridilir, distal fraqment repozitsiya edilir və həmin tel bud sümüyünün distal metafizinə qədər çatdırılır. Telin düzgün yeridilməsinə və fraqmentlərin repozitsiyasına scopy ilə iki proeksiyada nəzarət edilir. Tel düzgün yeridilmişdirsə o zaman distal farqmentin sümük iliyi kanalı telin üzəri ilə yeridilmiş elastik buravlar vasitəsilə proksimal fraqmentin sümük iliyi kanalının diametri qədər genişləndirilir. Sümük iliyi kanalı genişləndirildikdən sonra bud sümüyünün uzunluğu ikincili tel ilə ölçülür. İkinci tellə birinci tel arasındakı fərq bud sümüyünün uzunluğudur. Təyin olunmuş uzunluqda və kanalın son buravının diametrindən 1-2 mm kiçik diametrli çivi seçilir. Seçilmiş çivi istiqamətləndirici qurğuya bərkidilərək sümük iliyi kanalına yeridilmiş telin üzərində sümük iliyi kanalına yeridilir. Qurğunun çəkici vasitəsilə çivi yüngül zərbələrlə kanala vurulur. Çivi kanalın diametrinə uyğun seçilmişsə yüngül zərbələrlə asanlıqla sümük iliyi kanalına yeridilir. Çivinin proksimal və distal uclarının səviyyəsinə, fraqmentlərin repozitsiyasına scopy ilə nəzarət edilir. Çivinin proksimal ucu böyük burmadan yuxarıda qalmalıdır. Çivi kanala tam yeridildikdən sonra onun distal ucu iki vintlə kilidlənir. Kilidlənmə 2 üsulla edilə bilər: 1. İstiqamətləndirici qurğunun üzərinə quraşdırılan çivinin distal ucu ilə istiqamətləndirici qurğunu bir-birinə uyğunlaşdırıcı qurğu vasitəsilə. 2. “Sərbəst əl” prinsipi ilə - bu zaman istiqamətləndirici qurğu və çivinin distal uclarındakı deşiklər bir müstəviyə gətirilir və kortikallar 4 mm-lik buravla deşilir və çivi kilidlənir.
Çivinin distal ucu kilidləndikdən sonra dartı tam boşaldılır, çivi proksimala doğru çəkici ilə çəkilir və farqmentlərin tam kontaktı təmin edilir. Sonra istiqamətləndirici qurğunun üzərində olan deşiklərdən çivinin proksimal ucları kilidlənir.