Demokratik qüvvələrin XX əsrin 50-ci illərin faşist rejiminə qarşı mübarizəsi. Bu dövrdə Portuqaliyanın sənayeləşməsi gücləndi. Bu ölkənin sosial-siyasi qüvvələr nisbətinin dəyişməsinə səbəb oldu. İstehsalın təmərküşləşməsi və mərkəzləşməsi gücləndi.
1953-1958-ci illərdə altillik plan qəbul edildi. Sənayenin aparıcı sahələrinə kapital qoyuluşu gücləndi. Ümummilli sahə korporasiyaları təşkil edildi. Topdansatış milli ərzaq 41% artdı. Kənd təsərrüfatında durğunluq müşahidə olunurdu. Bu da əhalinin narazılığına səbəb olurdu. Zəhmətkeşlərin vəziyyəti ağır idi. Lissabon, Port, Afurad, Setubalda nümayişlər keçirildi. Mübarizə nəticəsində fəhlə sinfi 1956-cı ildə əmək haqlarının 10-30% artırılmasına nail oldu.
Hakimiyyət müxalifətə qarşı təqib və terroru davam etdirirdi. 1951-ci il prezident seçkilərində faşist rejiminin tərəfdarı Kraveyro Lopes prezident seçildi. Ölkədə «sabitlliyi» saxlamaq bəhanəsi ilə 1954-1955-ci illərdə «Assosiasiyalar haqqında», 1956-cı ildə «Təhlükəsizlik tədbirləri haqqında» verilmiş qanunlar antinhisar qüvvələri parçaladı. Lakin 50-ci illərin ikinci yarısında əhalinin fəallığı hökuməti Tarrafaldakı «ölüm düşərgəsini» bağlamağa məcbur etdi. Bu düşərgə Yaşıl Burun adasında idi.
1958-ci il prezident seçkilərində sol respublikaçılar Umberto Dalqadunu, sol müxalifət isə vəkil Arlindu Visentinin namizədliyini irəli sürdü. Lakin admiral Ameriko Tomson prezident seçildi. Seçkilər vaxtı demokratik qüvvələrin fəaliyyəti Salazarı rejiminin mənafeyi naminə tədbirlər görməyə tələsdirdi. Konstitusiyada dəyişiklik edildi ki, prezidenti xalq yox, elçilərin kolleksiyası seçsin. Orduda senzura qoyuldu. Qəhvəyə tələbatla əlaqədar Anqola xalqının istismarı gücləndi. Anqolada neft və dəmir filizinin çıxarılması artdı, milli-azadlıq mübarizəsi amansızlıqla yatırıldı. Portuqaliya hökuməti dənizarxası əyalətləri olan Qoa, Damana və Dionun Hindistanla birləşməsinə qarşı çıxdı. Lakin 1954-cü ilin iyulunda Damana Hindistanla birləşdi. 1961-ci ilin dekabrında hind ordusu Portuqaliya müstəmləkəçilərini Qoa, Damana, Diudan qovub çıxartdılar. Bu Portuqaliya müstəmləkə imperiyasının dağılmasının başlanğıcını qoydu.
Bu dövrdə Portuqaliyaya Qərbi Almaniyanın kapitalının axını gücləndi. 1959-cu ildə onların arasında dostluq haqqında müqavilə bağlandı. 1955-ci ildə Portuqaliya BMT-yə daxil oldu. 1960-cı ildə ölkə Avropa Azad ticarət Assosiasiyasına daxil oldu.
Faşist diktaturası böhranının dərinləşməsi. 60-cı illərdə faşist rejiminin böhranı dərinləşdi. Bunun bir səbəbi də dünyada demokratik qüvvələrin təsirinin artması idi. Portuqaliya müstəmləkə sistemi dağılmağa, antifaşist hərəkat yüksəlməyə başladı.
Portuqaliyanın iqitsdi inkişafı bu dövrdə nisbətən yüksələn xətlə gedirdi. Hər il orta hesabla milli ərzaq məhsulları 6,2%, əmək məhsuldarlığı 7,2% artdı. İqtisadiyyatın strukturunda dəyişiklik yarandı. Neft-kimya, poladəritmə, elektrik və radio-texnika, avtomobil sənayesi xeyli inkişaf etdi. Xarici kapitalın nüfuzu gücləndi. 1965-ci il qanunu ilə ona böyük üstünlüklər verildi. Turizm və hərbi istehsalla bağlı sahələrə xüsusi diqqət yetilirməyə başladı. Lakin bununla belə ölkədə yenə də çoxlu xırda müəssisələr var idi.
Faşist rejimindən ölkə əhalisinin narazılığı bu dövrdə daha da artdı. 1961-ci ilin yanvarında başda müxalifət xadimi E.Qalva olmaqla antifaşist qrup «Santa Marion» laynerini tutdu ki, bu da dünyada böyük əks-səda verdi. 1961-ci ilin yanvarında keçmiş prezident marşal Kraveyro ilə müdafiə naziri general Batelya Monqol dövlət çevrilişinə cəhd etdilər. 1961-ci ilin yanvarında ölkədə böyük siyasi nümayiş keçirildi. 1962-1963-cü ildə də belə nümayişlər keçirildi.
Bu dövrdə Portuqaliya müstəmləkələrində də milli-azadlıq hərəkatı gücləndi. 1961-cı ilin fevralında Anqolada milli zülmə qarşı silahlı mübarizə başlandı. 1963-cü ildə Qvineyada, 1964-cü ildə Mazambikdə də azadlıq mübarizəsi gücləndi.
Alvaro Kunyal 1961-ci ilin martında Portuqaliya Kommunist partiyasının baş katibi seçildi. 1962-ci ildə Milli-azadlıq vətənpərvərlik cəbhəsi təşkil edildi. 1964-cü ildə onun çərçivəsində İnqilabi Hərbi Komitə təşkil edildi. Bu antifaşist qüvvələrin təşkilində mühüm addım idi. Salazarçılar kütləvi həbsləri davam etdirirdilər. 1963-cü ildə Tarrafalda «ölüm düşərgəsi»ni təkrar açdılar. Bütün ictimai təşkilatların, o cümlədən Yazıçılar ittifaqının fəaliyyəti qadağan edildi. Demaqoq şüarlardan istifadə etdilər ki, güya müstəmləkələrdə Vətənin mənayefi naminə müharibə aparırlar. Portuqaliya Birləşmiş Ştatları yaratmaq təşəbbüsü də uğursuz oldu.
Antifaşist, demokratik inqilab. Faşist rejiminə qarşı mübarizəni gücləndirən o oldu ki, 1968-ci ilin sentyabrın 26-da baş nazir yerini demokratiya tərəfdarı olan Maron Kaztanu tutdu. O, Lissabon universitetinin rektoru olmuş, dəfələrlə nazir vəzifələrində çalışmışdı. «Liberal» mövqedə idi. O, elan etdi ki, siyasi rejim dünya kapitalist dövlətlərinin rejiminin reallığı ilə uyğunlaşdırılmalıdır. O, «Milli ititfaq» faşist partiyasını «Milli xalq hərəkatı» adlandırdı. Gizli polis olan PİDE- Təhlükəsizlik baş idarəsi adlandırıldı. Mətbuatda senzura zəiflədi, müxalifət öz fəaliyyəti üçün geniş imkanlar aldı. İnhisar təsərrüfatını modernizə etmək, Qərbi Avropa inteqarsiya prosesinə qoşulmaq xətti götürüldü. Kaloniyalarla müharibəni qurtarmaq yolları tapmaq, müstəmləkələri saxlamaq cəhdi uğursuz oldu. 60-cı illərin sonunda ölkənin dövlət büdcəsinin 40%-i hərbi xərclərə gedirdi. Afrikada Portuqaliya qoşunlarının sayı 150 min idi. 1971-ci ilin iyulunda Portuqaliya hökuməti dənizarxası əyalətlərinə siyasi müxtariyyət və dövlət titulu verməyə məcbur oldu. Lakin bu heç nəyi dəyişmədi.
70-ci illərin əvvəllərində Portuqaliyada vəziyyət gərginləşdi. Ölkədə tətil və həmkarlar hərəkatı gücləndi. 1970-ci ildə həmkarlar ititfaqının «intersindikal» təşkilatı yaradıldı. 500 mindən yuxarı həmkarlar ititfaqı üzvü 1974-cü ildə hakimiyyətin nəzarətindən çıxdı. Əsgərlər və zabitlər də rejimdən narazı idilər. «Kapitanlar hərəkatı», sonra isə «Silahlı Qüvvələr hərəkatı» meydana gəldi.
Kommunistlərin təşəbbüsü ilə demokratik seçki komissiyası meydana çıxdı. Sonra onun əsasında Portuqaliya demokratik hərəkatı yarandı. 1974-cü ilin aprelində antifaşist qüvvələr Aveyro şəhərində Portuqaliya demokratik müxalifətinin 2000 nümayəndəsinin iştirak etdiyi konqres keçirdilər. Ölkədə inqilabi şərait yaranmış oldu.
1974-cü ilin aprelin 25-də ölkədə antifaşist, demokratik inqilab baş verdi. İnqilab hərbi qüvvələr hərəkatının üsyanı ilə başladı. İnqilab dinc formada davam edirdi. Ona görə də o tarixə «Qərənfillər inqilabı» adı ilə daxil oldu. Bu inqilab zamanı üsyançılar və şəhərlilər öz silahlarını və paltarlarını qırmızı qərənfillərlə bəzəmişdilər. Faşist rejimi devrildi, müvəqqəti hakimiyyət orqanı olan – Milli qurtuluş şurası və müvəqqəti inqilabi hökumət təşkil edildi. Onun tərkibinə hərbiçilər, kommunistlər, sosialistlər, digər cərəyanların nümayəndələri daxil oldular. Faşist aparatı təcili surətdə ləğv edildi. Təşkilatlar leqal fəaliyyət göstərməyə başladılar. Zəhmətkeşlərin vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görülməyə başladı.
Xarici siyasətdə ən mühüm addımlardan biri 1974-cü ilin iyunun 9-da SSRİ ilə demokratik əlaqələr yaradılması idi. 1974-cü ilin sentyabrın 28-də Lisabondakı əksinqilab çevrilişə qarşı demokratik qüvvələrin yürüşü təşkil edildi. General Spinolun yerinə ölkənin yeni prezidenti general Fransisko de Koşta Qomeş seçildi. Sağ ünsürlər aparatdan uzaqlaşdırıldı. Baş nazir general Vaska Qonsalviş oldu.
Qvineya, Yaşıl Burun, Mazambik, Anqola, San-Toma və Prinsip adalarına müstəqillik verildi.
1975-ci ilin martın 11-də general Siqnola və onun tərəfdarlara hərbi qiyama cəhd göstərdilər. Bu hadisədən sonra Milli Qurtuluş şurası öz fəaliyyətini dayandırdı, yeni orqanlar, o cümlədən, İnqilabi Şura yaradıldı. 1975-ci ilin aprelin 11-də siyasi partiyalarla Silahlı Qüvvələr hərəkatı birgə hərəkat platformasını işləyib hazırladılar. Dərin siyasi və sosial iqitsadi dəyişikliklər nəzərdə tutulurdu.
Hökumət bir neçə müəssisənin milliləşməsi haqqında dekret verdi. Dəmiryolu, gəmiçilik kompaniyası, aviokompaniya, elektroenerji, polad, neft və neft məhsullarının satılması, iri bank və sığorta kompaniyaları milliləşdirildi. İri inhisarlar ləğv edildi. İslahat 1200 min ha torpağı olan latifundiyaçılara da toxundu. Cənubda aqrar islahat nəticəsində latifundiyaçıların müsadirə edilmiş torpaqlarıi dövlət mülkiyyətinə çevrildi. 400 kooperativ yaradıldı. Xırda kəndli torpaq sahibliyinin üstünlük təşkil etdiyi şimalda islahat keçirilmədi.
Müəssisələrdə fəhlə nəzarəti haqqında qanunvericilik təsdiq edildi. «İntersindikal» yeganə həmkarlar təşkilatı oldu.
1975-ci ilin aprelin 25-də Milli Məclisə seçiklər keçirildi. Əhalinin 80%-i HQH-na səs verdi. Lakin daxili və beynəlxalq irtica buna mane olurdu. 1975-ci ilin sentyabrın əvvəllərində Qonsalviş hökuməti istefaya getdi, onun yerini Pinufudu Azivedunun müvəqqəti hökuməti tutdu. HQH-da parçalanma başladı. İnqilabi şuradan demokratik əhval-ruhiyyəli zabitlər, o cümlədən Vaska Qonsalviş kənar edildi. 1975-ci ilin sentyabrın 24-də 230 min adam tətil etdi. 1976-cı ilin noyabrında bütün ölkədə kütləvi nümayiş keçirilirdi. Bu inqilabın nailiyyətlərini qorudu. 1976-cı ilin aprelin 2-də Müəssisələr Məcilsi Konstitusiyanı təsdiq etdi. Qanunverici orqan dörd il müddətinə seçilən parlament idi. Konstitusiyaya görə ali qanunverici orqan respublika Assambleyası idi. 18 yaşdan yuxarı hamıya seçki hüququ verildi. Respublika prezidenti eyni zamanda İnqilabi Şuranın sədri və ali baş komandan idi. O, baş naziri təyin edirdi.
1976-cı ilin aprelin 25-də respublika assambleyasına keçirilən seçkilərdə sosialist, kommunist partiyaları əksəriyyət yer aldı. 1976-cı ilin iyulunda general R.Eaneş prezident seçildi.
Sağ dairələr mübarizəni davam etdirirdi. Sosialist partiyasının başçısı Soareşin başçılığı altında sağa dönüş oldu. 1976-cı ildə Soareş azlıq hökuməti təşkil etdi və kommunistləri hökumətin tərkibindən çıxartdı. 1977-ci ilin dekabrın 8-də Soareş və onun kabineti istefaya getdi.
Ölkədə kəskin siyasi mübarizə başlandı. Sol partiyalar Demokratik alyans təşkil etdilər. Kommunistlər Portuqaliya demokratik hərəkatı əsasında «Xalqın birliyi uğrunda ittifaq» yaratdılar. Sosialist partiyası ayrılıqda çıxış etdi. 1979-cu ilin dekarbın 2-də keçirilən seçkilərdə «Demokratik alyans» 250 yerdən 128-ni tutdu. Sosialistlər 74, kommunistlər və onların müttəfiqləri isə 47 yer aldılar.
Portuqaliya XX əsrin 80-90-cı illərdə
80-ci illərin əvvəllərində iqitsadi artım sürəti zəiflədi. Ancaq 1983-cü ildə iqtisadiyyat bir qədər canlandı.
Kənd təsərrüfatında da vəziyyət kəsiknləşdi. Taxıl, şərab, yağ istehsalı azaldı. Ölkədə 460 min işsiz var idi. İnflyasiya gücləndi. Xarici borclar artıraraq 1983-cü ildə 14,5 milyard dollar oldu. 1983-cü ildə İngiltərə, ABŞ, Yaponiya bankları Portuqaliyaya 300 milyard dollar məbləğində istiqraz verdilər.
Siyasi həyatda da mühafizəkar qüvvələr fəallaşdılar. 1980-ci ilin yanvarında «Demokratik alyans» başda Sa Karney olmaqla hökumət təşkil etdi. Hökumət torpağı və müəssisələri əvvəlki sahiblərinə verməyə başladı. S.Karney hökuməti 62 kənd təsərrüfatı kooperativini qovaraq 250 min ha torpağı əvvəlki sahiblərinə qaytardı. İnqilabi prosesə ciddi ziyan dəydi.
1980-ci ilin oktyabrın 5-də ölkədə yeni parlament seçkiləri keçirildi. Əksər səsi yenə də alyans aldı. Romalyo Eaniş yenə də prezident seçildi.
1980-ci ilin dekabrın 4-də Portuqaliyanın baş naziri Sa Karney aviasiya qəzası nəticəsində həlak oldu. Hökumətə sosial-demokrat partiyasının lideri Pintu Balsamau başçılıq etdi. O, əvvəlkilərin siyasətini davam etdirdi. 1981-ci ilin aprelində Alyans parlamentə Konstitusiyaya yenidən baxmaq haqqında qanun layihəsi təqdim etdi. Orada təklif olunurdu ki, İnqilabi Şura buraxılsın və hakimiyyət hökumətin əlində mərkəzləşsin. Prezidentin hüquqları məhdudlaşdırılsın. Qanun layihəsinin müzakirəsi Portuqaliyanın siyasi həyatının mərkəzində dayandı. 1982-ci ilin avqustunda parlamentdə əksəriyyət bunu bəyəndi. İnqilabi şuranın yerinə Dövlət Şurası və Konstitusiya məhkəməsi təşkil edildi. Bu sağların yeni bir qələbəsi idi.
1982-ci ilin fevral və mayında 1974-cü ildən sonra birinci dəfə Portuqaliyada ümummilli tətil oldu. Alyansın nüfuzu düşdü.
1983-cü ilin aprelin 25-də keçirilən parlament seçkilərində sosialist partiyası birinci yerə çıxaraq 36,3% səs aldı. SD ilə birgə koalisiyalı hökumət təşkil edildi. Sosialist Soareş baş nazir oldu. Bu hökumət öz qarşısına vəzifə qoydu ki, milliləşməni azaltsın, xüsusi kapitalın mövqeyini bərpa etsin. Zəhmətkeşlərin sosial-iqitsadi hüquqlarını məhdudlaşdırsın. Bu kütlələrin narazılığına səbəb oldu. Hökumət ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilmədi. İşsizlik, aşağı həyat səviyyəsi qalırdı. 1985-ci ilin iyununda SDP koalisiyadan çıxdı.
1985-ci ilin iyununda Portuqaliyada hökumət böhranı başladı. 1985-ci ilin oktyabrında təcili parlament seçkiləri keçirildi. Sosial demokratlar nisbətən çox səs aldılar. 1986-cı ilin fevralın 16-da keçirilən prezident seçkilərində Sosialist Partiyasının lideri Mariu Soareş qələbə çaldı.
Hökumətin isə başında S.A.K. Silva dururdu.
Xarici siyasətdə NATO ilə əlaqələr genişləndi. ABŞ-ın Azor adalarında hərbi sahədə iştirakı gücləndi. Portuqaliya 1985-ci ildə AİB-ə daxil oldu.
Portuqaliya öz keçmiş müstəmləkələri ilə əlaqələrin inkiaşfına xüsusi diqqət yetirirdi.
Mazambik, Braziliya ilə iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirilirdi. 80-ci illərdə sosialist ölkələri ilə əlaqələr xeyli inkişaf etdi. ABŞ-ın təsiri altında SSRİ ilə əlaqələr məhdudlaşdırıldı. Portuqaliya Moskva olimpiadasında baykotda iştirak etdi.
1995-ci ildə keçirilən parlament seçkilərində yenə də sosialist partiyası qələbə çaldı. Partiyanın liderlərindən A.Anteresin başçılığı altında hökumət təşkil edildi. 90-cı illərdə Portuqaliya iqitsadiyyatında yenilləşmə prosesi getdi Xarici siyasətdə Portuqaliya yenə də NATO və Aİ çərçivəsində əməkdaşlığa daha çox üstünlük verirdi.
XIII. AVROPA VƏ AMERİKA
ÖLKƏLƏRİNİN ƏSAS İNKİŞAF MEYLLƏRİ
1. İdeologiyaların qarşıdurması və üç dünyanın təşkili
Xarici siyasətin ideologiyalaşdırılması problemi. XX əsrin əvvəllərindən beynəlxalq münasibətlər dövlətlərin daxili işlərinə qarışmamaq və milli suverenlik prinsipləri üzərində quruldu.
Siyasət həmişə ideologiya ilə sıx bağlı olduğuna görə XX əsrdə əmələ gələn köklü dəyişikliklərdən biri insan şüuru uğrunda mübarizənin beynəlxalq siyasətin mühüm tərkib hissələrindən birinə çevrilməsi idi. Bu əsrin birinci onilliklərində sosial-reformizm, faşizm və bolşevizm arasında barışmaz münaqişələr mövcud idi. Alman faşizmi və onun müttəfiqləri üzərində qələbədən sonra dünyada sosial-reformist kapitalizm və inqilabi sosializm qaldı. İkinci dünya müharibəsindən sonra ideoloji qarşıdurma iki blok arasında getməyə başladı ki, bunlardan birinə ABŞ, digərinə isə SSRİ başçılıq edirdi.
«Soyuq müharibə dövründə ideoloji qarşıdurma özü təzyiqgöstərici əhəmiyyət kəsb edirdi. Burada söhbət bu və ya digər dövlətdə sosializmi və ya kapitalizmi məhv etməkdən gedirdi.
Xarici siyasətin ideologiyalaşdırılması qarşılıqlı şübhələnməyə, etibar etməməyə, düşmənçiliyə, əks tərəfə qarşı psixoloci və təbliğat divarı və pərdəsi təşkil etməyə gətirib çıxarırdı. Geosiyasi planda dünya iki qütbə bölünmüşdü.
XX əsrin II yarısında müstəmləkələrin ləğvi prosesinin başa çatması. İkinci dünya müharibəsi Avropanın dünyanın mərkəzi olması fikrinə son qoydu, vahid dünya birliyinin bütün planet miqyasında vacibliyini göstərdi. Müstəmləkə sistemi dağılmağa və onlarla yeni dövlətlər yaranmağa başladı.
XX əsrin 40-cı illərinin əvvəllərində Suriya və Livan müstəqil oldular. 1947-ci ildə İngiltərə Hindistanı dini əlamətlərə görə Hindistan və Pakistana bölərək onlara dominion hüququ verdi. XX əsrin 50-60-cı illərində Əlcəzair, Tunis, Mərakeş fransızlardan, 50-70-ci illərdə Ədən, Küveyt, Bəhreyn ərəb knyazlıqları ingilislərdən müstəqillik aldılar. 1960-cı il tarixə «Afrika ili» kimi daxil oldu. İngiltərə, İtaliya, Fransa və Belçikanın müstəmləkəsi olan 17 dövlət həmin ildə suverenliyə nail oldu. 1973-1975-ci illərdə keçmiş Portuqaliya müstəmləkələri də azadlıq qazandılar. 1989-cu ildə isə Afrikada yeganə müstəmləkə kimi hələ də qalan Namibiya siyasi müstəqillik əldə etdi. 1997-ci ildə Honkonq İngiltərənin, 1999-cu ildə Asiyada Çinin şərqində yerləşən Makao müstəmləkəsi Portuqaliyanın tabeliyindən çıxdı və yenidən Çinə qaytarıldı.
Müstəqillik qazanmış dövlətlər beynəlxalq birliyin tam hüquqlu üzvü oldular.
Şərqin müstəmləkə sistemindən azad olmuş ölkələrini üç qrupa – kapitalist ölkələri, Avropa qitəsində olmayan digər sosialist ölkələri, sosialist istiqamətli ölkələr qrupuna bölmək olardı.
XX əsrin 60-70-ci illərində sosialist istiqamətli ölkələrdə inqilabi-demokratik partiyalar yarandı ki, onlar da ölkədə sosialist xarakterli dərin sosial-iqtisadi islahatlar həyata keçirdilər.
Üç dünyanın təşkili. Beləliklə, XX əsrin ortalarında dünya birliyi iqtisadi inkişaf səviyyəsi, həyat tərzi, dünyagörüşü cəhətdən fərqlənən üç müxtəlif dünyaya bölündü. Bunlardan biri Avropa və Şimali Amerikanın inkişaf etmiş kapitalist ölkələri, Yaponiya və Asiyanın bir neçə kapitalist ölkəsi idi ki, onlar iqtisadi inkişafda yüksək nailiyyətlər qazanmışdılar. Bu əsas ölkələr dünyanın «mərkəzi» hesab olunurdular. SSRİ daxil olmaqla sosialist ölkələri ikinci dünyaya aid edilirdi.
Üçüncü qrupa isə Asiya, Afrikanın yenicə müstəqillik qazanmış ölkələri və Latın Amerikası ölkələri daxil idi. Bu ölkələr iqtisadi və sosial sahələrdə inkişaf etmiş ölkələrdən xeyli geridə idilər. Ona görə də bu ölkələrin qarşısında duran birinci dərəcəli vəzifə iqtisadi müstəqilliyə nail olmaq idi. Bunun üçün isə geriliyi aradan qaldırmaq və xalq təsərrüfatını sürətli xəttə keçirmək vacib idi. Çünki iqtisadi müstəqillik ancaq siyasi müstəqilliyi möhkəmləndirə bilərdi. Bu ölkələrə həm inkişaf etmiş kapitalist, həm də SSRİ başda olmaqla sosialist ölkələrinin maliyyə və iqtisadi kömək etmələri onların öz maraqlarından irəli gəlirdi.
İnkişaf etmiş kapitalist ölkələri XX əsrin 70-ci illərinin sonu 80-ci illərin əvvəllərində müasir dünyanın hissəsini, sosialist ölkələri 37 %-ni (16 ölkə, 1,7 milrd əhali), üçüncü dünya ölkələri isə 38 %-ni əhatə edirdi.
2. Siyasi inkişafın xüsusiyyətləri
Sosial-demokratlar demokratik islahatların təşəbbüsçüsüdürlər
İkinci dünya müharibəsindən sonra inkişaf etmiş zonanın sosial-siyasi formalaşması, hər şeydən əvvəl cəmiyyətin həyatının müxtəlif sahələrində dövlətin rolunun daha da artması əlaməti altında gedirdi. Bu isə xeyli dərəcədə onunla müəyyən olunurdu ki, başlıca sosial-siyasi qüvvələr bu və ya digər formada keynsiançılıq və ümumi rifah (firavanlıq) dövləti prinsiplərini qəbul edirdilər.
Qərbi Avropada sosial islahatların başlıca təşəbbüsçüləri sosial-demokratlar oldular. Bu islahatlar içərisində iqtisadiyyatın bir sıra sahələrinin milliləşdirilməsi, sosial proqramların genişləndirilməsi, iş vaxtının qısaldılması və s. göstərmək olar. bu islahatların keçirilməsinə təkan verən əsas amil isə güclü iqtisadi inkişaf idi. Məhz güclü iqtisadi inkişaf firavanlıq dövlətinin yaranması və möhkəmlənməsi üçün şərait yaratdı.
İkinci Dünya müharibəsindən sonra Almaniyada faşizmin, SSRİ-də bolşevizmin təcrübəsindən ibrət dərsi alan sosial demokratlar real siyasətə keçdilər. Onlar marksizmdən uzaqlaşaraq hüququ dövlətin daimi qiymətliliyini tanımalı oldular. 1951-ci ildə təşkil edilən və 42 sosialist və sosialist-demokrat partiyasını birləşdirən Sosialist İnternasionalının qəbul etdiyi Frankfurt bəyannaməsində demokratik sosializmin başlıca dəyərləri öz əksini tapmışdır. Bu bəyannamədə Avstriya Sosialist partiyasının 1958-ci ildə qəbul etdiyi proqramında və Almaniya sosial-demokrat partiyasının 1959-cu il Hodesberq proqramında irəli sürülən başlıca müddəalardan, məsələn, proletariat diktaruası, sinfi mübarizə, xüsusi mülkiyyət, istehsal vasitələrinin ictimailəşdirilməsi və s-dən ibarət müddəalardan imtina edilmişdi. 80-ci illərin sonuna qədər sosial-demokratların bütün milli dəstələri bu yolu qəbul etdilər.
Liberalizm və mühafizəkarlıq. İkinci dünya müharibəsindən sonra bir sıra səbəblər üzündən liberal partiyalar Qərbi Avropada arxa plana keçsə də ABŞ-da demokratlar partiyası sosial islahatların başlıca aparıcısı rolunu qoruyub saxladı.
Mühafizəkar sosial-siyasi qüvvələrin böyük bir hissəsi sosial islahatların zəruriliyini dərk etdilər. ABŞ-da ikinci dünya müharibəsindən sonra mühafizəkarlar hakimiyyətdə olduqları bütün dövrlərdə müəyyən dəyişikliklərlə sosial yardımı və dövlətin müdaxiləsi proqramını qoruyub saxladılar və bəzən onu inkişaf etdirdilər.
40-cı illərin sonundan 60-cı illərədək Qərbdə barışdırıcı mühafizəkarlar, liberallar və sosial-demokratlar arasında dövlət müdaxiləsinin prinsipləri mələsində özünəməxsus razılıq (konsensus) yarandı. Bütünlükdə bu dövrdə sosial islahatçılıq, keynsianizm prinsipləri dövlət müdaxiləsində ən yüksək xəyali nöqtəsinə çatdı.
Firavanlıq dövləti: mənbələri və əsas institutların təşkili. Qərb ölkələrinin müharibədən sonrakı iqtisadiyyatının əlamətdar xüsusiyyətlərindən biri onun 50-60-cı illərdə coşğun inkişafı idi. Bu illərdə iqtisadiyyatın inkişafının illik orta artımı 1870-1950-ci illərə nisbətən Almaniya və İtaliyada 4 dəfə, Yaponiya və Fransada 2 dəfədən çox, Böyük Britaniyada, demək olar ki, ikiqat yüksəlmişdi. «Marşall planı», beynəlxalq ticarətin inkişafı, dünya ticarətini liberallaşdırmaq xəttinin götürülməsi Qərb ölkələrinin belə dinamik inkişafına təkan verən aimllərdən idi. Qərbi Avropada inteqrasiya başlandı. Nəticədə ixrac görünməmiş dərəcədə artdı. Məsələn, AFR-də 1948-1960-cı illərdə ixracın illik artımı 16,2 % olmuşdu. Beləliklə, xarici siyasət iqtisadiyyatın inkişafı stimulu oldu. İqtisadi inkişaf illəri ucuz neft erası ilə eyni vaxta düşdü. Müharibədən sonra İran körfəzində dünyanın ən iri neft ehtiyatlarının intensiv istismarı başladı. Onun aşağı maya dəyəri, yüksək keyfiyyəti və hasilatın külli həcmi enerji təchizatı sahəsində yüngül situasiya yaratdı. Neft kömürü sıxışdırmağa, istehsal xərclərini azaldıb istehsalı daha çox stimullaşdırmağa başladı. Hər cür iqtisadi inkişafın mühüm şərti investisiyalar, kapital yatırımıdır. Onların inkişaf sürəti bu dövrdə ən böyük əhəmiyyət kəsb etdi. Onların səviyyəsi 50-60-cı illərdə sənaye inkişafının öz xarakteri ilə də müəyyən olunurdu. Müharibə dövrünün bir çox elmi və texniki ixtiralarının tətbiqi əsasında sənayenin keyfiyyətcə yenidən qurulması, televizorlar, tranzistor qəbuledicilərinin, yeni rabitə vasitələrinin, plastik kütlələrin və süni liflərin kütləvi hazırlanması başladı, reaktiv aviasiya və atom energetikası meydana çıxdı. «Soyuq müharibə» hərbi sənayenin inkişafını stimullaşdırdı. İqtisadi inkişafı təmin etmək Qərb ölkələrinin siyasəti idi, onlar investisiyaları şirnikləndirərək, istehlak tələbatını stimullaşdıraraq ona fəal kömək edirdilər. Elm və texnikanın inkişafı İkinci dünya müharibəsindən sonra kənd təsərrüfatının da sürətli inkişafına səbəb oldu. Bu fenomen «Yaşıl inqilab» adını aldı. Seleksiya və heyvandarlıq inkişaf etdi.
Qarışıq iqtisadiyyat adlanan iqtisadiyyat qəti olaraq yaranmış oldu. Burada mülkiyyətin xüsusi kollektiv və dövlət formaları üzvi surətdə birləşirdi. İqtisadiyyatın bütöv sahələrinin, məsələn, daş kömür və dəmir yol nəqliyyatı və digər ayrı-ayrı iri müəssisələrin milliləşdirilməsi hakimiyyətdə sosial islahatçıların və sosial demokratların olduğu şəraitdə iri dövlət bölməsinin yaranması ilə nəticələndi. Avropanın qabaqcıl ölkələrində o sənayenin 20-25 %-ni təşkil etdi.
İqtisadi sahədəki müvəffəqiyyətlər firavanlıq dövlətinin mexanizminin və əsas institutlarının qəti olaraq formalaşması üçün şərait yaratdı. Bu sahədə mərkəzi yeri əhalinin varlı olmayan təbəqələrinə sosial yardım proqramı, iş yerlərinin təşkili, təhsil, səhiyyə və sosial təminat sisteminin müdafiəsi tuturdu.
Əmək və kapital arasındakı münasibətlərə dövlətin müdaxiləsi başlıca əhəmiyyət kəsb edirdi. Dövlət orqanları mübahisəli məsələlərdə arbitraj rolunu oynayır, həmkarlar ittifaqları ilə sahibkarlar arasında kollektiv müqavilələr bağlanmasına nail olmağı öz vəzifələri hesab edirdilər.
Dövlət həmçinin bütün vətəndaşlarının sosial ehtiyaclarını təmin etməyi öz öhdəsinə götürürdü. Dövlətin siyasəti əhalinin geniş təbəqələrinin həyat səviyyəsini təminatlı təbəqələrin həyat səviyyəsinə yaxınlaşdırmağa yönəldilmişdi. Burada əsas məqsəd həyatın bütün mühüm sahələrinə sosial xidmət təqdim etməklə sosial ədalətsizliyi azaltmaq idi. Bunlar uşaqlara qayğı göstərmək, pulsuz məktəb təhsili, qocalığa görə təqaüd təminatı, işsizliyə və əmək qabiliyyətini itirməyə görə müavinətdən ibarət idi. Bunun ən gözəl ifadəsini Danimarka, Norveç, İsveçdə öz reallığını tapan «Skandinaviya və ya İsveç sosializm modeli»ndə görmək olardı. Bu modelin əsas əlamətləri yüksək səmərəli iqtisadiyyatın təşkil edilməsi, bütün əmək qabiliyyətli əhalinin işlə təmin edilməsi, yoxsulluğun ləğvi, dünyada ən inkişaf etmiş sosial təminat sisteminin təşkili; savadlılıq və mədəniyyətin yüksək səviyyəsi idi. Bu modeli bəzən «funksional sosializm» də adlandırırlar. Bu ondan irəli gəlirdi ki, belə demokratik dövlətlərdə milli gəlirin yenidən bölgüsü ən çox sosial ədaləti təmin etmək məqsədi daşıyan funksiyanı həyata keçirir.
Do'stlaringiz bilan baham: |