Pedaqoji proses tam və mürəkkəb sistemdir. O həm də çoxlu altsistemlərdən ibarətdir: təlim prosesi, təhsil-tərbiyə prosesi, formalaşma prosesi, inkişaf prosesi, müəllimlərlə şagirdlərin əməkdaşlığı prosesi, pedaqoji prosesin baş verdiyi şəraitlər sistemi, pedaqoji prosesin həyata keçirilməsinin forma və metodları sistemi və s. Bütövlükdə təhsil sistemi, o cümlədən, məktəb, sinif, tədris məşğələləri hər biri ayrı-ayrılıqda pedaqoji prosesin altsistemləri kimi çıxış edir. Bu altsistemlərdən hər biri müəyyən şəraitdə (təbii-coğrafi, ictimai, istehsalat, mədəni) fəaliyyət göstərir. Hər bir sistemin həm də spesifik şəraiti (məktəbin maddi-texniki bazası, sanitar-gigiyenik vəziyyəti, əxlaqi-psixoloji mühit, estetik tərtibatı və s.) vardır.
Pedaqoji prosesin tamlığı müxtəlif cəhətdən təmin olunur. Birinci növbədə, şəxsiyyətin bütövlüyü ilə, təlimdə, tərbiyə və təhsildə məqsəd və məzmunun vəhdəti ilə, hərəkətverici qüvvələrə və qanunauyğunluqlara malik olması ilə tamlıq həyata keçir. Real həyatda insan şəxsiyyəti hissə-hissə formalaşmır, onun əqli keyfiyyətləri əxlaqi keyfiyyətlərindən ayrılıqda inkişaf etmir. Şəxsiyyəti səciyyələndirən mənəvi keyfiyyətlər qarşılıqlı surətdə bir-birinə təsir göstərir, biri digərinin formalaşmasını şərtləndirir. Burada pedaqoji prosesin təşkilindən, onun necəliyindən, uşaq fəaliyyətinin müxtəlifliyi və ya yeknəsəqliyindən çox şey asılıdır. Uşaq eyni zamanda zehni, fiziki əməyə, bədii yaradıcılığa, idman fəaliyyətinə cəlb edilməklə onun şəxsiyyətinin inkişafında ahəngdarlığı təmin etmək imkanı yaranır. Göstərilən fəaliyyət növlərindən yalnız birinə uşaq aludə olduqda onun mənəvi inkişafı birtərəfli istiqamət alır.
Pedaqoji prosesdə ictimai faydalı fəaliyyətin müxtəlifliyi uşaq şəxsiyyətinin hərtərəfli inkişafı üçün başlıca şərtdir. Buna görə də fəaliyyət növləri pedaqoji prosesdə əlaqələndirilir. Pedaqoji prosesin tamlığı nəinki ideya, əxlaq, estetik, əmək, fiziki, əqli tərbiyənin vəhdəti ilə, həm də bunların hər birinin daxili ahəngdarlığı ilə izah edilir. Məsələn, mənəvi inkişafın ahəngdarlığı biliklərin zənginliyinə, mənəvi kamillik həvəsinə, geniş insani ünsiyyətə əsaslanan zehni inkişafı özündə birləşdirir; əxlaqi inkişaf cəmiyyətdə bərqərar olan etika normalarına istinad edən dərin əxlaqi hisslərin və anlayışların formalaşmasını nəzərdə tutur və s.
Pedaqoji prosesin tamlığı müxtəlif cəhətdən təmin olunur: 1) təhsil, təlim, tərbiyədə məqsəd və məzmunun eyni olması, hərəkətverici qüvvələrə və qanunauyğunluqlara malik olması ilə; 2) təlim, təhsil, tərbiyənin prinsiplərində, metodlarında, təşkili formalarında ümumiliyin olması ilə. Bu ümumilik həmin proseslərin məqsəd və məzmun cəhətdən qovuşmasına, pedaqoji prosesin tamlığına imkan verir.
Do'stlaringiz bilan baham: |