4.“Müxtəlif qabiliyyətlilər” modeli. Belə modeldə bütün fənlərin öyrənilməsi sonadək “qarışıq qabiliyyətlilər” qruplarda aparılır. Bəzi fənlərin (riyaziyyat, xarici dillər, təbiət fənləri) tədris materialı müxtəlif müddətdə öyrədilir. Siniflərdə bütün şagirdlər baza təhsil planları və proqramları əsasında təhsil alırlar. Baza tədris kurslarının öyrənilməsi başa çatdıqda şagirdlərin bilikləri diaqnostik testlərlə yoxlanılır. Baza proqramlarını yaxşı mənimsəyən şagirdlərə əlavə materialları da öyrənməyi təklif edirlər. Baza kurslarını mənimsəyə bilməyənlərə, kurs materialını təkrar etmək, bir qədər korrektə edilmiş material və tapşırıqların öyrənilməsi təklif olunur. Qısa müddətdə təkraretmə qurtardıqdan sonra şagirdlərin hamısı birlikdə yeni bölmənin materialını öyrənirlər. Burada əlavə tapşırıq alan və kurs materiallarını təkrar edən şagirdlər qruplara ayrılmır, eyni sinifdə fəaliyyət göstərirlər.
5.İnteqrativ təlim modeli. Bu modeldə fərdiləşdirməyə, fərdin inkişafına və müstəqilliyə xüsusi diqqət yetirilir. Modelin əsas xüsusiyyətləri aşağıdakılardır:
təlim kursları, tədris materialları, kursların məzmunu ənənəvi təlimdə olduğundan fərqlənir;
burada müəllimlər üçün yeni fəaliyyət imkanı yaranır;
onların tədris kursunun məzmununu hər bir şagirdin tələbatına uyğunlaşdırmaq imkanları vardır.
Bu modellə təhsil verilərkən koqnitiv (idraki), normativ və ekspressiv təcrübənin inkişaf etdirilməsinə təqribən eyni dərəcədə diqqət yetirilir, yəni şəxsiyyətin hərtərəfli inkişafına böyük əhəmiyyət verilir. Şagirdlər permanent qruplarda birləşdirilir, belə qruplarda müəllimlərin fəaliyyət imkanları – şagirdlərin idarə edilməsi, qruplarla işin təşkili, məsləhətvermə və s. daha da genişlənir.
İnteqrativ təlim modelinin aparıcı xüsusiyyətləri aşağıdakılardır:
şagirdlər yüksək üstünlüklərə (fərdi inkişaf, cəmiyyətdə öz mövqeyini anlama, müstəqillik) malikdirlər;
alternativ təlim üsullarından və müxtəlif tədris situasiyalarından istifadə şagirdlərin fərdi inkişafı üçün əlverişli şərait yaradır;
şagirdlərin idarə edilməsi şəxsiyyətə hörmət və sosial dəyərlərə əsaslanır;
seçilmiş təlim üsulları fərdin tələbatları əsasında aparılır;
şagirdlərin fənn sahələrinin (humanitar və texniki) seçməsində tələskənliyə yol verilmir, gözləmə müddəti o vaxta qədər davam edir ki, hansı peşənin onları daha çox cəlb etdiyini tam dərk etsinlər;
bu modellə təhsildə hansı pedaqoji məqsədin yerinə yetirilməsi aydın dərk edilir;
Şagirdlərin qruplarda birləşməsi (yığılması) aşağıdakı kriteriyalar əsasında aparılır:
bir-biri ilə dostluq əlaqələrinə görə;
müəllimi “sevməsi” və ya “sevməməsinə” görə;
marağına və motivasiyasına görə;
didaktik düşüncələrə görə.
Do'stlaringiz bilan baham: |