Müstəqillik illərində dərslik hazırlığı sahəsindəki fəaliyyəti şərti olaraq üç mərhələyə ayırmaq olar.
1992-1998-ci illəri əhatə edən I mərhələ daha çox latın qrafikalı əlifbaya keçid, dövrün siyasi ab-havasına uyğun çətinliklər və bundan irəli gələn sistemsizliyin aradan qaldırılması ilə müşayiət olunur. Bu mərhələdə respublikada siyasi-iqtisadi sabitlik formalaşdıqca ümumtəhsil məktəb dərsliklərinin məzmunca yeniləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Lakin ölkənin mövcud iqtisadi-maliyyə vəziyyəti nəzərə alınaraq, müstəqilliyin ilk illərində 1991-1992-ci tədris ilində 37 adda 3.154.000 nüxsə, 1992-1993-cü tədris ilində isə 43 adda 4.020.000 nüsxə dərslik çap edilmişdi ki, bunların da əksəriyyəti Sovet dövründə hazırlanmışdı. Bununla belə, həmin illərdə hazırlanmış tarix və ədəbiyyat dərsliklərində sovet dövründəkilərdən fərqli olaraq milli və ümumbəşəri dəyərlərə üstünlük verilir, köhnə siyasi ideologiyadan imtina edilirdi. Çünki sovet dövründə yazılan tarix dərsliklərindən Azərbaycan və ümumtürk tarixi, eləcə də ədəbiyyatı obyektiv işıqlandırılmır, türk-islam mədəniyyəti ilə bağlı verilən məlumatlar tarixi reallıqları düzgün əks etdirmirdi.
Ümummilli Lider Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıdışı dərslik islahatı sahəsində də yeni mərhələnin əsasını qoymuşdur. Belə ki, ölkədə dərsliklərlə təminatda yaranmış vəziyyəti nəzərə alan, dərsliyin məktəb üçün strateji əhəmiyyətini dərindən bilən və yüksək qiymətləndirilən ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Nazirlər Kabinetinin 25 avqust 1994-cü il tarixli 318 nömrəli qərarı ilə 1995-1996-cı tədris ilindən etibarən hər il ibtidai sinif dərslikləri dövlət vəsaiti hesabına çap edilib şagirdlərə pulsuz verilməyə başladı. Bu da təhsilə dövlət başçısının qayğısının bir daha bariz nümunəsi idi. 1993-1994-cü tədris ilindən ümumi təhsilin məzmununda aparılan dəyişikliklərə uyğun olaraq, milli dərsliklərin tamamilə yenidən hazırlanması işinə başlanıldı. Belə ki, I-XI siniflər üzrə 63 adda yeni dərslik çap edildi. Bununla paralel olaraq ibtidai siniflər üzrə dərsliklərin yeniləşdirilməsi istiqamətində də müəyyən işlər görüldü. 1994-1995-ci dərs ilində I-XI siniflər üçün 77 adda dərslik çap edilmişdi. Lakin yeni hazırlanan bu dərsliklər əvvəlkilərə nisbətən xeyli təkmilləşdirilsə də, hələ də tələblərə tam cavab vermirdi: uzun illər müştərək yaşanmış sovet təsirindən təmizlənmirdi, müstəqilliyin kövrək illərinin hələ çətinliklə formalaşan və möhkəmlənən ideoloji istiqamətləri az-az görünürdü, poliqrafik keyfiyyət aşağı idi. Buna görə də, əvvəlki illərdə çap olunmuş dərsliklər istifadə edilməklə yanaşı, bu işin keyfiyyətinin yaxşılaşdırılması sahəsində axtarişlar davam etdirilirdi.
Dərslik və dərs vəsaitlərinin hazırlanması işində Ümummilli Lider Heydər Əliyevin söylədiyi belə bir konseptual fikir, əslində bu işlərə müəyyən istiqamət verdi: “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaradılması xüsusi əhəmiyyət kəsb edir... İndi dərs alan uşaqlar, gənclər gərək mütləq bizim yeni dərsliklər əsasında oxusunlar....”. Ulu Öndərimizin bu konseptual göstərişi əsasında yeni milli dərsliklərin yaradılması istiqamətində ciddi addımlar atılmağa başlandı.
Dərslik islahatının I mərhələsində ümumtəhsil məktəblərinin I-IV sinifləri üzrə dərsliklərin 90 faizi, V-XI siniflər üzrə 75 faizdən çoxu məzmunca yeniləşdirilmişdir.
Hökumətin 26 aprel 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları”nın və Azərbaycan Respublikası Prezidentinin 15 iyun 1999-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın icrası ilə başlanan II mərhələ tədris planları və proqramlarının, dərs vəsaitləri və digər tədris – metodik ədəbiyyatların məzmunca yeniləşdirilməsi, müasir standartlara cavab verən yeni nəsil dərsliklərin hazırlanması, nəşri və ümumtəhsil məktəblərinin bu dərsliklərlə dövlət vəsaiti hesabına fasiləsiz təmin edilməsi məqsədilə geniş miqyaslı tədbirlərə başlanılması ilə səciyyələnir.
O zaman dövlət başçısı Heydər Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 180 nömrəli Sərəncamı ilə respublikanın ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün milli təhsilin tələblərinə cavab verən yeni dərsliklərin çap olunması məqsədilə 2000-ci və 2001-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Təhsil Nazirliyinə 2 il müddətinə qaytarılması şərti ilə güzəştli kredit ayrıldı.
Heydər Əliyev hələ 1997-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında görüşü zamanı milli tariximizin yazılması və tədrisi sahəsində qarşıda duran vəzifələrdən danışarkən, “İlk növbədə Azərbaycanın XIX-XX əsrlər tarixi yazılmalıdır” tapşırığını vermişdi. Bunu həyata keçirmək məqsədilə Təhsil Nazirliyində aparıcı tarixçi alimlər və təcrübəli müəllimlərdən ibarət işçi qrupu yaradılmış, milli ideologiya və müstəqil dövlətçilik prinsiplərinə cavab verən, XIX-XX əsrlər tariximizi əhatə edən “Azərbaycan tarixi” (X və XI sinif) dərslikləri hazırlanaraq Azərbaycan və rus dillərində nəşr edildi. 2001-ci ildə VI-IX siniflər üçün “Qədim dünya tarixi”, “Orta əsrlər tarixi” və “Yeni tarix” kimi orijinal dərsliklər hazırlanaraq çap olundu. Bu dərsliklərdə ümumdünya tarixi, xüsusən türk-islam dünyası xalqlarının tarixi və mədəniyyəti müasir tələblər və milli dövlətçilik prinsipləri əsasında işıqlandırılmışdır.
Dərslik islahatının II mərhələsindəki ən mühüm yeniliklərdən biri fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə yeni nəsil milli dərsliklərin hazırlanması və nəşri idi. 2001-ci ildə ümumtəhsil məktəblərinin V sinfi üçün “Riyaziyyat”, VIII-XI sinifləri üçün “Kimya” (təkmilləşdirilmiş) proqramları çap olundu. Həmçinin inkişaf etmiş xarici ölkələrin təcrübəsi öyrənilərək təhlil olundu və müasir tələblərə cavab verən dərsliklərin tərtibi prinsipləri müəyyənləşdirildi. Həmin prinsiplər əsasında V-XI siniflər üçün humanitar fənlər üzrə dərsliklər də yeniləşdirildi. V-XI siniflər üçün “Azərbaycan tarixi” (7 kitabda), VI-IX sinif üçün “Azərbaycan coğrafiyası” ( 2 kitabda), həmçinin IX, X,XI siniflər üçün “Ədəbiyyat müntəxabatı” çap edildi. Bu dərsliklərin əksəriyyəti, o cümlədən “Azərbaycan tarixi” (V-XI siniflər) və “Ümumi tarix” (VI-IX siniflər) dərslikləri rus dilinə tərcümə edildi. 2002-ci ildə ümumtəhsil məktəblərinin I-IV sinif proqramları, V-XI siniflər üçün “Coğrafiya”, VI-XI siniflər üçün “Biologiya”, VII-XI siniflər üçün “Fizika” və “Astronomiya”, VIII-XI siniflər üçün “Kimya” proqramları əsaslı şəkildə təkmilləşdirilərək çap olundu.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il və “Azərbaycan Əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2002-ci il tarixli fərmanları “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinə yenidən baxılması zərurətini doğurdu. Çünki bu dərsliklər 1993-cü ildə tərtib edilmiş və 1999-cu ildə təkmilləşdirilmiş proqramlar əsasında yazılmışdı və təbii ki, bir sıra çatışmazlıq və nöqsanları vardı. İlk növbədə, görkəmli alimlər və qabaqcıl orta məktəb müəllimlərinin iştirakı ilə “Azərbaycan dili” və “Ədəbiyyat” proqramları (2002-ci il) və bunun əsasında yeni dərsliklərin hazırlanmasına başlanıldı. Həmin il yeni “Riyaziyyat” proqramı da hazırlandı.
Dərslik nəşrində inhisarçılığı aradan qaldırmaq və dərsliklərin çap keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli 668 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət standartları haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq ümumtəhsil məktəblərinin Azərbaycan bölməsi üçün 2002-ci ildə 20 adda I-IV sinif dərsliyi açıq tender yolu ilə çap olunub məktəblərə pulsuz paylanılmışdır.
Azərbaycan Respublikasının təhsil siyasətinə uyğun olaraq 2003-cü ildən başlayaraq mərhələlərlə ümumtəhsil məktəblərinin V-XI sinif dərsliklərinin də dövlət vəsaiti hesabına nəşr edilməsinə başlanılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2004-cü il tarixli, 56 saylı Sərəncamı ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə 2004-2005-ci tədris ilində 35 adda dərslik çap edilmiş, respublikanın I-VII sinif şagirdləri və eləcə də I-XI siniflərdə oxuyan qaçqın və məcburi köçkün uşaqları dərsliklərlə pulsuz təmin olunmuşdur. 2005-ci ildə ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün “İnsan və cəmiyyət” proqramı çap olunmuşdur. Həmin il V-XI siniflər üzrə seçmə fənlər də nəzərə alınmaqla proqramlar müvafiq olaraq iki variantda hazırlanmışdır ki, bu da müəllimlərin işini xeyli asanlaşdırmışdı. 2005-2006-cı tədris ilində Dövlət Proqramına uyğun olaraq ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün dövlət vəsaiti hesabına 117 adda dərslik çap olunmuşdur.
Beləliklə, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na müvafiq olaraq 2005-2006-cı tədris ilində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı uğurla başa çatdırılmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra postsovet məkanında orta məktəb şagirdlərinin dərsliklərlə pulsuz təminatını reallaşdıran yeganə ölkə olmuşdur. 2006-2007-ci tədris ili üçün 108 adda I-XI sinif dərsliyi çap edilmişdir.
Ümumtəhsil sistemində dərslik siyasəti Təhsil Nazirliyinin, onun müvafiq strukturlarının, elmi qurumların, özəl təşkilatların və ictimai orqanların vasitəsilə həyata keçirilir. Əsas məqsəd isə məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnən, vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Məhz bu baxımdan şagirdlərin yalnız dərsliklər deyil, digər əlavə vəsaitlərlə təminatı istiqamətində respublikamızda uğurlu addımlar atılmaqdadır.
Ədalət naminə söyləyək ki, Təhsil Nazirliyi bütün bu illər ərzində ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanması işinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görərək irəliləyişlər əldə etsə də, bununla kifayətlənməmiş, eyni zamanda paralel olaraq bu sahədə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsini öyrənmiş, təhlil etmiş, nəticədə düşünülmüş bir siyasət hazırlanmışdır. Əlbəttə, bu siyasətin həyata keçirilməsi üçün kompleks tədbirlərin reallaşdırılması, müəyyən normativ sənədlərin yaradılması vacib idi ki, bu istiqamətdə də zəruri addımlar atılmışdır.
Do'stlaringiz bilan baham: |