8.9.2. Təhsil prosesinin iştirakçıları
Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
- təhsilalanlar – uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, doktorantlar və başqaları;
- təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, tərbiyəçilər, müəllim koməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki , tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial müdafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
- valideynlər və ya digər qanuni nümayəndələr;
- təhsili idarəetmə orqanları və bələdiyyələr;
- təlim-tərbiyə prosesində iştirak edən fiziki və hüquqi şəxslər.
8.9.3. Təhsilalanların hüquq və vəzifələri
Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.
Təhsilalanların hüquqları aşağıdakılardır:
qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq; təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;
dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti seçmək;
ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyütorları sərbəst seçmək;
təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək;
müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;
elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq; fasiləsiz təhsil almaq; sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq; insan ləyaqətini, şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
dövlət orta-peşə ixtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasnda iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;
Do'stlaringiz bilan baham: |