SƏRBƏST İŞ № 3
ALBAN-FEODAL DÖVLƏTİ
Azərbaycanın şimalında Albaniya dövləti yaranmışdır. Azərbaycanın şimalı, gələcək Albaniya ərazisi barədə erkən yazılı qaynaqlarda məlumat yoxdur. Düşünmək olar ki, e. ə. II minilliyin sonu-I minilliyin əvvəlində burada erkən tayfa birləşmələri yaranırdı. Gələcək Albaniyanın qərb və cənub-qərb vilayətlərinin siyasi vəziyyəti barədə Urartu mixi qaynaqları az da olsa təsəvvür yaradırlar. Urartu hökmdarlarının (e. ə. VIII əsr) hərbi yürüşləri Göyçə gölü hövzəsinə çatırdı. Yürüşlərin birində Göyçə gölünün şərqində, qismən müasir Azərbaycanın ərazisində yerləşən bir neçə "ölkə" işğal edilmişdi. Ola bilsin ki, bu vilayətlərdə xırda vilayət başçıları hakim imişlər.
E. ə. VII əsrin əvvəlində kimmer, skit və sakların Azərbaycanda məskunlaşması onların gələcək Albaniya ərazisində xırda dövlət təşkilatlarının formalaşmasına təkan verdi, Əhəmənilərin hakimiyyəti illərində Albaniyadakı etnoslar bu hakimiyyəti nominal da olsa tanıyırdılar, mərkəzə xərac verirdilər, müharibə zamanı Əhəməni ordusunu hərbi dəstələrlə təchiz edirdilər. Qavqamela döyüşündə albanlar, sakasinlər, kaspilər Əhəməni şahı III Daranın tərəfində döyüşürdülər. Güman etmək olar ki, Albaniyada artıq ordu yaradılmışdı və dövlətin vahid mərkəzdə birləşdirilməsinə başlanmışdı. Bəzi mülahizələrə görə, guya albanlar Qavqamela döyüşündə müstəqil yox, muzdlu sifətilə Midiya ordusunun tərkibində çıxış edirdilər. Lakin qaynaqlar göstərir ki, albanlar midiyalılarla birlikdə deyil, şah III Daranın dövrəsində mövqe tutmuşdular. Deməli, albanların döyüşkən keyfiyyətləri və cəsurluğu əhəmənilərə məlum imiş.
Pompey VI Mitridatın ardınca hərəkət edərək, albanların ölkəsinə gəlib çatdı. Tit Livi yazırdı : "Mitridatı izləyən Qney Pompey ən ucqar və naməlum xalqlara-iberlərə və albanlara rast gəldi. Onlar yolu kəsdilər, lakin o, döyüşdə qələbə çaldı". Plutarx isə xəbər verir ki, "albanlar əvvəlcə Pompeyin onların ərazisindən keçməsinə razılıq verdilər. Lakin qış Roma ordusunu yaxalayanda və romalılar Saturnali bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını keçdilər və onlara hücum etdilər."
Bu zaman alban hökmdarı Oroys idi. Ondan əvvəlki alban hökmdarlarının adları məlum deyildir. Düşünmək olar ki, Oroys Qafqaz xalqları ilə həmrəylik naminə romalıların VI Mitridata qarşı hərəkətinə maneçilik törətmək istəmişdi, həm də Albaniyanı romalıların işğal etməsi təhlükəsi yarana bilərdi. Oroysun bayram günü Roma ordusuna hücumu təsadüfi deyildi. O, romalıların tətbiq etdiyi gözlənilməz və qəfil hücum taktikasını onlara qarşı işlədirdi. Lakin Oroysun közlənilməz həmləsi pis təşkil olunmuşdu.
Döyüş başlandı. Oroys Metel və Kelerin dəstəsinə hücumu öz üzərinə götürmüşdü. Lakin Pompey Kelerin köməyinə gəldi. Oroys döyüş təşəbbüsünü əldən verdi və Kelerin zərbələrinə məruz qaldı. Digər alban dəstələri də uğursuzluğa düçar oldular. Döyüşü uduzacağını başa düşən Oroys Kür çayını keçdi və döyüş meydanından uzaqlaşdı. Beləliklə, e. ə. 66-cı ilin dekabr ayında romalılar ilə döyüş albanların uğursuzluğu ilə başa çatdı, Pompeylə müqavilə bağlandı.
Döyüş meşədə başladı. Dəstənin bir hissəsinə hökmdarın qardaşı Kosis başçılıq edirdi. Dion Kassi Pompeyin hərbi taktikası barədə yazırdı ki, o, öncə süvariləri yerləşdirdi, piyadaları isə onların arxasında qalxanla dizi üstə oturdaraq, səssiz-səmirsiz gözləməyi əmr etdi. Pompeyin məqsədi Oroysu tələyə salmaq idi. Pompeyin hiyləsini başa düşməyən albanlar süvarilərə hücum etdilər. Süvarilər qəsdən geriyə çəkilib, yan tərəflərə dağılışdılar.
Bospor padşahlığında tezliklə VI Mitridata qarşı üsyan qalxır. Üsyanın başında onun oğlu Farnak dayanırdı. E.ə. 63-cü ildə Mitridat həlak oldu. Bospor padşahlığı Roma hakimiyyəti altına keçdi.
M.M.Dyakonovun fikrincə, İran (Parfiya) Arşakiləri hakimiyətlərində olan Zaqafqaziya ölkələri barəsində siyasətlərində sabit və eyni olmamışlar. Tabeliklərində olan məmləkətlərin Arşakilər İranının mərkəzi hökumətindən asılılığı ayrı-ayrı vaxtlarda müxtəlif məmləkətlərdə müxtəlif səviyyədə olmuşdur.
E.A.Krımski belə hesab edir ki, alban Arşakiləri "eran şah", yaxud "eran şahin" titulunu daşıyırdılar və "eran şah" ifadəsi "aran şah" sözünün təhrifi ola bilər. Bu isə "Aran hökmdarı", "alban hökmdarı" deməkdir, başqa sözlə, Aranşahilər elə Arşakilərdir.
226-cı ildə İranda parfların (Arşaki sülaləsinin) hakimiyyətinə son qoyuldu. Hakimiyyətə Sasanilər sülaləsi gəldi və Azərbaycan yeni siyasi mərhələyə qədəm qoydu.
Sasanilərin tabeliklərində olan Zaqafqaziya xristian ölkələrinə-Albaniyaya və İberiyaya qarşı yürütdükləri siyasət sabit deyildi və məlum olduğu kimi, tez-tez dəyişirdi. Roma imperiyasında xristanlar təqibə məruz qaldıqları vaxt İran şahları onlara havadar çıxır, onların simasında romalıların arxasında özlərinə müttəfiq tapacaqlarını güman edirlər. Xristianlığın qələbəsi, Şərqi Roma imperiyasında, Albaniyada və İberiyada onun dövlət dininə çevrilməsi ilə əlaqədar olaraq, İranın xristianlara münasibəti də dəyişdi. Sasani şahları mömin xristianları təqib etməyə, İranda və onların öz ölkələrində rəsmi kilsəyə qarşı mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başladılar. Roma imperiyası ilə eyni dinə etiqad edən, İrana siyasi və dini düşmənçilik münasibəti bəsləyən ölkələr şimalda və qərbdə möhkəmləndirilmiş təbii sərhədləri olmayan İran üçün daim təhlükə ola bilərdi.
Do'stlaringiz bilan baham: |