2. Əmtəə və onun xassələri.
Bildiyimiz kimi insanların əməyinin məhsulu olan maddi nemətlər onların bu və ya digər tələbatlarını ödəyir. İnsanların tələbatını ödəyən bu maddi nemətlər bəşəriyyətin inkişafının müəyyən bir mərhələsində əmtəə xarakterini alır. Maddi nemətin əmtəə xarakteri alması üçün aşağıdakı iki şərtin olması vacibdir: birincisi, ictimai əmək bölgüsünün mövcud olması, ikincisi, istehsal vasitələri üzərində mülkiyyətin müxtəlif formalarda olması zəruridir. Mülkiyyət müxtəlifliyi istehsalçıları bir-birindən təcrid edir, ayrı salır. Onlar arasında iqtisadi münasibətlər adətən yalnız bazar vasitəsilə, öz məhsullarını mübadilə etmək, satmaq vasitəsilə həyata keçirilir.
Əmtəə dedikdə bazar üçün, mübadilə üçün istehsal olunmuş əmək məhsulları nəzərdə tutulur. Maddi nemət istehsalçının öz tələbatı üçün deyil, başqasının tələbatını ödəmək üçün istehsal olunduqda əmtəə olur. Məsələn, dərzi özü üçün, ailə üzvləri üçün tikdiyi köynək əmtəə deyil, əmək məhsulu, maddi nemətdir. Satmaq üçün bazara çıxardığı köynək isə əmtəədir. Satışa çıxarılan köynək təbiətən, məzmunca əmək məhsuludur, təzahür formasına görə isə əmtəədir. Onu da qeyd etmək lazımdır ki, əmtəə istehsalı dairəsi təkcə maddi nemətlər istehsalı dairəsini deyil, qeyri-maddi istehsalı, xidmət dairəsini də əhatə edir. Burada fəaliyyət göstərən insanlar da ictimai faydalı əmək sərf edirlər. Onların əməyi əsasən maddi nemət yaratmasa da dəyərin artmasına səbəb olur. Onların əməyi maddi (dəyər) forması almasa da qiymət formasını alır, qiymətləndirilir.
Əmtəə bir tərəfdən istehlak dəyəri, digər tərəfdən isə mübadilə dəyəri xassəsinə malikdir. Əmtəənin istehlak dəyəri dedikdə onun faydalılığı, insanın bu və ya digər tələbatını ödəmək xassəsi nəzərdə tutulur. İstehlak dəyəri əmtəənin fiziki, kimyəvi xassələrindən, həndəsi ölçüsündən və s. asılıdır. İstehlak dəyəri insanın tələbatını bilavasitə və ya dolayı yolla ödəyir. Ərzaq məhsulları, geyim şeyləri, ev əşyaları və sairə insanların tələbatını bilavasitə ödəyir. İstehsal vasitələri isə insanın tələbatını bilavasitə, dolayı ödəyir, onlardan insanların tələbatını bilavasitə ödəmək üçün lazım olan maddi nemətlərin istehsalında istifadə olunur.
Əmtəənin mübadilə dəyəri xassəsi dedikdə isə müxtəlif istehlak dəyərinin bir-biri ilə mübadilə oluna bilmək qabiliyyəti nəzərdə tutulur. Müxtəlif istehlak dəyərlərinin mübadiləsi müəyyən miqdar nisbətində həyata keçirilir. Məsələn, bir köynək 20 kq almaya mübadilə olunur, (1:20). Bu nisbət zaman və məkandan asılı olaraq dəyişilir. Bir bazarda 1:20 nisbətindədirsə, digərində 1:22 nisbətində ola bilər. Bir bazarda səhər 1:20 nisbətindədirsə axşam üstü 1:22 nisbətində ola bilər.
Əmtəənin bu iki xassəsi istehsalçı və istehlakçı (alıcı, istifadə edən) üçün eyni dərəcədə əhəmiyyətli deyildir. İstehsalçını maraqlandıran əsas xassə mübadilə dəyəridir. Onun üçün fərqi yoxdur istər çörək, istərsə də qumbara istehsal etsin, onu maraqlandıran daha çox gəlir əldə etmək, var-dövlətini artırmaqdır. Lakin o, daha çox gəlir əldə etmək üçün mübadilə dəyərinin amili, daşıyıcısı olan istehlak dəyərinə, onun dəyərə mütabiq (müvafiq) olmasına fikir verməlidir. İstehlakçını isə əksinə birinci növbədə istehlak dəyəri maraqlandırır. Onun üçün eyni zamanda bu istehlak dəyəri müqabilində nə qədər ödəyəcəyi də əhəmiyyətsiz deyildir. Ümumiyyətlə əmtəə bu iki xassənin vəhdətindən ibarətdir. Bu iki xassə arasındakı ziddiyyət əmtəə daxili ziddiyyətdir.
Hələ qədim dövrlərdən başlanmış nəzəriyyəçilər əmtəənin bu iki xassəsini bu və ya digər dərəcədə izah etmişdilər. Onlar həmçinin əmtəənin iki xassəsinin səbəbini də izah etməyə cəhd göstərmişdilər. Bu barədə Karl Marksın söylədiyi fikir daha elmidir. O, sübut edir ki, əmtəənin bu iki xassəsi əmtəəni istehsal edən insan əməyinin ikili xarakterindən asılıdır. Onun fikrincə əmtəəni istehsal edənin əməyi bir tərəfdən konkret, digər tərəfdən isə mücərrəddir.
Əməyin konkretlik xassəsi dedikdə onun müəyyən bir konkret formada sərf olunması nəzərdə tutulur. Məsələn, dəmirçilik, dərzilik, çəkməçilik və s. Müxtəlif konkret əməklər bir-birindən istifadə etdikləri istehsal vasitələri və qarşıya qoyduqları məqsədə görə fərqlənirlər. Dəmirçi çəkic, zindan, dəmir və sairədən istifadə edərək balta, dəhrə istehsal edir. Çörəkçi isə un, su, duz, istilik və sairədən istifadə edərək çörək məmulatı istehsal edir. Əməyin konkretlik xassəsi əmtəənin istehlak dəyərini yaradır. Müxtəlif konkret əməklər bir-birindən keyfiyyətcə fərqlənirlər.
Əməyin mücərrədlik xassəsi dedikdə isə konkret formasından asılı olmayaraq ümumiyyətlə insanın iş qüvvəsinin sərf olunması nəzərdə tutulur. Belə ki, istər dəmirçi, istərsə də çörəkçi müvafiq əmtəələri istehsal edərkən müəyyən miqdarda iş qüvvəsi sərf edir. Bu zaman onlar istehsalla əlaqədar fikirləşir, görür, eşidir, əzələlərini hərəkətə gətirir, müəyyən qədər enerji sərf edir. Müxtəlif peşə sahiblərinin sərf etdikləri mücərrəd əmək bir-birindən kəmiyyətcə fərqlənir. Ağır əmək sahələrində çox, yüngül sahələrdə isə nisbətən az iş qüvvəsi (enerji) sərf olunur. Əməyin mücərrədlik xassəsi isə əmtəənin mübadilə dəyəri xassəsini yaradır. Müxtəlif istehlak dəyərinin bir-birinə mübadilə olunmasına səbəb onların istehsalına sərf olunan mücərrəd əməyin eyni təbiətə malik olmasıdır. Bir köynəyin 20 (22 və s.) kq almaya mübadilə olması o deməkdir ki, köynəyin istehsalına sərf olunan mücərrəd əmək 20 (22) kq almanın istehsalına sərf olunan mücərrəd əməyə bərabərdir.
Mübadilə dəyəri əmtəə istehsalının mühüm kateqoriyası olan dəyərin təzahür formasıdır. Əmtəələr mübadilə olunarkən onların dəyəri mübadilə dəyəri formasında miqdar nisbəti şəklində təzahür olunur.
Do'stlaringiz bilan baham: |