3. Azərbaycanda iqtisadi fikir tarixinin formalaşması
Tarixin ilkin dövrlərindən başlayaraq Azərbaycanda, Şərqdə iri şəhərlər, elm və mədəniyyət mərkəzləri yaranmış və özünün yüksək inkişaf mərhələsini keçirmişdir. Çindən Avropaya uzanan qədim ipək yolu Azərbacanın və bir çox Şərq ölkələrinin iqtisadi, mədəni inkişafında mühüm yer tutmuşdur. Indi bərpa olunmağa başlanılan bi qədim karvan yolu xalqlar arasında iqtisadi, mədəni və mənəvi yaxınlığa və tərəqqiyə də səbəb olmuşdur.
Xalqın ilkin, ibtidai, ictimai-iqtisadi fikir tarixi çox uzaq keçmişlərdən başlayır. Hələ yazılı ədəbiyyat olmayan dövrlərdə keçmiş nəsillərimizin həyat tərzi, iqtisadi fəaliyyət və davranışları haqqındakı bilik və düşüncələri şifahi xalq ədəbiyyatı nümunələri vasitəsilə gəlib bizə çatmışdır. Dastanlarda, bayatılarda, nəğmələrdə və mifologiyalarla yanaşı istehsal, peşələr və əmək alətlərinə dair məlumatlar da əldə edə bilərik. Bu dastan, bayatı və nəğmələrimizdə ən çox rast gəldiyimiz xeyirli, faydalı əməllərin təriflənməsi, əməyə, əməkçiyə, sənətkara, torpağa, suya, bağ-bağçaya doğma münasibətin bəslənməsidir. Çox erkən dövrlərdə heyvandarlıqla, əkinçiliklə məşğul olan türk tayfaları dəmir-metal əşyalardan sənət məmulatları istehsal etməyə başlamışlar. Azərbaycanda dəmir filizi, mis istehsalı və onlardan istifadə olunması qədim tarixə malikdir. Məşhur türkoloq alim Lev Qumilyev “Qədim türklər” əsərində yazır: “Türklər dəmirin sənaye üsulu ilə istehsalını mənimsəyən ilk xalq kimi tarix səhnəsinə çıxmışlar”.
Şifahi xalq ədəbiyyatında tənbəllik, tüfeylilik, başqasının hesabına yaşamaq təqdir olunmur. Əməkdə, işdə, çətin məqamlarda sınaqdan çıxmaq, elin, obanın köməyinə çatmaq, gözəl sənətlərlə fəxr etmək dastan və bayatılarımızın əsas mötivləridir. Bir bayatıda deyilir: “Tənbəldən kömək olmaz, kimsəyə gərək olmaz. İşində çalışginən, zəhmətsiz yemək olmaz”.
Torpaqla bağlılıq, ona xidmət göstərmək, torpağı və çörəyi müqəddəs saymaq bayatı və nəğmələrimizdə yüksək səviyyədə vəsf olunmuşdur.
Azərbaycanda ilkin iqtisadi fikir və təsəvvürlər türk dünyasının böyük abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarında da əks olunmuşdur. Bu dastanda əks etdirilən həyat səhnələri, qəhrəmanlıq hadisələri ilə yanaşı, oğuz qəbilələrinin yaşadığı iqtisadi və sosial həyat şəraiti haqqında da məlumatlar verilir. Dastanın boylarından aydın olur ki, qədim oğuzlar maldarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı, sənətkarlığın müxtəlif növləri ilə də məşğul olmuşlar. Bu sənətlərdən dəmir və poladdan düzəldilmiş alətlər, döyüşdə istifadə edilən qılınc, nizə, xəncər, ox və yay, zirehli paltar və sairələri daha çox yayılmışdır. Bununla yanaşı, xalçaçılıq, keçəçilik, toxuculuq, zərgərlik və şərabçılıq kimi sənət növləri də xüsusi yer tuturdu. Bütün bu sənət və peşə növlərinin inkişafı qədim türk-oğuz tayfalarında əmtəə mübadiləsinə və ticarətə də şərait yaratmışdır.
Çox qədim tarixi köklərə malik olan Azərbaycan xalqının öz milli adət-ənənələri, mədəniyyəti, dili, sosial və iqtisadi həyat tərzi olmuşdur. Bu milli həyat tərzi, milli mədəniyyət islamın ümumbəşəri, əxlaqi dəyər və qaydaları ilə zənginləşmişdir.
Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri öz əsərlərində iqtisadi həyatın müxtəlif cəhətlərinə dair fikirlər söyləmişdilər. Onlar tədqiqatçı kimi iqtisadi hadisə və prosesləri ətraflı öyrənməmiş, lakin bu hadisələr haqqında müəyyən fikirlər söyləmişlər.
Belə ki, Azərbaycanda iqtisadi fikrin inkişafında Nizami Gəncəvi önəmli yer tutur. O, dahi şair və mütəfəkkirdir. Onun beş böyük poemadan ibarət olan “Xəmsə”sində iqtisadi fikir və ideyaları əks olunmuşdur.
Nizaminin sosial-iqtisadi görüşlərində mühüm yer tutan məsələlərdən biri əmək və sərvət, onların daxili bağlılığıdır. O, bütün əsərlərində maddi və mənəvi sərvətləri yaradanların əməyinə yüksək qiymət vermiş, sadə əmək adamının surətlərini yaratmışdır. Nizami əməyin ancaq insana xas olan bir fəaliyyət olduğunu göstərir, insanın başqa canlılardan fərqini və üstünlüyünü onun əmək fəaliyyətində, çalışmağında görür. O yazır: “Nə şəhvət, nə yuxu, nə də ki yemək, həyatın mənası olmasın gərək” Nizami insanı özünü dərk etməyə, düşünməyə, həyatın “hər sirrini açmaqda hünər göstərməyə” çağırırdı.
Nizami belə bir həqiqəti də dərk etmişdir ki: “hər cür çalışmaqda son məqsəd, yemək və geyməkdən başqa bir şey deyildir”. Nizamiyə görə əmək prosesi ictimai məna daşıyır, burada hər kəs həm özü üçün, həm də başqaları üçün çalışır, hər kəsin hamıdan, hamının isə hər kəsdən asılılığı mövcuddur. O, “Dünya tarlasına diqqət yetirsək, hamımız bir-birimiz üçün əkinçiyik” fikrini söyləyir.
Nizami əmək və peşə bölgüsü, onun sərvətin artmasına təsiri ideyasını da irəli sürür. O göstərir ki, sənətə, sənətkara, əkinçi əməyinə qayğı göstərilməsə, hər kəsin öz peşəsinə görə işləmək imkanı yaradılmasa “heç kim öz peşəsindən bəhrə götürə bilməz”, sərvət azalar, vergilər ödənilməz, xəzinə də boş qalar. Nizami dəfələrlə yada salır ki, sənətkar öz peşəsindən tutmazsa yaxşılıq əvəzinə pislik çıxar. O vaxt ki, “hər kəs öz peşəsindən əl çəkər, cahanda abadlıq heçə uğrayar”.
Nizami öz dövründə görüb müşahidə etdiyi əmtəə mübadiləsi, bazar, qiymət, pul, sələm kapitalı və faiz haqqında düşüncələrini özünəməxsus tərzdə ifadə etmişdir. O, ticarətdə, bazarda qiymətlərin ədalətli surətdə qoyulmasını tövsiyə edir, sələmçilik yolu ilə sərvət, pul toplamağı haram sayırdı.
Böyük humanist şair və filosof Nizaminin sosial-iqtisadi görüşlərindən belə bir nəticə çıxır ki, o, yaşadığı cəmiyyətin quruluşu ilə onun mürəkkəb ziddiyyət və ədalətsizliyilə razılaşmır, onu “təzələmək”, “yenidən qurmaq” ideyaları ilə yaşayır. O, “Elə bir ixtiyar olsaydı məndə, qoymazdım bəndəyə möhtac bir bəndə” deməklə xəyala qapılır, yaşadığı cəmiyyətin bütün ağrı və acılarını bir daha hiss etdirir.
Azərbaycan nəzəri-iqtisadi fikrinin inkişafına böyük xidmət göstərənlərdən biri də Nəsirəddin Tusidir (XIII əsr). Dünyada astronom, riyaziyyatçı kimi tanınan N.Tusi filosof və iqtisadçı kimi də məşhurdur. Onun iqtisadi-nəzəri və əməli fikirləri məşhur “Əxlaqi-Nasiri” və “Maliyyə haqqında tədqiqat” əsərlərində ifadə olunmuşdur.
Tusi cəmiyyətin iqtisadi quruluşu, iqtisadi münasibətləri haqqında mükəmməl və dolğun olan bir nəzəriyyə yaratmışdır. Tusi göstərir ki, insan öz tələbatını ödəməyə möhtacdır. Buna görə də əmək və istehsal fəaliyyəti onun üçün bir zərurətdir. “İnsanın qidası sənət və peşə olmadan, məsələn, əkmək, biçmək, təmizləmək, üyütmək, yoğurmaq və bişirmək olmadan mümkün deyildir. Bunun üçün isə köməkçi işlər, kənd təsərrüfatı alətləri düzəltməyi və işlətməyi bacarmaq üçün də böyük əmək sərf etmək lazımdır” (Əxlaqi-Nasiri, səh. 145). Bütün bu və buna bənzər işlər bir adam tərəfindən görülə bilməz. Bu səbəbdən insanları qarşılıqlı yardıma, birgə işləməyə zəruri edən ehtiyac doğur ki, bu da onların ictimai əmək fəaliyyətindən ibarətdir.
Tusi göstərir ki, əmək bölgüsü, ixtisaslaşma cəmiyyətin müəyyən dövrü üçün yaşamasının zəruri şərtidir. O yazır: “İnsanlar bir-birinə kömək etdikdə, onların hərəsi bu işlərin birini yerinə yetirdikdə, özlərinə lazım olandan çox istehsal edər, artığını başqalarına vermək və almaq yolu ilə müvazinət və tarazlıq əmələ gətirər, yaşayış vasitələrini təmin edər, özünü və cinsini mühafizə edər, nizama salar və sistem yaradarlar”. Tusinin göstərdiyi bu sistemdə istehsalla istehlak arasındakı qarşılıqlı əlaqə, onların birinin digəri üçün şərt olması ideyası da əks olunmuşdur. Tusi göstərir ki, insan öz əmək prosesini, əmək münasibətlərini yaxşı dərk edərsə öz davranışını da məqsədəuyğun səmtə yönəldə bilər. O, cəmiyyətin iqtisadi həyatını, burada insanların davranış qaydalarını öyrənən elmin predmetini müəyyən etməyə çalışır. Onun fikrincə bu məsələlər “İctimaiyyət” deyilən bir elmin predmetidir. O yazır: “İctimaiyyət hikməti həmin bu məsələnin mövzusunu təşkil edən bir elmdir. Bu elm hamının xeyrinə olan birgə əməyin həqiqi və ümumi inkişaf qanunları haqqında nəzəriyyədir. Bu elmin mövzusu, obyekti ictimai əməklə birləşən və beləliklə, istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir... Deməli, hamı bu elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın, əks halda rəftar və davranışında səhvlərə yol verər, qanunsuzluqlar törəyər”.
N.Tusi ictimai-iqtisadi həyatda insanın bacarıq və qabiliyyətinin müstəsna əhəmiyyətini göstərir. Onun fikrincə hər bir işi görən, yaradan insandır. Buna görə də insanın bilik və kamalı, bacarıq və qabiliyyəti hər şeydən uca tutulmalıdır, insana elm və bilik verənlərin sənəti də, ən şərəfli sənət sayılmalıdır.
Dünya iqtisadi fikir tarixində xüsusi xidməti olan alimlərdən biri də Əbdürrəhman İbn Xəldundur. Şərqin və Ərəb dünyasının böyük mütəfəkkiri, sosioloqu və tarixçisi İbn Xəldun 1332-ci ildə Tunis şəhərində doğulmuş və 1406-cı ildə Qahirədə vəfat etmişdir. Onun 7 cilddən ibarət olan əsərlərinin birinci üç cildi “Müqəddimə” adı ilə dəfələrlə nəşr olunmuşdur. Bu əsər 1988-ci ildə İstanbulda türk dilində çapdan çıxmışdır.
Avropa alimləri İbn Xəldunu “Tarix filosofu”, islam Şərqinin Monteskyesi adlandırmışlar. Çünki o, tarixin və ictimai fikrin yeni elmi metodlarla yazılmasının əsaslarını qoymuşdur. Bu baxımdan onun iqtisadi-nəzəri fikirləri də çox yüksək qiymətə layiqdir. O göstərir ki, elmin vəzifəsi tarixi, ictimai-iqtisadi hadisələri təsvir etmək, üzdə görünənləri sadalamaq deyil. Elmin vəzifəsi hadisələrin mahiyyətini açmaqdır.
Ibn Xəldunun böyük elmi xidmətlərindən biri cəmiyyətin keçdiyi təbii-tarixi inkişaf mərhələləri və onun hərəkətverici qanunları haqqındakı fikirləridir. O göstərir ki, cəmiyyət öz inkişafında köçərilik, oturaq həyat və mədəniyyət mərhələlərindən keçməlidir. Müəllif bu inkişaf mərhələlərinin birindən digərinə keçməsi prosesini əmək bölgüsü və məhsuldar qüvvələrin inkişafında baş verən dəyişiklik və tərəqqi ilə izah edir.
Ibn Xəldunun fikrincə “Köçərilik mədəni və şəhər həyatının əsasıdır, bütün insanların oturaq həyat yaşamasından öncə yaşadıqları və keçirdikləri bir dövrdür”. Deməli, köçərilik və köçəri mədəniyyəti bu və ya digər xalqın təbii-tarixi bir dövrü yaşamasının zəruri bir mərhələsidir.
Ibn Xəldun insanın “təbii hüququ” əsasında quruluş iqtisadiyyat tərəfdarıdır. O yazır ki, əgər dövlət əkinçinin, sənətkarın, tacirin, elm adamlarının təbii insani hüququnu qorumasa, onlara sərbəst fəaliyyət görtərmək azadlığı yaratmasa, cəmiyyətin nizamı qozular, dövlət özü də məhv olmaq təhlükəsilə qarşılaşar. Ibn Xəlduna görə dövlətin və məmurların bilavasitə iqtisadi fəaliyyətlə, ticarətlə məşğul olması o ölkənin təbəələri üçün zərərli haldır. Çünki, bu halda bazar qayda-qanunları pozular, rəqabət mübarizəsi sönər, qiymətlər süni surətdə qaldırılar və nəticədə cəmiyyətin sosial həyatının təbii düzəni pozular. Ibn Xəldun göstərir ki, bazarlarda satılan mal və əşyalara qoyulan yüksək vergilər, tacirlərdən zorla alınan bac və xəraclar bazarlarda qiymətlərin yüksəldilməsinə, bu səbəbdən də tələbin azalmasına, nəticədə qazancın və marağım aşağı düşməsinə gətirib çıxarır. XIV əsrin ictimai-iqtisadi sistemi şəraitində İbn Xəldunun sərbəst bazar, dəyər və qiymət, rəqabət, tələb və təklif haqqındakı nəzəri fikirləri iqtisad elmi tarixində çox aktual və qiymətli fikirləridir.
Ibn Xəldun çağdaş dövrümüz üçün çox aktual səslənən belə bir fikir də söyləyir ki, bir xalq başqa müstəmləkəçi dövlət tərəfindən işğal olunub uzun müddət onun idarəsi də zülmü altında qalırsa, həmin xalq onu idarə edən yabançı dövlətin buyruğuna, zor və əmrilə əşləməsinə alışır. Bu səbəbdən zülm edilən xalq ətalət və kölə vəziyyətinə düşür və buyuruq qullarına çevrilirlər. Elə buna görə də onlar azad olduqdan sonra uzun müddət sərbəst fəaliyyət göstərə bilmirlər, öz ölkələrində müstəqil olaraq çalışmaq, yaratmaq, mal və sərvətlərinə sahib olmaq, özünü idarə etmək çətinliklərinə məruz qalırlar.
Azərbaycanın və Şərqin ictimai fikrinin mühüm hissəsi olan iqtisadi fikir sonrakı dövrlərdə də məşhur mütəfəkkirlərin əsərlərində bu və digər dərəcədə öz əksini tapmışdır. Xüsusilə Azərbaycanda iqtisadi fikir və təlimlər XIX əsrin ikinci yarısında M.F.Axundovun, H.B.Zərdabinin, N.B.Vəzirovun, Z.Marağayinin və başqa mütəfəkkir və yazıçıların əsərlərində inkişaf etdirmişdir. Bu dövrün mütəfəkkirləri zəmanənin tələblərindən çıxış edərək Azərbaycan iqtisadiyyatında geriliyin, primitivliyin, vaxtı keçmiş qaydalara aludəçiliyin səbəblərini xalqın savadsızlığında, xurafat və cəhalətin beyinlərdə kök salmasında və s. görürdülər.
M.F.Axundov və N.B.Vəzirov Qərb iqtisadçılarrının fikir və nəzəriyyələrinə istinad edərək, onların Azərbaycanda təbliğ olunmasına səy göstərmişlər.
XX sərin əvvəllərində baş verən ictimai-siyasi hadisələr Azərbaycanda xeyli qəzet və jurnalların yaranmasına, müxtəlif fikir cərəyanlarının meydana çıxmasına təkan vermişdir. Bu dövrün mətbuatında, böyük mütəfəkkir, şair, yazıçı və siyasi xadimlərin Azərbaycanın mövcud iqtisadi və mənəvi mühiti ifadə edilmişdir. Göstərilən dövrdə milli-azadlıq ideyaları, milli mədəniyyət, milli iqtisadiyyat haqqında irəli sürülən fikir və görüşlər tariximizdə önəmli yer tutur. Bununla yanaşı marksist ictimai-iqtisadi fikirlər də yayılırdı. Buna baxmayaraq, milli ziyalıların əksəriyyəti köhnəliyin, geriliyn aradan qaldırılmasını elmin, texnikanın, maarifin inkişafında görürdülər. “Avropalılaşmaq”, yəni Avropanın iqtisadi inkişaf yolu ilə getmək, onlar kimi işləməyi, yaratmağı bacarmaq, elm və texnikaya sahib olmaq, iqtisadi biliklər əsasında fəaliyyət göstərmək kimi məsələlərin qoyuluşu, dövrün mütərəqqi ideyalarındandır.
Do'stlaringiz bilan baham: |