MÖVZU V: İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİ.
ELMİ TEXNİKİ İNQİLAB VƏ ELMİ-TEXNİKİ TƏRƏQQİ.
SƏHİYYƏNİN MADDİ-TEXNİKİ BAZASININ
MÖHKƏMLƏNDİRİLMƏSİ.
SƏHİYYƏ İQTİSADİYYATI.
P l a n:
1. İqtisadiyyatın tənzimlənməsində dövlətin iştirakının obyektiv
əsasları.
2. İqtisadiyyatın dövlət tənzimlənməsinin mahiyyəti və zəruriliyi
3. İqtisadiyyatın tənzimlənməsi və idarə edilməsinin sosial aspektləri
4. Elmi-texniki tərəqqi və elmi-texniki inqilabın mahiyyəti və əsas
cəhətləri.
5. Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi və səhiyyə
iqtisadiyyatı
1. İqtisadiyyatın tənzimlənməsində dövlətin iştirakının obyektiv
əsasları.
Müasir dünyanın sivil dövlətlərində ibtidai sistemin əsası, aparıcı təsərrüfatçılıq forması kimi bazar iqtisadiyyatı çıxış edir. Genetik baxımdan bazar iqtisadiyyatı əmtəə təsərrüfatının (istehsalının) təkamülü inkişafının məntiqi nəticəsi olaraq meydana gəlmişdir. Bazar iqtisadiyyatında əmtəə istehsalı qərarlaşır və təşəkkül tapır. Bazar iqtisadiyyatının inkişaf etmiş əmtəə təsərrüfatı ilə adekvatlığı onun məzmunu və strukturunda əmtəə-pul münasibətləri sisteminin əlamət-cəhətlərinin, müvafiq atributlarının qalmasını və fəaliyyət göstərməsini zəruri edir. Başqa sözlə, bazar iqtisadiyyatının substansiyasında əmtəə təsərrüfatının mahiyyətini əks etdirən elementlər dayanır. Lakin, inkişaf etmiş mərhələ kimi bazar iqtisadiyyatında xalis əmtəə istehsalına aid olan üzvi elementlərlə yanaşı, yeni əlamət-cəhətlər, atributlar, mexanizmlər də meydana gəlir və formalaşır. Meydana gəlmə tarixi əmtəə təsərrüfatının azad (yetkin) rəqabət dövrünə təsadüf edən bazar iqtisadiyyatının özünə məxsus səciyyəvi xüsusiyyətləri vardır. Belə xüsusiyyətlərin ən qabarıqları tənzimləmə və təsərrüfatın idarə olunması ilə əlaqəlidir. Azad rəqabət dövrü əmtəə təsərrüfatının, yəni bazar iqtisadiyyatının meydana gəlməsinin ilkin mərhələsində iqtisadi münasibətlərin nizamlanması və tənzimlənməsi haqqında təlimin nəzəri əsasını Adam Smit yaratmışdır. Onun fikrincə azad rəqabət şəraitində bilavasitə bazar münasibətləri ilə təzahür edən ictimai-iqtisadi münasibətləri, bazarın özünün fəaliyyətini “görünməyən əl” idarə edir, daha doğrusu, bazarın daxili, təbii-üzvi tənzimlənmə prosesinə heç bir xarici müdaxilə olmamalıdır. Adam Smitin davamçıları sonrakı mərhələlərdə klassikin bu dəyərli nəzəriyyəsini daha da inkişaf etdirmiş və zənginləşdirmişlər.
XIX əsrin axırları və XX əsrin əvvəllərindən etibarən qərbin bir sıra inkişaf etmiş ölkələrində əmtəə təsərrüfatı inkişafının keyfiyyətcə yeni mərhələsinə, azad rəqabətdən getdikcə uzaqlaşan ictimai-iqtisadi mühitə qədəm qoymuşdur. Həmin dövrdən etibarən bazar sistemi, bazar iqtisadiyyatı qabaqcıl dövlətlərin əsas təsərrüfatçılıq formasına çevrilmişdir. Kütləvi axarla gedən bu proses hər bir ölkənin təsərrüfat vahidlərinə bir-birilə üzvi əlaqədə olan toplu, bütöv bir “iqtisadi sistem” kimi baxmağı tələb edirdi.
Məhz bu əsasda müasir dövr üçün səciyyəvi olan “makroiqtisadiyyat” konsepsiyası yaradılmışdır. Ölkə təsərrüfatına makroiqtisadiyyat mövqeyindən yanaşmaq, tənzimləmə və idarəetmə ilə əlaqəli yeni fikirlərin meydana gəlməsinə səbəb olmuşdur. Təsərrüfat subyektlərinin yeni əsasda fəaliyyət göstərməsi, onlar arasında əlaqələrin güclənməsi və çağlaşması münasibətləri axarında bazarın rolu və yerinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi makroiqtisadi tənzimləmə ideyasını doğurmuşdur.
Makroiqtisadiyyatın, yəni ölkə iqtisadiyyatını bütöv təsərrüfat kimi görməyin, həmçinin belə mürəkkəb sistemin dövlət tərəfindən tənzimlənməsi ideyasının nəzəri əsasını yaratmış görkəmli ingilis iqtisadçısı D.M.Keynsin yaşayıb-yaratdığı dövrdə dövlətin, dövlətçiliyin məzmunu və strukturu keyfiyyətcə xeyli təzələnmişdir.
Vahid ümumxalq, millət, dövlət mənafeyinin ön mövqeyə çıxması, dövlətçilik priaritetlərinin güclənməsi təsərrüfatçılıqda dövlətin rolunun artmasına meyl doğururdu. Dövlətin iqtisadiyyata müdaxiləsi, ona istiqamət verməsi obyektiv zərurətə çevrilirdi. Dövlət cəmiyyətin siyasi təşkili forması kimi çıxış etməklə öz missiyasını bitirmiş hesab edə bilməzdi. Siyasi (hərbi) hakimiyyət mexanizmi olmaqla dövlət ölkə həyatının bütün sahə və sferalarında fəal iştirak etməlidir. Bunun üçün obyektiv əsas və şərtlər meydana gəlmişdir.
Bütün sahələri, sferaları, funksional fəaliyyət istiqamətlərini, dairələrini nəzərə almaqla müasir dövlətin zəruri vəzifələrini ümumiləşmiş halda əsasən belə təsnifləşdirmək olar:
- dövlət quruculuğunu hər vasitə ilə qorumaq;
- ictimai-siyasi, sosial baxımdan cəmiyyət üçün daha təhlükəli olan ziddiyyətlərin qarşısını almaq və onları vaxtında aradan qaldırmaq;
- ölkədə iqtisadi və digər ictimai-sosial münasibətləri tənzimləmək;
- dövlətin, xalqın mənafeyini tam təmin edə biləcək kompleks daxili siyasət həyata keçirmək. O cümlədən sosial, iqtisadi, maliyyə, elm, mədəniyyət, təhsil, sağlamlıq, səhiyyə və s. sahələrdə;
- ölkənin mənafeyini beynəlxalq miqyasda qoruya biləcək xarici siyasət yeritmək;
- ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək və s.
İnkişaf etmiş ölkələrin təcrübəsinə istinadən bu qənaətə gəlmək olar ki, müasir bazar iqtisadiyyatı insanın çox saylı tələbatının ödənilməsinə xidmət etmək yönümlüdür.
Sənayedə inkişaf etmiş ölkələrdə vətəndaşların hüquqlarının qorunmasına, onların iqtisadi baxımdan yüksək təminatına, sosial-iqtisadi proseslərə dövlətin müdaxilə etməsi yolu ilə nail olunur. Məsələn, nemətlərin yenidən bölgüsü, vergi siyasəti, hüquqi-təminat və s. Belə təsərrüfatı adətən sosial-bazar iqtisadiyyatı adlandırırlar. Dövlət siyasəti konsepsiyası olmaq etibarilə sosial-bazar təsərrüfatı iqtisadiyyatın, bütövlükdə cəmiyyətin azad, iqtisadi baxımdan səmərəli, möhkəm, sosial və ədalətli qurulmasına yönəldilmişdir. Sosial-bazar təsərrüfatına XIX-XX əsrin əvvəlləri üçün səciyyəvi nizamsız kapitalizmlə, mərkəzdən idarə edilən iqtisadiyyat arasında yerləşən “üçüncü yol” kimi baxmaq olar. Sosial-bazar təsərrüfatı bazar iqtisadiyyatının əlverişli modeli kimi fəaliyyət göstərir.
Sosial-bazar təsərrüfatı ölkədə vətəndaşların hər sahədə müdafiəsinin təşkilində dövlətin rolu və funksiyalarının artması ilə səciyyələnir. Belə təsərrüfatda dövlətin əsas vəzifələri kimi bunları qeyd etmək olar:
- ölkədə etibarlı hüquqi qaydaların yaradılması və qorunmasına şərait yaratmaq;
- xarici və daxili təhlükəsizliyi təmin etmək;
- milli valyutanın sabitliyini təmin etmək;
- sosial infrastruktur sahələrini (təhsili, səhiyyəni, elm və mədəniyyəti, ictimai nəqliyyatı və s.) inkişaf etdirmək;
- rəqabət mübarizəsi sahəsində qanunçuluğun qorunmasına nəzarəti həyata keçirmək;
- cəmiyyət daha zəif üzvlərinin əmək hüququnu qorumaq və onlar üçün sosial təminatlar yaratmaq;
- ətraf mühiti qoruya bilən tələblər, qadağalar, eləcə də müvafiq bazar stimulları işləyib hazırlamaq;
- vergi və sosial hüquqlar sahəsində, eləcə də xarici iqtisadi münasibətlərdə ümumi qəbul edilmiş qaydaları müəyyənləşdirmək;
- bazar təsərrüfatının imkanları daxilində sosial-iqtisadi proseslərin makroiqtisadi idarə edilməsi və s.
İqtisadi sistemdən, modelindən, ictimai-siyasi, hüquqi quruluşundan asılı olmayaraq hər dövlət, cəmiyyət qeyri-müəyynəliklər içərisində yaşayır. O, cümlədən iqtisadi hadisə və proseslər də qeyri-müəyyənliklər əhatəsində baş verir. Yəni baş verə biləcək iqtisadi hadisə və prosesləri, həmçinin onların nə ilə nəticələnəcəyini heç də həmişə qabaqcadan müəyyənləşdirmək olmur. Bu baxımdan bazar iqtisadiyyatı daha səciyyəvidir. Özlüyündə bazar iqtisadiyyatı iqtisadi hadisə, proses və əlaqələrin, eləcə də bunlarla bağlı mexanizm və vasitələrin mücərrəd fəaliyyəti ilə yaşayan təsərrüfat formasıdır. Bazar iqtisadiyyatının mahiyyətində dayanan azadlıq, sərbəstlik, rəqabət bir növ onu “kortəbiiliyə”, “mücərrədliyə” meyl etdirir.
“Kortəbiilikdə”, mücərrədlikdə daha çox yaşamaq imkanı qazanan qeyri müəyyənlikdir. Cəmiyyət, dövlət, eləcə də iqtisadi sistem qeyri müəyyənlikləri minimuma endirməklə öz varlığını, yaşaması, inkişafını təmin edə bilər. Qeyri-müəyyənlik dərəcəsini fəaliyyətlərin, proseslərin, işlərin optimal təşkili və əlaqələndirirlməsi hesabına aşağı salmaq olar. Başqa sözlə tənzimləmə, nizamlama elementlərindən, mexanizmlərindən, vasitələrindən, metodlarından, üsullarından və s. istifadə edilməsi yolu ilə, qeyri-müəyyənliklər “müəyyənlik” səviyyəsinə çatdırırlar. Tənzimləmənin səviyyəsi və keyfiyyəti iqtisadi sistemin, sosial-iqtisadi hadisənin düzgün dərk edilib öyrənilməsindən, həmçinin bu prosesdə təfəkkürün və məntiqi qanunların, prinsiplərin gözlənilməsindən bilavasitə asılıdır.
Bazar iqtisadiyyatı şəraitində hər hadisənin, prosesin təsadüflük ehtimalı vardır. Bu təsərrüfat formasının təbiətindən doğan qanunauyğunluqdur. Qeyri-müvafiq şəraitindən doğan iqtisadi ehtimallar bəzən iqtisadi proseslərin pozulması ilə nəticələnir. Buna görə də iqtisadi ehtimalların, müəyyən kortəbiiliklərin, qeyri-müəyyənliklərin qaydalaşdırılması, nizamlandırılması və tənzimlənməsi zərurəti ortaya gəlir. Tənzimlənmənin yüksəlməsinə şərait yarada bilən strategiya işlədilir. Bazar iqtisadiyyatı şəraitində tənzimlənmənin yüksəlməsində baş verən real iqtisadi proseslərin təhlilinə istinad etməklə, mövcud iqtisadi anlayış, kateqoriya və qanunlara əsalanmaqla, həmçinin müasir metodoloji və metodik elmi aparatlardan istifadə etməklə nail olunar. Sosial-iqtisadi hadisələri öyrənən elmlərin sintezi kimi tənzimləmə elminin-konsepsiyasını yaratmaq mümkündür.
Öz təbiətinə görə iqtisadiyyat tənzimlənməlidir. Bu həm də bazar iqtisadiyyatına aiddir. Belə ki, tələbat, istehsal, bölgü, mübadilə və istehlak elementlərinin məcmusundan ibarət olan iqtisadiyyat daxili ünsürləri arasında optimal, normal, səmərəli, məqsədli əlamət və nisbətlərin mövcudluğu əsasında fəaliyyət göstərib inkişaf edə bilər. Tənzimləmə iqtisadi sistemin məqsədli vəzifəsilə üzvi əlaqəlidir. Çünki iqtisadı sistemi ən optimal vəziyyətə, yalnız tənzimləmə gətirə bilər. Həmçinin tənzimləməyə cəmiyyətin düşdüyü mövcud şəraitə cavab kimi də baxmaq olar. Bu mənada tənzimləmənin metod və mexanizmlərinin özləri optimal olmalıdır. Təkmil, əlverişli mexanizlərə istinad edən tənzimləmə optimal adlandırıla bilər. Müəyyən norma və normativlərdəki kənarlaşmaları, pozulmaları nizamlamaq vəzifəsi məhz tənzimləmənin üzərinə düşür. Bu vəzifəyə kənarlaşmaların düzəldilməsi prinsipi kimi də baxmaq olar. Tənzimləməni kənarlaşmaları, səhvləri, nizamlamaları kompensasiyalaşdıran vasitə, alət, həmçinin iqtisadi prosesləri stabilləşdirən üsul kimi qiymətləndirmək lazımdır.
Təcrübi və nəzəri əsaslar, dəlillər sübut edir ki, bütün hallarda, vəziyyətlərdə təsərrüfatın idarə edilməsinə birmənalı yanaşılmamalıdır. Yəni, istənilən iqtisadi sistemdə, şəraitdə formasından, quruluşundan, ölçüsündən asılı olmayaraq hər bir təsərrüfatın idarəedilməsi mütləqdir. Idarəetmənin məzmunun əsasını isə tənzimləmə təşkil edir. Tənzimləmə sisteminin təsiri, onun əlaqələndirici və nəzarət funksiyaları gücləndikcə, iqtisadiyyatın sabit inkişafı üçün daha çox zəmin yaradılır.
Müasir iqtisadiyyatı tənzimlənməmiş təsəvvür etmək olmaz. Başqa sözlə tənzimləmə müasir iqtisadiyyatın əsas atributudur. Tənzimləmənin iqtisadiyyatdakı müsbət rolunu belə səciyyələndirmək olar:
- tənzimləmə meydana gələn vəziyyətə müsbət cavabdır;
- tənzimləmə iqtisadi sistemin qaydalaşdırılması yolunda daima təkrarlanan prosesdir;
- tənzimləmə pozitiv iqtisadi təfəkkürün, təsərrüfatçılıq qabiliyyətinin sintezidir;
- tənzimləmə cəmiyyətdə, eləcə də ayrı-ayrı əmək kollektivlərindəki arzu olunmaz ənənəyə və şəraitə qarşı mübarizə aparan vasitədir;
- tənzimləmə idarəetmə məsələlərinin səmərəli həll edilməsi şəraitidir;
- tənzimləmə maliyyə-kredit nisbətlərin və proporsiyaların optimallaşdırılması metodudur;
- tənzimləmə iqtisadiyyatın sağlamlaşdırılmasının obyektiv əsasıdır və s.
Yeni iqtisadi sistemin təşəkkülü dövrünü yaşayan Azərbaycan iqtisadiyyatında idarəetmə və tənzimləməni sadələşdirmək, təkmilləşdirmək, bu prosesdə çevikliyi, səmərəliliyi artırmaq məqsədi ilə bir sıra əməli tədbirlər həyata keçirilməyə başlanılmışdı.
Məzmunu, strukturu və funksional fəaliyyəti yaxın olan bir sıra sahələr, onların nazirlikləri və yaxud baş idarələri, komitələri birləşdirilərək vahid qurumlara çevrilmişdir. Yeni yaradılan belə qurumlar sırasında İqtisadi İnkişaf Nazirliyini və s. qeyd etmək olar. Bunların yaradılması və fəaliyyəti haqqında respublika prezidentinin müvafiq fərmanları vardır.
Aparılan iqtisadi islahatda, idarəetmə və tənzimləmə qurumlarının təkmilləşdirilməsində məqsəd respublika iqtisadiyyatının dinamik inkişafına zəmin yaratmaqdır. Müsbət nəticələrin əldə edilməsi isə olduqca çətindir. Çünki yeniləşmə və təkmilləşmə prosesinə maneə olan çoxdu obyektiv və subyektiv səbəblər vardır. İslahat məhz belə çətinlikləri aradan qaldırmağa yönəldilməlidir.
Iqtisadi, ictimai-siyasi və sair ümumbəşəri hadisələrlə, proseslərlə zəngin olan XX əsr daha çox yeni iqtisadi sistemlərin, iqtisadi modellərin formalaşması, təkmil siyasi-qurumların və dövlətçilik mexanizmlərinin meydana gəlməsi və inkişafı ilə əlamətdardır. Yeni iqtisadi sistemlərin və iqtisadi modellərin təşəkkülü dövlət quruluşunun, dövlətin rolu və funksiyalarının təkmilləşdirilməsi, köklü dəyişikliklərə uğramasını obyektiv zərurətə çevirirdi. Əvvəlki əsrlərdən formalaşmağa başlayan bazar münasibətləri XX əsrdə yeni transformasiya və məzmunda özünü reallaşdırmağa başladı. İnkişaf etmiş ölkələrdə bazar münasibətlərinin daha təkmilləşmiş sistemə əsaslanan yeni iqtisadi modellərin fəaliyyəti başladı. Yeni iqtisadi sistem və modellər öz növbəsində makroiqtisadiyyat, makroiqtisadi göstəricilər, milli hesablar sistemi, makroiqtisadi idarəetmə, tənzimləmə və s. bu kimi hadisə və anlayışları, meydana gəlməklə iqtisadiyyatın idarəedilməsi və tənzimlənməsi məsələlərinə tamamilə başqa mövqeydən yanaşılmasını tələb edirdi. Daha doğrusu makroiqtisadi idarəetmə, dövlətin iqtisadiyyatın tənzimlənməsində iştirakı fəallığın artırılması məsələləri ön sıraya keçməyə başladı.
Bəşəriyyətin müasir inkişaf təcrübəsi sübut edir ki, iqtisadi sistemlər, təsərrüfatçılıq modelləri arasında hələ ki, bütün baxımlardan ən effektlisi bazar münasibətləri əsasında fəaliyyət göstərməkdir. Buna görə də sivil ölkələrin əsas təsərrüfatçılıq fəaliyyətləri bazar sisteminə istinad edir. Belə ölkələr on illərdir ki, bazar sisteminin effektlərindən istifadə etməklə əlverişli sosial-iqtisadi nəticələr əldə etmişlər.
Lakin, həyatın bütün sahələrində özünü doğrultsa da bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə yaşayan ölkələrin əksəriyyətində cəmiyyət həyatında baş verən ictimai-iqtisadi proseslərin dövlət tərəfindən tənzimlənməsi metodlarından, onun ayrı-ayrı variyasıyalarından olduqca geniş istifadə olunur. Bazar sistemi şəraitində dövlətin iqtisadiyyatın tənzimlənməsində iştirak etməsini zərurətə çevirən bir sıra obyektiv sosial-iqtisadi əsaslar vardır.
Do'stlaringiz bilan baham: |