Mühazirə 15. Mikrobioloji, nüvə və akustik təsir üsulları (2013).
Mikrobioloji üsullar layda bakteriyaların həyat fəaliyyətinin fəallaşmasına əsaslanır və tərkibində hüceyrənin quruluşu üçün zəruri komponentləri olan qida maddələrinin istifadəsinə yönəlmişdir. Üzvi maddədən əlavə vacib biogen elementlər ( N, S, K, Mg və s.) eləcə də hüceyrələrin inkişafını təmin edən vitaminlər tələb olunur.
Mikroorqanizmlərin istifadəsinin əsas ilk şərtləri odur ki, bakteriyalar öz həyat fəaliyyəti nəticəsində CO2, bio – SAM və üzvi turşular ifraz edir. Bio – SAM lay nefti və su ilə mikroemulsiya əmələ gətirir və burada mikroemulsiyanın özlülüyü lay neftinin özlülüyünü kəskin azaldır. Lakin neftin özlülüyünün azalması isə öz növbəsində lay neftinin həcmində əmələ gələn CO2-nin hesabına artım ilə müşayiət olunur və bu da layda neftin hərəkət etmə qabilliyyətini artırır. Bakteriyalar neft yatağına daxil olduqda mikroorqanizmlərin lay şəraitinə adaptasiyası baş verir. Mikrofloranın həyat fəaliyyətinin optimal şəraitlərinə çatmaq məqsədilə lay mühitinin xüsusiyyətlərini tənzimləmək üçün adaptasiya olunmuş mikrofloranı da vurmaq olar. Əksər hallarda bakterial işlənilmə layın quyudibi zonasında hidravlik çatlar yaratmaq, bakterial kütləni və qidalanma suspenziyasını ora vurmaqdan ibarətdir. Bundan sonra emal olunmuş neft quyusunu mikroorqanizmlərin laydakı həyat fəaliyyəti mühitinə adaptasiya məqsədilə bağlayırlar. 3-6 ay keçdikdən sonra quyunu istismara daxil edirlər. Üsulun realizəsi 1700-1800 m dərinlikdə yerləşən karbonatlı və zəif sementləşmiş qumlu kollektorlardan, layın qalınlığı 8 m-dən çox, kollektor süxurların keçiriciliyi 0,05mkm2-dan böyük, neftlədoyumluluq 30%-dən çox, neftin özlülüyü 10mPa∙s-dan böyük, sıxlıq 820-950 kq/m3, lay temperaturu 20-300C olduqda yüksək effekt əldə olunur.
Mikrobioloji təsir üsulunun tətbiqində mənfi göstəricilərə layların yüksək qeyri-bircinsliliyi, lay sularında yüksək tərkibli duzların (Ca, Na) olması və qaz papağının mövcudluğu aiddir. Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 14-19% artırmaq olar.
Nüvə üsulları layların neftverimini artıran üsullardan prinsipcə kəskin fərqlənir. Bu üsul yatağın daha böyük sahəsində layların süzülmə qabiliyyətini yaxşılaşdırmağa və izolə olunmuş linza və layları işlənməyə cəlb etməyə imkan verir. Partlayış nəticəsində laylarda geniş çatlar sistemləri əmələ gəlir ki (10-100m), bu da obyektin struktur-tekstur xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Yeraltı nüvə partlayışlarıın tətbiqi zamanı işlənilmə layihələrinin tərtibatında və təhlilində müəyyən çətinliklər əmələ gəlir. Bu onunla bağlıdır ki, partlayışın nəticısində partlama boşluğunun ətrafında əmələ gələn süni yüksəkkeçirici zona işlənilmənin əsas göstəricilərinə təsiri nəzərə alınmalıdır. Nüvə partlayışı böyük enerjinin ani ayrılması ilə müşayiət olunur. Bu enerjinin təsirindən dağ süxurunda alovlu kürə ilk boşluq əmələ gəlir və həcmdə sürətlə böyüyür. Temperatur və təzyiq milyon qradusdan xeyli yüksək qiymətlərə çatır. Ayrılmış enerjinin daşıyıcısı ilk boşluqda əmələ gəlmiş qazdır. O genişləndikcə zəlzələ dalğası törədir. Zərbə dalgası sfera (kürə) şəklində yayılaraq ardıcıl olaraq ətraf dağ süxurlarını buxarlaşdırır, əridir, parçalayır, çatlandırır, yerini dəyişir və mənbədən uzaqlaşdıqca çox tez kiçilir.
Nüvə üsullarından ilk dəfə olaraq 1957-ci ildə SSRİ-də və ABŞ- da tətbiq olunmağa başlanılmışdır. Bu üsuldan ABŞ-da 1968-73-cü illərdə işlənilməsi dayandırılmış rentabelli olmayan bir sıra yataqlarda “Qazbaqqi”, “Runison”, “Rio-Blanka” və “Mineyta” layihələri üzrə həyata keçirilmişdir. Keçmiş Sovetlər Birliyində isə nüvə üsulları əsasən işlənilmədə olan yataqlarda sementləşmiş qumlu kollektorlarda, qalınlığı 10-45 m olan əhəngdaşlarda, məsaməlik 5-12%, kollektorların keçiriciliyi 0,1-1,0 mkm2, neftin özülülüyü 6-23 mPa·s, layların ilk neftlədoyumluluğu 80% olan laylarda yüksək effekt alınır. Üsulun tətbiqi layların son neftverimini 8-12% artırmağa imkan verir.
Akustik təsir üsulları. Akustik təsirin tətbiqi nəticəsində quyularda neftlərin axımı artır, layın işləmə gücü yüksəlir, quyuların qəbuletmə qabiliyyətini tənzimləyir və i.a. Titrəyiş, akustik, termoakustik təsir üsulları sahəsində keçmiş SSRİ-nin aparıcı neft tədqiqat elmi institutlarında uzun müddət tədqiqatlar aparılmışdır. Akustik sahənin neft layına təsiri nəticəsində neftin özlülüyü azalır, su ilə doymuş süxurların keçiriciliyi artır və süxurun temperatur keçirmə qabiliyyəti artır.
Eksperimental tədqiqatlarla müəyyən olunmuşdur ki, intensivliyi 8-100 kVt/m2 , tezliyi 20 Hs- 4,5MHs olan akustik sahədə özlülük 20-30% düşür, yalnız müddət keçdikdən sonra bərpa ola da bilər, olmaya da bilər.
Özlülüyün daha böyük dəyişilməsi asfalt-qatran birləşmələri və parafin tərkibli neftlərdə baş verir. Neft yataqlarının işlənilməsi zamanı akustik təsirin tətbiqi neft, qaz və su ilə doymuş məsaməli mühitlərin güclü ultrasəs sahəsinin qarşılıqlı təsiri zamanı baş verən bir çox fiziki-kimyəvi effektlərə əsaslanır.
Qərbi Sibir və Manqışlak yataqlarında akustik təsir üsulunun tətbiq təcrübəsini ümumiləşdirərək onun tətbiq sahəsini aşağıdakı kimi göstərmək olar:
lay mexaniki cəhəddən möhkəm, məsaməlik 5%-dən çox, özlülük 20-50 mPa∙s-dan çox, sulaşma 50-60%-dən az, qaz amili 10m3/m3-dan çox olmalıdır.
Do'stlaringiz bilan baham: |