Sxolastika
İslam sxolastikası cəbərilik, qədərilik və mütəzililik kimi məzhəblərin ortaya çıxması ilə yaranmışdır.
Cəbərilik
Cəbərilik cərəyanını 745-ci ildə Xorasanda öldürülən Cəhl bin Sarvanın ortaya atdığı qəbul edilir. Bu məzhəbə görə, insanın qüdrəti, iradəsi, azadlığı yoxdur və onun işi, hərəkəti, fəaliyyəti özünə məxsus deyil. Çünki insan hər işdə Allahın mütləq iradəsinə tabedir və hər işi yalnız Allah gördürür, insan isə sadəcə, Allahın istəyini yerinə yetirən bir vasitəçi rolu oynayır. İnsanı hər hansı bir işi yerinə yetirməyə Allah məcbur edir və bu səbəbdən, gördüyü işə görə insana cəza və yaxud tərbiyə vermənin elə bir mənası yoxdur.
Alın yazısı fikrini müdafiə edən və iradə azadlığını rədd edən cəbərilərin əksinə olaraq, qədərilər irəli sürürdü ki, insan öz hərəkətlərində sərbəstdir. İnsanın başına gələn xeyir də, şər də öz əməllərinin nəticəsidir və onun gördüyü işlər Allahın məcburiyyəti ilə yox, insanın özü ilə bağlıdır. Bir tərəfdən Allahın hər şeyə qadir olduğu təsdiq edilir, o biri tərəfdən elan edilir ki, insan ilahi göstərişlərə əməl edib etməməkdə tamamilə sərbəstdir və hər kəs əməllərinə görə şəxsən məsuliyyət daşıyır.
Ortodoksal islama müxalif olan digər məzhəb isə mütəzililik idi. VIII əsrdə Vasil bin Ata və Əmr bin Übeyd tərəfindən irəli sürülən mütəzililiyə görə, insan özünün xeyir və şər əməllərinin yaradıcısıdır. Allah ədalətlidir, zülmkar deyil. Allahın ədalət prinsipi ilə qoyduğu qanunlar xeyirə xeyirlə, şərə şərlə cavab verir [2, s.72-74]. Mötəzililər İslam tarixində birinci olaraq ilahiyyatda rasionalist (ağıla əsaslanan) cərəyanın yaradıcıları hesab edilir. Onlar göstərirdilər ki, din məntiqi mühakimələrin cəminə əsaslanır. İlahiyyatçılar isə, əksinə, təsdiq edirdilər ki, belə fikir din üçün deyil, fəlsəfə üçün məqbuldur. Din vicdan işidir, o elmi nəzəriyyəyə oxşamır, buna heç ehtiyac da yoxdur. İlahiyyatçılar hesab edirlər ki, mötəzililərin fəlsəfəsi təfəkkürü yüksəldir, ruhu isə zəiflədir.
Mistika
Hakim dairələrdə varlanmaya, dəbdəbəli həyat sürməyə güclü meyl göstərilməsi və Xilafətdə gedən təbəqələşmə müsəlmanların aşağı təbəqələrində ciddi narazılığa səbəb olurdu. Bu narazılıq öz ifadəsini ən passiv formada zühddə (asketizmdə) tapdı. Zahidlər (asketlər) zəngin həyat tərzinə nifrət bəsləyərək mənəvi kamilliyi maddi sərvətə qarşı qoyurdular. O dövrün bir sıra görkəmli şairlərinin zühd haqqında şeirlər silsiləsi, divanlar yazması da məhz bununla əlaqədardır. İslam zəminində yaranmış sufilik cərəyanında zərdüştilik və xristianlığın da təsiri özünü göstərir. Sufiliyin zühd əsasında formalaşması isə bu firqədə hind və çin təsirinin olmasını təsdiq edir. İslam dünyasında mövcud olan ictimai-siyasi, dini-fəlsəfi və fəlsəfi təlimləri ümumiləşdirildikdə bunlar dörd qrupda birləşir: 1. məşşailər; 2. işraqilər; 3. kəlamçılar.
Do'stlaringiz bilan baham: |