Hovik Azoyanın qərargahı
Sisyan rayon mərkəzi bərbad haldadır, mənim gənclik illərimdə gördüyüm gözəl, abad, təmiz şəhərdən əsər-əlamət belə qalmayıb, yolların asfalt örtüyü tamamilə dağılıb, Sovet hökuməti dövründə tikilmiş binaların əksəriyyəti uzun illər təmir olunmadığından öz miskin görkəmi ilə diqqəti cəlb edir, küçələrdə adam gözə dəymir, şəhər çirkab içərisindədir.
Rayon mərkəzini keçib Hovik Azoyanın qərargahı yerləşən, rayona bitişik Uz qəsəbəsinə gəlirik. Bölgənin ən qədim azərbaycanlı kəndlərindən biri olmuş Uz kəndinin binası «Kitabi Dədə Qorqud» dastanında adı çəkilən (Aruz, Uruz, Oğuz) Uz tayfaları tərəfindən qoyulmuşdur. 1918-ci ildə Andronikin Zəngəzura hücumu zamanı ermənilər Uz kəndini dağıdıb-yandırmış, əhalinin bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə didərgin salınmışdır.
Uz qəsəbəsinin mərkəzindəki küçələrin birində bələdçimizin «Jiquli»si yaşıl rəngli iki taylı dəmir darvazanın qarşısında dayanıb siqnal verir. Siqnal səsinə darvaza taybatay açılır, qabaqda «Jiquli», ortada bizim maşın, arxada isə bizi müşayiət edən «Şevrole-Niva» geniş bir həyətə daxil oluruq.
Hovik Azoyanın qərargahının həyətinə daxil olarkən ikinci dəfə şok yaşayır və bu səfərə qərar verdiyimə görə özümü qınayıram. Çox da böyük olmayan bir restoranın həyətində və eyvanında əynində Ermənistan Ordusunun hərbi forması olan iyirmiyə qədər silahlı adam var-gəl edir, üç bir-beş bir toplanıb söhbətləşir, deyib gülürlər. «BMV»nin pərdəsini azacıq qaldırıb həyətdəkiləri müşahidə edirəm. Hərbçilərin bir hissəsi əsgər, qalanı isə yüksək rütbəli (mayor, polkovnik-leytenant, polkovnik) zabitlərdir. Ermənilərin kimisinin əlində tutduğu, kimisinin çiynindən asdığı silahlar - hələ orta məktəbin hərbi hazırlıq dərslərindən yaxşı tanıdığım Kalaşnikov avtomatları ilk baxışda diqqətimi cəlb edir.
Heç şübhəsiz ki, bu hərbçilərin çoxusu Qarabağ döyüşlərində iştirak edib bizimkilərə güllə atıb, bəlkə də gözü qabağında bizimkilərin gülləsindən döyüş yoldaşı, dostu, yaxud qardaşı ölüb.
Bəlkə bu hərbçilərdən kimsə döyüş zamanı qucağında keçinən döyüşçü dostuna and içib ki, sənin qisasını ilk qarşıma çıxan azərbaycanlı türkündən alacağam.
Bəlkə bu hərbçilərin içərisində bir nəfər avantürist var ki, Qarabağ müharibəsi dövründə azərbaycanlı deputatı güllələmiş şəxs kimi tarixə düşmək şansını qaçırmayacaq?
Maşınımızın darvazadan keçib həyətin ortasına çatdığı ana qədər ötən 2-3 saniyə ərzində beynimdə ildırım sürəti ilə fırlanan bu suallara o şərait üçün yeganə doğru cavabı tapıram: Öz-özümə «əşşi» deyərək əlimi yelləyib Samvel Nikoyanın ardınca «BMV»dən düşürəm.
Samvel Nikoyanla öpüşüb-görüşən Hovik Azoyan mənə əl uzadıb «barevçes» deyir. Mən də deyirəm: «- barev»!
Azoyan daha sonra bareves yeğes (ermənicə “xoş gəlmisən”) deyir, mən də deyirəm, şunaraqalutyun (ermənicə “sağ ol”).
Samvel Hovikdən soruşur:
-Huyri canançumes (qonağı tanıdınmı)?
Gözlərini qıyıb mənə diqqətlə baxan Hovik başını yelləyir:
- Çe (yox)!
Mən azərbaycancaya keçirəm:
-Mən Musa Quliyevəm, Urud kəndindənəm, İsa kişinin oğluyam.
Hovik təəccübdən bir addım geriyə sıçrayır:
-
Ara, sən azərbaycanlısan?
Axmaq sual verdiyini başa düşüb tez də əlavə edir:
-
Buraya necə gəlib çıxmısan?
Mən söhbətin nədən getdiyini İrəvandan gələnlərin də anlaması üçün ruscaya keçirəm:
- Mən Azərbaycanın deputatıyam, İrəvanda keçirilən bir konfransa gəlmişəm. Erməni həmkarlardan xahiş etdim ki, doğulduğum Urud kəndini ziyarət etmək üçün buraya gəlməyimə köməklik etsinlər. Onlar da çox sağ olsunlar ki, bu səfəri təşkil etdilər. Buradan beləsi isə səndən asılıdır.
Hələ də təəccübünü gizlədə bilməyən Hovik yenə də azərbaycanca soruşdu:
- Ara, Urudda kimlərdənsən?
- İsa Quliyevin oğluyam.
- Ara, haşvabah (hesabdar - M.U.) İsanın?
- Bəli.
- Sən bilirsənmi ki, bizim atalarımız dost olublar?
- Bilirəm.
Hovik nə fikirləşdisə, arxaya dönüb bir qədər aralıda dayanmış uca boylu, dolu bədənli 70-75 yaşlarında qocanı yanımıza çağırdı.
-
Kolyacan, ari sdeğ (gəl bura).
Qoca bizə yaxınlaşıb öz dillərində salamlaşanda Hovik dedi:
-
Kolya, ays martı Urudice, ku hinqerots Ajderi yexbayr dğane (Kolya, bu oğlan Uruddandı, sənin dostun Əjdərin qardaşı oğludu).
Hovikdən fərqli olaraq onun böyük qardaşı Kolya Azoyan Sisyanın orta göbəyində azərbaycanlı görməyindən qətiyyən təəccüblənmədi, mənim buraya necə gəlməyimlə maraqlanmadan soruşdu:
- Sən yəqin İsanın oğlusan?
- Bəli.
- Əjdər nə təhərdi?
- Yaxşıdı.
- Gərək ki, iki oğlu var, elədir?
- Elədir.
(Bu zaman Samvel Nikoyan Hoviki kənara çəkib nə barədəsə xosunlaşmağa başladı, çox güman ki, mənim Uruda səfərimlə bağlı deyilən təlimatları ona çatdırırdı).
Böyük Azoyan bir qədər susduqdan sonra söhbətini davam etdirir:
-Biz Əjdərlə 1956-cı ildən dostluq etmişik, ta dava düşənə qədər. O zaman İsa kolxoz sədri idi, Urudda maqazin tikirdik. Əjdər briqadir idi, mən də prorab. Yaxın yoldaş, möhkəm dost olmuşuq. Yerevanda, Urudda, Bakıda, Vağədidə yaxşı günlər keçirmişik.
Kolyadan soruşuram:
-Məni burada görəndə, deyəsən, heç təəccüblənmədin?
- Yox, niyə təəccüblənirəm. Bilirdim ki, bir gün yenə gələcəksiniz, indi sən gəlmisən, sonra da o birilər gələcəklər, geci-tezi var, bir gün bu dava qurtarmalıdır.
Kolya Azoyanın sakit, arxayın, emosiyasız danışığına qulaq asa-asa düşünürəm ki, bu qoca kişiyə gənclik dostu Əjdərin böyük oğlunun hərbi əks-kəşfiyyat polkovnik-leytenantı və Qarabağ müharibəsi veteranı olmasını söyləsəm, onun bu emosiyasız halına bir təvavüt edərmi?
Təbii ki, Kolyaya heç nə söyləmədim, ən azı ona görə ki, o anda məni böyük Azoyanın emosiyasız sifətindən daha çox özümün emosional (bəlkə də ekstremal) vəziyyətim daha çox narahat edirdi.
Buna görə də Kolya Azoyana heç nə demədim və o indiyə qədər də bilmir ki, gənclik dostu Əjdər Quliyevin böyük oğlu nə ilə məşğuldur. Amma mən öyrəndim ki, bu sakit, bir qədər də tərki-dünya təsiri bağışlayan qocanın özündən kiçik qardaşı deputat Hovik Azoyan 1990-1995-ci illərdə Qarabağda səhra komandiri olub, istefada olan polkovnik leytenantdır, ondan kiçik qardaşı Basensi Azoyan isə Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, general-mayordur. Bir qardaşının oğlu isə 1992-ci ildə Qubadlıda döyüşdə öldürülüb.
Samvellə söhbətini yekunlaşdıran Hovik bizim yanımıza qayıdır:
-
Obed vaxtıdır, bəlkə çörək yeyax, sonra kəndə baxmağa gedərik?
-
Yox, - deyirəm, - yaxşı olar ki, kəndə gedib-gələk, sonra yemək yeyərik.
Hovik mübahisə etmir:
-
Yaxşı, onda qoy Yerevandan gələnlər burada qalıb dincəlsin, sən mənim maşınımda gedərsən.
Yenə razılaşmıram:
Gəl, Samveli burada tək qoymayaq, «Niva»dakı zabitlər də vəzifə başındadırlar, qoy onlar da arxamızca gəlsinlər. (Hər halda Qarabağda səhra komandiri olmuş, qardaşı oğlu bizimkilər tərəfindən öldürülmüş bir daşnakla təkcə yola çıxmaq daha çox risk tələb edir və bu risqi azaltmaq üçün İrəvandan mənim təhlükəsizliyimi təmin etmək üçün təhkim edilmiş adamlardan ayrılmamağım gərəkdir).
Hovik təzə «Prado» Cip-in sükanı arxasına keçib Samvelə qabaqda, mənə arxada əyləşməyi təklif edir.
Mən yenə müqavimət göstərirəm:
-
Olarmı mən qabaqda əyləşim?
Hovik tərəddüdlə Samvelə baxır, Samvel bir söz demədən keçib arxa oturacaqda əyləşir. Qabaqda oturmaqda məqsədim həm Vətənin Sisyandan Uruda qədərki parçasına gözüdolusu baxmaq, həm də Hoviki dilə tutaraq video çəkiliş aparmağa razılıq almaqdır.
Salona əyləşər-əyləşməz Hovik əlimdə tutduğum ovuc içindən bir az böyük olan videokameranı görür:
Kameranı baqaja atmaq evimizə qədər çəkiliş aparmamaq deməkdir. Hansısa bir dahinin sözləri yadıma düşür: «Kim ki, mübarizə aparır o uduza bilər. Kim ki, mübarizə aparmır, o artıq uduzub.»
Çəkiliş aparmaq şansını qorumaq məqsədi ilə əlimdəki kameranı torbasına qoyub etinasız halda ayağımın altına atıram.
-
Sən narahat olma, icazəsiz çəkiliş aparmaq fikrim yoxdur, - deyirəm.
Ancaq beynimdə Hoviki dilə tutmaq üçün nə söyləyəcəyimi götür-qoy edirəm.
Sisyan yağ-pendir zavodunun yanından keçib, Uz qəsəbəsinin Qarabulaq məhəlləsinə, oradan isə Sisyan-Ağdü yoluna çıxırıq.
Söhbəti hərləyib-fırlayıb Hovik Azoyanın incə yerinə - atası Bağdasar kişinin üstünə gətirirəm.
-Sisyan camaatı Bakıda, Sumqayıtda xeyir-şərdə bir yerə yığışanda həmişə buralardan, burda keçirdikləri həm çətin, həm də xoş günlərindən xatirələr söyləyirlər. Hamısı da sənin atana rəhmət oxuyur ki, Böyük Vətən Müharibəsi illərində və müharibədən sonrakı aclıq illərində camaatı ölməyə qoymadı, ermənili-müsəlmanlı hamıya əl tutdu.
Hovik bir qədər kövrələn kimi olur:
-Ara, camaatın hamısına denən dava qurtaran kimi qayıdıb gəlsinlər, vallax, astvas haqqı, hamıya kömək edərəm, iş verərəm işləyərlər, qabaxlar nə təhər yaşamışdıq, elə də yaşayarıq.
Məqamın yetişdiyini görüb fürsəti fövtə vermirəm:- Hovik, qarşıda Ağdü kəndidir, ondan sonra da sizin kəndiniz olan Vağədi. Mən Bakıya qayıdandan sonra ağdülü də, vağədili də, urudlu da gəlib bu yerlərdən xəbər soruşacaqlar, şəkil, video çəkiliş istəyəcəklər. Mən onları necə inandırım ki, Bağdasar Azoyanın oğlu Hovik çəkiliş aparmağa qoymadı. Bu dağın, dərənin, mənzərələrin hamısının şəkilləri internetdə Ermənistanın turizm xəritəsində vardır. İstəyənlər onsuz da kompüterdən kəndlərinin şəkillərini çıxardırlar. Amma bir var kompüter görüntüsü, bir də var bu yerləri qarış-qarış tanıyan adamın apardığı video çəkiliş. Gəl belə danışaq: harada strateji bir yer varsa oranı çəkməyim, - amma yoldu, kəndin evləridi, dağlar-dərələrdi, - bunları çəkməyə görə nə sənə, nə mənə bir söz deməzlər.
Hovik bir qədər düşündükdən sonra hələ indi də mənə aydın olmayan bir qərar verir:
- Yaxşı, ara, çək, amma sağ tərəfi çək, Urudda isə qəbiristanlıqdan başqa haranı istəyirsən, çəkərsən.
Do'stlaringiz bilan baham: |