Açar sözlər: Kitabi-Dədə Qorqud, Təpəgöz, mifologiya, demonologiya, epos, inanc, xaos, obraz, ünsür.
Bildiyimiz kimi, demonologiya yeraltı, qaranlıq dünya ilə bağlı acıqlı, bədxah ruhlar haqqında mifoloji görüş və təsəvvürlər kompleksidir. Demonoloji təsəvvürlər dairəsində bu dünya ilə o biri-yeraltı dünya arasında münasibətlər ən mühüm yer tutur, yəni hər iki dünya bir-birinə təsir etməkdədir. Demonologiyada bu dünyaya məxsus varlıqlarla yeraltı dünya məxluqlarını bir-birindən fərqləndirən birinci əlamət onların asimmetrikliyi və yarımçıqlığı, ikinci əlamət isə korluqları və görünməz olmalarıdır. Demonologiyada personajların təkgözlüyünün korluq mifologemi ilə bağlılığı daha güclüdür. Xtonik aləmi səciyyələndirən ən başlıca cizgi kimi dönərgəlik demonik varlıqların görünüşü və təbiətində özünü göstərməklə yanaşı, bir də mifoloji strukturlu personajın öz cildini magik yolla dəyişdirməsi cildində təzahür edir (Bəydili, 2007: 217). Dönərgəliyin aşılanmasında ən mühüm cəhətlər mifoloji korluq, yarımçıqlıq, görünməzlik kimi keyfiyyətlərdir. Belə keyfiyyətləri ilə fərqlənən obrazlardan biri də Təpəgözdür. Mifoloji obraz kimi simvolikası qarışıq olan və hətta təbiətin kortəbii qüvvələri ilə əlaqələndirilən bu qeyri-adi nəhəng varlığın adının türk xalqlarında “bir gözlü dev”, “jalqız közdi döö”, “jalqız göz” və başqa şəkilləri var. Təpəgöz obrazına Kəlləgöz adı ilə Azərbaycan xalq dastanlarından olan “Novruz və Qəndab”da rast gəlinir. Dörd yol ayrıcında divarları insan sümüyündən qurulan qalada yaşayan Kəlləgöz burada dastan poetikasının tələblərinə uyğun yaradılmış bir obrazdır və mifoloji rəvayətlərdəki demonik varlığın daşıdığından fərqli bir simvolika daşıyır (Bəydili, 2003: 359). İnsanın təkgözlü nəhəngi kor etməsi ilə bağlı süjetlərin türk variantları çoxsaylıdır və son dərəcə bir-birinə yaxındır. Qırxdan artıq variantı olub türk xalqları arasında rəvayət, qəhrəmanlıq eposu yaxud nağıl, monqollarda isə əfsanə şəklində yaşayan Təpəgöz əfsanələrinin ortaq özəllikləri sırasında bütün hallarda onun mənfi işarəli obraz kimi təkgözlü olmasını, çobanlığını, sehrli üzüyə və qılınca sahib olmasını, qəhrəmanın onun tək gözünü kor etməklə öldürməsini və s. göstərmək olar. Məkanı dağ, mağara, meşə olan Təpəgöz, obraz kimi mifoloji simvolikasına görə bütövlükdə nizamlı dünyaya qarşı dağıdıcı mövqedə dayanan gücü xaosu, xtonik zonanı təcəssüm etdirir və rəmzləndirir. Onun doğulduğu yer də çeşmə və ya bulaq başıdır.
XIX əsrdə folklorşünas Aarne ayrı-ayrı xalqların nağıl və etnos ənənəsində Kəlləgöz, Təkgöz, Siklop, Polifem və digər adlarla adlanan bu süjetin 200-ə yaxın variantını toplamışdır. Təsadüfi deyil ki, Ön Asiya, Kiçik Asiya, Orta Asiya, Qafqaz, Volqaboyu, Sibir, Yaxın və Uzaq Şərq türklərinin şifahi yaradıcılıq nümunələrində bu süjetə tez-tez rast gəlinir. Aarne bütün türk xalqlarının folklor materialları ilə tanış olmasa da, onun topladığı Təpəgöz süjetlərinin demək olar ki, yarısı türk xalqlarının şifahi xalq ədəbiyyatından götürülmüşdür. Görkəmli alim V.Bartold Təpəgöz boyunu “Mifoloji səciyyə daşıyan əsər” (Kniqa moeqo Dede Korkuda), Yakubovski “Oğuzların tarixini yaşadan əsər” (“Kitabi-Dədə Qorqud” və onun erkən əsr türkmən cəmiyyətinin öyrənilməsində rolu), Jirmunski “Erkən oğuz düşüncəsinin yaradıcılıq nümunəsi”adlandırmışdır. “Dədə Qorqud kitabı”nı araşdıran alimlərin əksəriyyəti Təpəgöz surətinin mənşəyi ilə dərindən maraqlanmış, məsələnin bu cəhətinə xüsusi diqqət yetirmiş, apardıqları müxtəlif paralellər və müqayisələr əsasında müəyyən fikirlər söyləmişlər. Bu qorqudşünasların əsərlərində başlıca olaraq iki hal nəzərə çarpır: Bəziləri bu süjetin oğuz mənşəli olduğunu, yunanların onu oğuzlardan götürdüyünü deyir. İkinci qism alimlər isə əksini iddia edir. Təpəgöz əski düşüncəsi ilə bağlı ən ciddi tədqiqatlar alman tədqiqatçısı Fridrix fon Ditsə aiddir. Onun “Təpəgöz və ya Oğuz Siklopu” adlı məqaləsi bu baxımdan qiymətli mənbədir. Qeyd edək ki, bu məqaləni Flora Əlimirzəyeva dilimizə tərcümə etmişdir. O göstərirdi ki, Asiyadakı Oğuzlar arasında Siklop deyilən bir əfsanəvi məxluqa da rast gəlirik ki, o indiyə qədər yalnız qədim yunanlarda axtarılırdı. Təpəgözlərin yaşadığı ərazini Şərqlə bağlayan müəllif onun bir nəsil olması, yunan eposunda Polifemin harayına yetən Siklop dəstəsinin mövcudluğunu qeyd edir. Ditsə görə, Təpəgöz Oğuz eposunda gördüyümüz vahid, tək obraz deyildir, təpəgözlər dəstəsi, nəsli olduğu kimi hətta onların yaşadığı ərazi və məkan da mövcuddur. Dits qədim yunan kulturoloji düşüncəsində Siklop tiplərini 3 qrupa ayırır:
-
Mifoloji sikloplar,
-
Nəhəng tikinti tikənlər
-
Oğuz təpəgözü.
Dits onların ümumi oxşarlıqlarından bəhs edərkən yazırdı ki, alınlarında yeganə, böyük, girdə bir göz vardır. Yerli qaydalara, adət ənənələrə əməl etmirlər. Bu təsvirdə Div düşüncəsi ilə Təpəgöz formulu çarpazlaşır. Oxşarlıq və eyniliklər getdikcə çoxalır. Ditsin tədqiqatlarında bu obraz Yunan polifemi ilə geniş müqayisəyə cəlb edilir və Təpəgöz Oğuz tarixində olan hadisə kimi qiymətləndirilir. Onun yunanlara Şərqdən keçdiyini dönə-dönə bildirərək qeyd edir ki, bu hadisələr oğuz tayfalarının həyatına aid olmasaydı, özü də yazı şəklində deyil, şifahi halda Dədə Qorqud dövrünə gəlib çata və onun ağzından Oğuz tarixinin sanballı toplusuna keçə bilməzdi.
Təpəgözlərin hər üç tipi insan cəmiyyəti tərəfindən inkar edildiyindən, yalnız şifahi təfəkkürdə bu günə gəlib çatmışdır. Nə Pəri qızların sehrli üzüyü, nə onların bədəninin qılınc kəsməzliyi, ox batmazlığı insan övladının qənimi olan təpəgözlərin cəmiyyətdə yaşamasını mümkün etmişdir. Öz mənfur əməllərinin qurbanı olan təpəgözlər zaman-zaman tipindən, insanlarla müxtəlif səviyyəli ünsiyyətlərindən asılı olmayaraq arxaikləşmiş, əsatir, nağıl və epos yaddaşına köçmüşdür (Nəbiyev, 2011:175).
Faruq Sümər “Oğuzlar” əsərində ehtimal edir ki, Təpəgöz bəlkə də oğuzlara böyük ziyanlar vurmuş, itkilər verdirmiş bir düşməni təmsil edir. Yəni, Təpəgöz bu ləqəbi daşıyan qıpçaqlardan biri, düşmən başçısı ola bilər. Təhmasib isə dastanda boyların harada, nə vaxt və kim tərəfindən yarandığını müəyyən etmək üçün öz tədqiqatlarında Təpəgöz obrazını önə çəkməklə Qafqaz xalqları içərisində süjetin 7 variantını Dədə Qorqud Təpəgözü ilə müqayisə etmişdir. Müəllif “Min bir gecə”dəki Sindibadın nağılında olan adamcıllardan başlayıb Təpəgözü Şimali Qafqaz, Dağıstan, Abxaziya, Topqapı variantları, eləcə də vaxtilə Dəvədarinin məlumat verdiyi Oğuznamə və yunan eposunun variantları ilə tutuşdurur. O, Dəvədari əfsanəsində Təpəgözün anasının böyük dənizin cinlərindən, atasının isə böyük başlı bir adam olduğunu qeyd edir. Yəni o qədər böyük başlı ki, on üç qoyun dərisindən papaq geyinərmiş.
Kamran Əliyevə görə isə Təpəgözün əsl mahiyyətinin üzə çıxarılması onun mənşəyinin və poetikasının, yəni hər iki məqamın düzgün təyin edilməsindən çox asılıdır. O , “Eposun poetikası: Dədə Qorqud və Koroğlu” əsərində bu mövzuya toxunaraq, boyun personajlarının ənənəvi düzümündə fərqli əlamətləri qeydə alır. Bunların birincisi Bayandır xanla bağlıdır. Bayandır xanın taxtında olmaması fərqli əlamət kimi müəyyənləşdirilir. Burada Bayandır xan səyahətə çıxmış və hadisələr də o zaman baş vermişdir. Bayandır xanı yerindən qalxıb səyahətə çıxmağa vadar edən səbəb müəyyənləşdirilir. Boydakı qorxu hissi Təpəgözün adı ilə bağlı olmaqla yanaşı, həm də Bayandır xanın öz taxtını tərk etməsində - Oğuz elini səyahətə çıxmasındadır (Əliyev, 2011: 38) Müəllif növbəti fərqli əlaməti Təpəgözün Oğuz ritualından keçməməsində görür. Dədə Qorqud gəlib ona ad verməmişdir. Yəni Təpəgöz Oğuz törəsindən kənardadır. Hər zaman qələbə çalan Oğuz igidləri bu boyda Təpəgözə məğlub olur, onun əlində həlak olurlar. Təpəgöz hərfi mənada heyrət, qorxu və vahimə zamanı “adamın gözü təpəsinə çıxması” deyimində olduğu mənanı ifadə edir. Bu obraz deyimdəki kimi vahiməli, eybəcər və vəhşi şəkildə təqdim olunur. Bu xüsusiyyət ona epik ənənədə motivləndiyi zaman verilmiş və obraz xalq yaradıcılığındakı “Kəlləgözlər” silsiləsinə daxil edilmişdir. Təpəgözdən fərqli olaraq, “Kəlləgözün” arxetipini təşkil edən “gözü kəlləsinə çıxmaq” deyimindəki situasiya daha çox təəccüb və heyrət mənasını bildirir. Həm ritualda personajın, həm də eposda obrazın qeyri-adi, güclü və qorxunc yaradılması adekvat olaraq Oğuz igidlərinin güclü və qorxusuz yetişməsinə ximdət edir.
Oruc Əliyev “Basatın Təpəgözü öldürdüyü boy”u Azərbaycan nağıllarındakı Təpəgöz və Kəlləgöz variantlarını müqayisə edir. “Kəlləgözün nağılı”nın qısa məzmunu belədir: Qədim zamanlarda Rüstəm adlı padşahın bir oğlu, bir qızı var imiş. Padşahın ikinci bir oğlu da olur, bu uşağı hələ körpə ikən aslan bağdan götürüb qaçır. Padşah hər tərəfi axtarsa da, oğlundan bir xəbər verən olmur, öz dəstəsi ilə geri qayıdanda yolda bükülü bir palaz görür, palazın içindən təkgözlü bir uşaq çıxır. Padşah uşağı götürüb evə gətirir. Yeməkdən doymayan bu uşaq axırda qaçıb bir mağarada gizlənir. Yemək üçün gündə iki adam tələb edir. Padşah əlacsız qalıb razılaşır. Bu müddət ərzində padşahın o biri oğlu da böyüyür, Kəlləgözü öldürmək üçün onun mağarasına gəlir, ancaq Kəlləgözün əlindən zorla qaçıb qurtarır. Aslan Kəlləgözün sirrini Əmiraslana söyləyir. Əmiraslan ikinci dəfə Kəlləgözlə qarşılaşır və bu dəfə Kəlləgözün gözünü çıxarır. Tilsimi sındıraraq qılıncı ələ keçirir və xalqın gözü qarşısında öz qılıncı ilə Kəlləgözün boynunu vurur. “Təpəgöz” nağılı da birinci nağıla yaxındır. Bu nağılda təsvir olunur ki, Nəbi adlı varlı-hallı bir kişi çoxdan bəri oğul həsrəti ilə yaşayır. Onun çobanı günlərin bir günü qoyun sürüsünü uca bir dağın ətəyinə gətirir. Birdən hər tərəfi duman basır, sonra tufan qopur. Tufan kəsən vaxt çoban sürünün içində təpəsində bircə gözü olan uşaq görür. Çoban uşağı Nəbi kişinin evinə gətirir. Nəbi kişi bu hadisədən çox şad olur. Uşağı götürüb saxlamağa başlayırlar, ancaq ona heç cür yemək çatdıra bilmirlər. Uşaq hətta adamları da yeməyə başlayır, kəndin adamları doğma yerləri tərk edirlər. Köçənlərin içində hamilə bir qadın da var imiş, yolda onun ağrısı tutur, qadın meşədə doğur, uşağı kahaya atıb qaçır. Həmin uşağı şir öz südü ilə bəsləyib böyüdür. Boya-başa çatan İskəndər Təpəgözün insanlara qənim kəsildiyini eşidib onu öldürməyi qərara alır, ancaq özü Təpəgözə əsir düşür və birtəhər onun qoyunlarından birini kəsib başına çəkərək qaçır. Şir Təpəgözün sehrli olduğunu İskəndərə söyləyir. Şir həm də onu deyir ki, o, şir südü ilə böyüdüyünə görə ona sehr-ovsun kar edə bilməz. Şir İskəndərə öz südü ilə yoğrulmuş bir qılınc da verir. Onun ikinci cəhdi də uğursuz olur. Nəhayət, İskəndər üçüncü dəfə Təpəgözün mağarasına girə bilir və onu kahasındakı quyuya salıb öldürür. Göründüyü kimi, hər iki nağıl məzmununa, obrazlarına görə “Kitabi-Dədə Qorqud”dakı “Təpəgöz” süjetinə çox yaxındır. Həm abidədə, həm də nağıl variantlarında Təpəgöz son dərəcə qorxunc varlıq kimi canlandırılır. O, möcüzəli şəkildə dünyaya gəlir. İlk baxışda o, insanlardan yalnız təkgözlü olması ilə seçilir. Ancaq o, həm də sehrlidir, bədəninə ox batmır, qılınc kəsmir. Bir qədər böyüyəndən sonra isə ətrafdakılar üçün əsl təhlükəyə çevrilir. Bu süjetin nağıl variantlarında Təpəgözün kimliyi, ata-anasının kim olması aydın olmur, yalnız onun qeyri-adi şəkildə tapıldığı nəzərə çatdırılır. “Kitabi-Dədə Qorqud”da isə göstərilir ki, onun atası adi bir çoban, anası isə pəri qızıdır. Ona görə də Təpəgözə qalib gəlmək adi insanların qüvvəsi xaricindədir (Əliyev, 1999: 12).
Xtonik aləmi səciyyələndirən ən başlıca cizgi kimi dönərgəlik demonik varlıqların görünüşü və təbiətində özünü göstərməklə yanaşı, bir də mifoloji strukturlu personajın öz cildini magik yolla dəyişdirməsi şəklində təzahür edir. Dönərgəliyin anlaşılmasında ən mühüm cəhətlər əvvəldə qeyd etdiyimiz kimi, mifoloji korluq, yarımçıqlıq, görünməzlik kimi keyfiyyətlərdir. Transformasiyaya uğramış motiv kimi dönərgəlik həm də məkani səciyyə daşıyır, həyatla ölüm, bu dünya ilə o biri dünya arasındakı sərhədi rəmzləndirərək xtonik zonaya düşməyi göstərir. Asimmetriklik və ya dönərgəlik öz mahiyyətinə görə demonik mənşə ilə bağlanır. Türk mifologiyasında demonik varlıqların geniş yayılmış atributları tərsinəlik, korluq, keçəllik, axsaqlıq, müvəqqəti ölüm və s.dir. Qırxdan artıq variantı olan Təpəgöz əfsanələrinin ortaq özəllikləri sırasında bütün hallarda Təpəgözü mənfi işarəli obraz kimi səciyyələndirən əlamətlər vardır. Qazax pandemoniumunda acıqlı, ziyankar ruhlar kateqoriyasına aid olunan, bir sıra ənənələrdə şamanların bir çoxunun yardımçı ruhları sırasında yer alan albastı da bəzən alnının ortasında tək gözü olan varlıq kimi təsəvvür edilmişdir. Albastıların başçıları isə, qazax nağıllarından da anlaşıldığı kimi, alnında qımız kasası böyüklüyündə yekə gözü olan, özü də başdan ayağa dəmir geyimli bir varlıqdır (Bəydili, 2007: 225). Anadoludakı türkmən oymaqları-yörüklər arasında yayılmış olan “Təpəgöz” hekayəsindən anlaşıldığına görə, Qaf dağında on səkkiz cür millət varmış. Bunlardan tam bir tayfanın adına Təpəgöz (Təpəgöz Sultan) deyərmişlər. Başının tam ortasında tək gözü olan bu varlıqlar insana bənzəmirmişlər. Saç-saqqalları da yox imiş. Çünki təpəgözlər hamısı anadangəlmə daz, keçəl olurmuşlar.
Oğuz eposunda olan xaosdan danışarkən qeyd olunur ki, əgər xaos obrazı yaratmaq lazım idisə, bunun başqa mümkün variantları var. Məsələn, div, əjdaha, kor, gözsüz və s. Obrazın xaos mənşəli olması onu tam izah etmir, bu obraz xaos obrazları silsiləsində də səciyyəsi ilə seçilir. Epos üçün də antiqəhrəman qütbünü yaratmaq lazımdırsa, o zaman onu başqa ənənəvi vasitələrlə gücləndirmək imkanı var. İstər xaosun demonoloji obrazlar sistemi olsun, istərsə də eposun antiqəhrəman qütbü olsun, eybəcər, bədheybət mifinin özü də müəyyən qanunauyğunluqlara əsaslanır. Kamal Abdullanın “Mifdən yazıya yaxud Gizli Dədə Qorqud” adlı əsərində də bu baxımdan “Təpəgözün nə üçün bir gözü var?” və “Nə üçün göz öz yerində deyil?” sualları qoyulur. Birincisi, xaos obrazı ənənəvi təsəvvürlərə sığmır və xaos düşüncəsi daim çərçivələr və nizam yaradan kosmos təsəvvürlərini dağıdır. Xaos təsəvvürünün yaratdığı obraz da “ənənəvi” kosmos modellərini pozur və yerində öz dizayn sərbəstliyinə uyğun, asimmetrik ölçülərlə obraz yaradır. Kosmosda obraz normal, simmetrik ölçülərlə və mifin ənənələrinə uyğun təqdim olunur. Gözün tək olması bu dizaynı və onu yaradan təsəvvürlər sistemini sarsıdır. Bu mənada zəruri formanın əskikliyini göstərən tək göz, tək qol və ya “artıqlığını” göstərən iki başlı, iki buynuzlu və s. formalarda yaradılan anormal obrazlar “antidizayn effekti” ilə eybəcərlik yaratmağa xidmət edirsə, digər tərəfdən də, psixolojintəsir vasitəsini gücləndirərərək qorxuncluq keyfiyyətini də bura əlavə edir. Eybəcər və qorxunc obraz yaratmaq üçün “təkgözlülük” formasından istifadə olunur. Bununla yanaşı bu obrazı ifrat dərəcədə eybəcərləşdirmək haqqında olan təsəvvürlər də maksumum dərəcədə genişləndirilir və tək göz öz yerində deyil, bu eybəcər obrazın başının təpə hissəsində yerləşir. Burada təkgözllük və eybəcərlik qorxuncluq effekti yaradırsa, onun təpədə yerləşməsi Təpəgözə aid bu xüsusiyyətin müvəqqəti olmadığını, əksinə, onun daimi, anadangəlmə bir əlamət olduğunu göstərir (Xəlil, 2013: 36).
Gözün çıxarılması kor etmək deməkdir. Kor etməyin mifoloji strukturdakı yeri xaosa keçiddir. Bu da özünü müxtəlif formalarda göstərən o dünyaya yola salmaq motivini şərtləndirir. Başqa sözlə, yeni kosmos yaradılması sakral ehtiyatlar tələb edir. Sakrallaşma isə xaos dünyasında baş verir. Ona görə də epos qəhrəmanı sakral keyfiyyətlər qazanmaq üçün xaos məkanına göndərilir. Xaos məkanının ən bariz nümunələrindən biri qaranlıq dünyadır. Təpəgöz adını xalq düşüncəsindəki xaos obrazından alır. Çünki o Oğuzun adət-ənənəsinə uyğun dünyaya gəlməmiş, ritualdan keçməmiş, ad almamış, Oğuz cəmiyyətinin üzvü olmaq haqqını qazanmamışdır. Təpəgöz onun eybəcər görünüşünü göstərən bir sözdür və bu ad yerində deyilmişdir. Bu eybəcər varlıq elə bu şəkildə doğulmuşdur. Təpəgöz öz atası Qonur Qoca Sarı Çobanın günahının nəticəsi kimi dünyaya gəlir. Anası sakral dünyaya mənsub pəri qızıdır. Təpəgöz özündə iki dünyanı birləşdirir. Amma sakrallığı pozulmuş pərinin oğlu olaraq o daha çox xaos dünyasına aiddir və fəaliyyəti bu dünyanın məhvinə xidmət edir. O, adamları yeyir və bu hərəkəti ilə bir daha o biri dünyanı təmsil etdiyini göstərir. Bu dünyanın adamlarının o dünyaya keçidini təmin edən əsas personaj kimi müşahidə olunur. Təpəgöz bütün Oğuzun başına bəla olur. Burada o esxatoloji mifin diqtəsi altındadır.
“Kitabi-Dədə Qorqud”un Təpəgözündən danışarkən onun qardaşı Basatla toqquşmasına da diqqət yetirmək lazımdır. Təpəgözün Basatla, bütövlükdə Oğuz eli ilə düşmənçiliyinin səbəbi aydındır: Aruzun Qonur Qoca Sarı Çoban adlı bir çobanı sakral aləmə xas yasağı pozub pəri qızına qarşı zina işlətdiyinə görə həmin qız Oğuz elindən qisas almaq qərarına gəlir və Qonur Qoca Sarı Çobanın zinasından doğduğu Təpəgözü Oğuz elinə bir bəla kimi göndərir. Qonur Qoca Sarı Çoban sakral aləmin nizam-intizamını pozduğuna görə pəri də Təpəgözün əli ilə Oğuz elinin nizam-intizamını pozmaq istəyir. Təpəgöz əhvalatı çayın qabağını kəsib camaatı susuz qoyan əjdaha, gözəl qızları oğurlayıb öz qalasında tilsimə salan div əhvalatlarına bənzəyir. Fərq burasındadır ki, Təpəgöz Oğuz eli ilə qohumdur, yuxarıda qeyd etdiyimiz kimi, Basatla müəyyən mənada qardaşdır. Qonur Qoca Sarı Çobanın Oğuz elində başqa birinin yox, məhz Aruzun çobanı olması və Təpəgözün məhz həmin çobandan törəməsi Təpəgözü Basata bir az da yaxınlaşdırır (Kazımoğlu, 2011: 40)
Folklorşünaslıqda Təpəgözlə bağlı daha bir məqam onun Polifemlə müqayisəsidir. Təhmasib qeyd edir ki, Polifemə nisbətən Təpəgöz daha rəzil, daha eybəcərdir. Oğuzun südü, çörəyi ilə böyümüş bu nankor axırda ona bəla kəsilmişdir. Əvvəldə qeyd etmişdik ki, Təpəgöz süjetinin mənşəyindən danışan alimlərin bir qismi onu yunan mənşəli, digər qismi oğuz mənşəli hesab edir. Hər hansı məsələnin həllində düzgün nəticə çıxarmaq üçün ən zəngin material mətnlərin özündədir və onlara müraciət etmək daha doğrudur. Təpəgöz obrazının və onunla bağlı süjetin mənşəyini aydınlaşdırmaq üçün birinci növbədə bilmək lazımdır ki, “Odisseya” yazılı kitabdır. Bu motiv həmin kitab yazılana qədər yunan folklorunda mövcud olmamışdır, yəni yunan folklorunda onun sələfi yoxdur. Bu süjet başqa bir qaynaqdan birbaşa kitaba gəlmişdir. Heç bir şübhə yoxdur ki, Təpəgöz süjeti yunan kitabından oğuz yaddaşına keçib bu qədər geniş coğrafiyada yayılıb, cürbəcür variantların, versiyaların yaranması ilə nəticələnə bilməzdi. Əvvəla, “Dədə Qorqud” eposu yarandığı dövrdə kitab hələ nəinki oğuz cəmiyyətinə, heç başqa cəmiyyətlərə də indiki şəkildə daxil olmamışdı. Həmin dövrdə hər hansı bir süjetin kitabdan alınıb xalq içərisində bu qədər geniş yayılması və özündən çoxlu budaqlar, şaxələr verməsi sadəcə ağlabatan deyil. Digər tərəfdən, kitabların əllə köçürüldüyünü, nadir nüsxələr şəklin də olduğunu da nəzərə almaq lazım gəlir. Herodot bu süjeti yunanların iskitlərdən eşitdiklərini çox açıq şəkildə söyləmişdir: Deməli, yunanlar taygözün adını da iskit dilindən götürmüşlər. Skiflərlə oğuzlar isə qohum tay falardır. Skiflərin ayrı-ayrı qaynaqlarda işquz/aşquz adlanmaları da onların qohumluğunu göstərir. Ş.Cəmşidov yazır ki, Ön Asiyadakı skiflər “Aşquz” və “işquz” şəklində iki hissədən ibarət olmuşdur. “İşquz” əslində “İç oğuz” deməkdir. Ukraynanın cənub rayonlarındakı qədim skif təpələri indi də “Oğuz təpələri” adlanır. Strabon da yazırdı ki, “Homer təkgöz siklop motivini skiflərin tarixindən götürmüşdür”. Yunan ədəbiyyatında, məsələn, Feokritdə Polifem tamamilə dinc yaşayan, insanlara düşmən olmayan və insan əti yeməyən bir çobandır. Deməli, ellin ədəbiyyatındakı polifemlər heç bir vəchlə “Odisseya”dakı Polifemin əcdadı sayıla bilməz. Bütün bu faktlar Təpəgöz süjetinin yunan mənşəli olmadığını, yunan ədəbiyyatına kənardan – türklərdən gəldiyini aydın göstərir. Bunu sübut edən digər məqamlar da var. Təpəgözün mənşəyi bəllidir. Onu pəri qızı Sarı çobandan doğmuşdur; onun damarında Oğuz qanı var. Polifemin nə atası, nə anası yunan deyil. Onun damarından yunan qanı axmır. Təpəgözü Aruz gətirib evində saxlamışdır, yəni onu oğulluğa götürmüşdür. Polifemi heç bir yunan gətirib evində saxlamamış, ona öz uşağı kimi baxmamışdır, yəni oğulluğa götürməmişdir. Pəri qızı Sarı Çobanı qabaqcadan xəbərdar etmişdi ki, “Təpəgöz Oğuzun başına bəla gətirəcək”. Polifemin anası onun gələcəkdə necə olacağı haqqında heç kimə bir söz deməmişdir. Təpəgöz Oğuzdan qaçıb mağarada məskunlaşmışdır. Polifem yunan mühitindən qaçıb mağarada məskunlaşmamışdır. Bu kimi onlarla fərqi göstərmək mümkündür. Təpəgözün doğuluşundan ölümünə qədər bütün həyatının Oğuzla bağlı olduğu, Polifemin isə yunanlarla heç bir bağlılığı nın olmadığı üzə çıxarılmışdır. Təpəgözü Oğuz epik təfəkkürünün yaratdığı, Polifemin isə yunan epik təfəkkürünə kənardan gəldiyi aydınlaşdırılmışdır. Bununla da Təpəgözün tarixinin daha qədim olduğu təsdiqləmişdir. “Dədə Qorqud kitabı”nda Təpəgöz təsadüfi obraz deyildir. Onun eposda birbaşa funksiyası var. Bilmək lazımdır ki, epos xalqın özü tərəfindən yazılmış tarixidir. Eposda xalqın həyatı bütün incəliklərinə qədər ifadə olunur. Hər bir milli epos onu yaradan xalqın tarixini, mədəniyyətini, adət-ənənələrini, əxlaqını, dünyagörüşünü, psixologiyasını, etnosiyasi, etnososial, etnoiqtisadi, etnomədəni görüşlərini, bir sözlə, bütün yaşam tərzini ehtiva edir. Təpəgöz obrazının hansı məqsədlə yarandığı məsələsinə də bu kontekstdən yanaşmaq lazımdır. “Dədə Qorqud” eposunda Təpəgözün doğulma səhnəsi ona görə bütün genişliyi ilə təsvir edilib. Alimlər tərəfindən daima araşdırılsa da, Təpəgöz bu gün folklorşünaslığın tədqiqata ehtiyacı olan mövzularındandır.
Do'stlaringiz bilan baham: |