Qara don
Oğuzlar arasında “ton” həmçinin zireh cəng (savaş) köynəyi mənasında dəbdə olmuşdur (KDQ Ensiklopediyası, 2000: 91). Bu halda “ton” sözü hem Oğuz igidləri üçün “demirdən”, “egni bek (bərk) demir tonlu”, həm də kafirlər (düşmən) üçün “kara tonlu” “demir tonlu” olaraq boylarda verilmişdir.
“Dədə Qorqud kitabı”nda “Dirsə xan oğlu Buğac xan boyu”nda “Kara tonlu azgun dinlü kafirlere bir oğul aldurdun ise degil mana” (Ergin, 2014: 87); Qazan bəy oğlu Uruz bəyin dustaq olduğu boyda “On altı bin kara tonlu kafir ata bindi.” (Ergin, 2014:157); Qanlı Qoca oğlu Qanturalı boyunda “Kan Turalı “Kara tonlu kafire at saldı, karşu vardı.” (Ergin, 2014:194); Bəkil oğlu Əmranın boyunda Əmran Bahadur “Kara tonlu kafirlere uğradunmı” (Ergin, 2014: 218) və Bəkil oğluna “Kara tonlu kafirlere uğradum”(Ergin, 2014: 219) olaraq cavab verir”. Uşun Qoca oğlu Səgrək boyunda “Kara tonlu kafire at saldılar, kılıç yorıtdılar” (Ergin, 2014:111) və yenə həmin boyda “Altı yüz kara tonlu kafir bunlarun üzerine koyıldılar” (Ergin, 2014: 225), “Vardılar nagahandan altmış demir tonlu kafir oğlanun üzerine geldiler” ifadələri işlədilib. Geyim kılcıdasından (Azərbaycan dilində cingiltəməsi, xırcıldaması), at çokramasından” (Ergin, 2009: 76,180). “Kılcıda” sözünün rus dilində kalçuqa (kaльчуга) (2: 29.11.2015) formasına düşərək zirehin özünü ifadə etdiyi düşünülə bilər. “Atına bindi, kara tonlu kafire kılıç urdı, basdı kalaya koydı.” (Ergin, 2014: 230) və Qazılıq Qoca oğlu Yegnek boyunda, “Kara tonlu kafire at deperem” (Ergin, 2014: 205) olaraq keçməkdədir.
Kafirlər üçün bir yerdə “gök dəmirli” ifadəsi istifadə edilmişdir. Bu Qanlı Qoca oğlu Qanturalı boyunda keçir. “Meger hanum tekür peşiman oldı. Üç canavar öldürdügi-y-içün bir kızçuğazumı aldı gitdi didi. İçin Kara tonlu gök demürlü altı yüz kafir seçdi.” (Ergin, 2014: 193). Bahəddin Ögələ görə, türklərdə dəmir müqəddəs sayılırdı və dəmirə, ümumi olaraq kök-Temür, “gök demir” deyilirdi (Ögel, 2014: 75), yəni göydən gələn səmavi dəmir. Bunu inkar etməyə cürət etməsəm də, düşünürəm ki, Bahəddin Ögələ sonradan Qurani Kərimin dəmiri göydən endirilməsi barədə olan ayəsinin şüuraltı təsiri olmamış deyil. Göy sözünü türk dillərində səmaya, mavi rəngə, həm də yaşıl rəngə aid edirlər. Məsələn, Azərbaycan türkcəsində göy göyərti, Özbəklərdə və Uygurlarda yaşıl çaya “kök” çay demələri bu qəbildəndir. Dəmir müqəddəs olduğu üçün düşüncədə, düşmənin əlində ola bilməzdi. Düşmənə qalib gəlmək üçün digər tərəfdən düşmənin silahı (geyimi) təriflənə, öyülə bilməzdi. Buna görə düşmənin silahına (geyiminə) “gök demirli” deyilməsi səma ilə bağlı deyil. Onların geyiminin artıq xarab olan, çürümüş, paxır (mis oksidi) tutmuş misdən olduğunu göstərir, yəni onların geyimi çürükdü və bizim qılıncla toqquşmağa davam gətirməyəcək və mis oksidinin, paxırın məhz tünd göy, bir az yaşıla çalan rəngdə olması bu ehtimalı gücləndirir. Bu ehtimalın doğru olduğu düşüncəsini böyük alimlərimizin, müəllimlərin önünə çıxartmaq cəsarətimizə görə həm Bahəddin Ögəldən, həm də bütün alim və müəllimlərdən üzr istəyirik. Lakin mənim böyük hocalarım Fikret Türkmen, Metin Ekici hocamız bizə fərqli düşünməyi öyrətdiklərinə görə özümüzdə bu cəsarəti tapdıq.
Salur Qazanın evinin yağmalandığı boyunda “Yidi bin kaftaninun ardı yırtuhlu yarımından kara saçlu sası dinlü din düşmeni alaca atlu kafir bindi, yılgadı dün puçuğında Kazan begün ordusına geldi.” (Ergin, 2014: 96) Bu cümlədə olduğu kimi düşməni təsvir edərkən kara donlu ardı yırtıqlı sözləri işlənmişdir ki, burda savaşa gələn düşmənin ardı yırtıqlı qara donlu olaraq görülə bilər. Düşmənin burada da alçaldılması qara donlu, ardı yırtıxlı deyilməsi ilə geyiminin misginliyinin göstərilməsi yuxarıda geyimi misdən, paxırlı, çürükdən olması fikirlərini bir daha təsdiqləyə bilər.
-
Do'stlaringiz bilan baham: |