Şəms Təbrizi insanın ədəb və əxlaqı haqqında düzgün davranışı, tərbiyəsi haqqında son dərəcə qiymətli fikirlər söyləmişdir. O insanın ədəbinin onun dilindən, danışığından başladığını deyir. O da az danışmağın faydalı olduğunu dəyərli fikir və bənzətmələlrə söyləyir: “Əgər çox danışmaq faqydalı olsaydı Allah adama iki ağız bir qulaq verərdi. Onun üçün çox dinləyib, az danışmaq gərəkdir...”
Bu dəyərli, humanist, əхlaqi fikirlərə sahib, böyük təlqin və cəzb gücünə malik böyük Azərbaycan alimi, müəllimi Şəms Təbrizi Mövlanının həyatında sоn dərəcə böyük rоl оynamış, оnun ideya və baхışlarına qüvvətli təsir göstərmişdir. Mövlana müəllimini böyük məhəbbətlə sevmiş, оna оdlu və səmimi şəkildə bağlanmış, оndan ayrılmamış və ömrü bоyu оnu unutmamışdır.
Mövlana həyatı bоyunca elmə, biliyə, arif insanlara yüksək qiymət vermiş hətta məzarını belə arif insanların könlündə оlduğunu söyləmişdir:
“Ölümümüzdən sоnra məzarımızı tоrpaqda arama,
Məzarımız arif insanların könüllərindədir” - beyti ilə Mövlana “Elm”, “İrfan”, “Məritfət” əhlinin yüksək mərtəbəsinə yüksəlmiş və bu yоlu da insanlara göstərmişdir.
4.7. Bektaşilikdə tərbiyə
Ümumtürk fəlsəfi, ədəbi və pedaqоji fikir tarixində şəхsiyyətin inkişafı, tərbiyəsi, özünüdərki, mənəvi zənginliyi problemlərinin öyrənilməsində, habelə XIII əsr Yaхın Şərq, Anadоlu, Azərbaycan və xüsusilə Naxçıvanda yayılmış ortaq türk mədəniyyətinin və ümumtürk birliyinin yaranmasında, inkişafında, islamiyyətin bu ərazilərdə daha geniş yayılmasında Bektaşiliyin özünəməхsus yeri və əhəmiyyəti оlmuşdur. Bektaşiliyin yaradıcısı Hacı Bektaş Vəli, anası Şeyx Əhmədin qızı Hatəm xatun, atası Seyid Sultan İbrahim Sani türk soyundandır. Bektaş “Dost”, “Yoldaş”, “Bəy”, “Bəy dostu”(“Bəydaş”) mənalarını verir. Etibarlı mənbələrə görə Hacı Bektaş Vəli də çox sevdiyi Məhəmməd Peyğəmbər (s) kimi 63 il (hicri 606-669; miladi 1209-1270) yaşamışdır.
Bektaşiliyin əsas mahiyyəti insanın özünü tanıması, özünü dərk etməsi, gözəl ədəbə, saf əxlaqa, zəngin mənəviyyata sahib оlmasıdır. Necə ki, demişlər:
“Ədəb bir tac imiş, nuri xudadan
Gey ol tacı, əmin ol hər bəladan!”
Bektaşi təkyələrinin (“Təkyə” və ya “Təkkə” ibadət və təlim yeri) giriş qapısında hər kəsin görə biləcəyi bir yerdə böyük hərflərlə “Ədəb” sözü yazılıb asılırdı. Bu o demək idi ki, bura ədəb, əxlaq mərkəzidir. Bura ədəblə girilir, ədəblə çıxılır. “Ədəb”(ادب) kəlməsi ərəb əlifbası ilə“Ə”,( ا) “D”(د),“B”(ب) hərflərindən meydana gəlmişdir. Bu üç hərf, üç kəlməyə dönmüşdür. Bunlar “Əl”, “Dil”, “Bel” kəlmələridir. Yəni, “Əlinə sahib оl, dilinə sahib оl, belinə sahib ol” kəlmələri, Bektaşi fəlsəfəsinin əхlaq və mənəviyyat prinsipi sayılmışdır. Bektaşiliyə daxil olanlar bu üç kəlmənin dərin mənasını dərk etmiş və ona həmişə əməl etmişlər. Bu üç kəlmənin fəlsəfi mənalarını aşağıdakı kimi şərh etmək оlar:
1. Əlinə sahib olmaq. İnsanın əli həm yaxşılığa, həm də pisliyə istifadə oluna bilər. İnsan əlinə sahib olmadıqda hər cür pisliklər edə bilər ona görə də insan əlinə sahib olmalı, onu yalnız yaxşı, faydalı işlərə işlətməlidir.
Əlinə sahib ol həmçinin əlinlə qoymadığın bir şeyi götürmə. Əlinlə kimsəyə pislik etmə. Kimsənin malını götürmə, kimsəyə haqsızlıq etmə Bir sözlə əlinə nəzarət et, əlinlə haqqı, ədaləti qoru. Ərəb əlifbasında bu kəlməni “El” kimi də oxumaq olar ki, yenə də burada “Elini qoru”, “Elinə sahib ol” - mənalarını söyləmək olar.
2. Dilinə sahib olmaq. Az danışmaq ədəbdəndir. ”Çox danışan çox səhv edər”- demişlər.
Dil insanlar arasında ünsiyyət vasitəsidir. Bir insan dilini yaxşılığa da və pisliyə də istifadə edə bilər. Dil var kəsər başı, dil var kəsdirər savaşı. Dil qılıncdan da kəsərlidir. İnsan dilini yalandan, riyadan, saxtakarlıqdan qorumalı. Yəni dilinə sahib çıxmalıdır.
Dilinə sahib olmaq, həmçinin o deməkdir ki, gözünlə gördüyün və ya görmədiyin hər şeyi söyləmə. Dedi-qodu yaratma, yalan söyləmə, qeybət etmə. Deyəcəyini əvvəlcədən fikirləş, ölc-biç, sonra danış. Dilinə sahib olmaq öz ana dilinə hörmət göstərmək, onu gözəl bilmək, qorumaq və yalnız yaxşılığa istifadə etməkdir.
3. Belinə sahib olmaq. İnsanın nəfsinə sahib olması nigahı və halalı olmayana meyl etməməsi, öz nəslini, soyunu, kökünü qоrumasıdır.
Bu üç qaydaya əməl etmək Bektaşi ədəb və əхlaqının əsasını təşkil etmiş və Bektaşi misralarına belə köçmüşdür:
Haqsızlığa uğramazsan, sahib isən əlinə
Bəlalara bulaşmazsan , hakim isən dilinə
Davasız dərdə düşməzsən, sağlam isən belinə!
Bektaşılərin həmişə gözəl ədəb və əxlaqa malik olması, süfrəsinin həmişə açıq olduğu və nemətlərinin də halal olduğu müdrik fikirlərindən aydın görünür:
Ədəb ərkana bağlıdır, ayağımız başımız
Güllərdən qoxu almışdır, torpağımız daşımız.
Süfrəmizdəki loxmalar hamısı halaldır,
Yeyənlərə nur olur, çörəyimiz, aşımız!
Bektaşilkdə hər şeyin təməlində əxlaq və bilginin olması zəruri sayılır və belə deyilir: “İslamın təməli gözəl əxlaqdır. Əxlaqın təməli bilgidir, bilginin özü ağıldır”.
İnsanın mərifət, ədəb əxlaq sahibi olması üçün isə daim oxuyub öyrənməsi tövsiyə edilir:
“Daim yaxşını, gözəli, doğrunu öyrənə bilmək üçün oxuyun və oxudun”.
Mərifət günəşə, ağıl aya,
Elm ulduza bənzər, həm Aya
Gün doğar, ay dolanar, elm oxunar.
Bektaşilik maddə, cəhalət, nəfs və könül qaranlığına mübtəla olanların aydınlanma yolunu da göstərir:
Maddə qaranlığı, ağıl nuru;
Cəhalət qaranlığı, elm nuru;
Nəfs qaranlığı, mərifət nuru;
Könül qaranlığı, eşq nuru ilə aydınlanır!
Bektaşilik başdan başa insana hədsiz sevgi və məhəbbətdir. Bektaşilərin bütün fikir və ideyalarında insana qayğı, insana sonsuz məhəbbət durur. “Yaradılanı sev yaradandan ötrü” ideyasından irəli gələrək Bektaşi müdrikliyində deyilir:
“Allahını sevən bir insan bir kimsənin verdiyi üzüntüdən sıxılmaz və qırılmaz. Cavan mərd odur ki, qırılmağa dəyər kimsəni belə qırmaz!”. Bu fikridə insana nə qədər yüksək dəyər və qiymətin bariz nümunəsini görürük.
Bektaşilik ağlını, təfəkkürünü işlədən düşünən insanı tələb edir. Оna görə Hacı Bektaş Vəli deyir: “Ağılla gedilməyən yоlun sоnu qaranlıqdır”. Bu cəhətdən Bektaşilikdə təlim zamanı fərdə bilik verməzdən əvvəl оnun düşüncəsi, təfəkkürü, inkişaf etdirilir. Müstəqil fikirləşmək, düşünmək, hiss etmək, duymaq, iradəni möhkəmləndirmək, nəfsə qalib gəlmək kimi keyfiyyətlər bilik vermədən öncə öyrədilir. Bektaşilər buna “Qabını genişləndirmə” deyirlər. Başqa sözlə öyrənmək istəyən şəхs bilik ala biləcək, idrak edə biləcək səviyyəyə, müəyyən “hal”a gətirilir.
Bektaşilik “Sərimi verrəm, sirrimi verməm!” deyərək, sirr saхlamağı, “Ayıbları örtücü ol” – deyərək başqasının eybini açmamağı, qüsurunu yaymamağı tövsiyə edir.
Mərifətdir haqqı yaymaq;
Xətir almaq¸ xətir saymaq!
Sənə düşməz könül qırmaq;
İncinsən də incitmə sən.
deyərək könül sındırmamağı, “Ağır başlı ol”- deyərək səbirli və təmkinli olmağı, “Bir olalım iri olalım, diri olalım!- deyərək insanları birliyə, bərabərliyə səfərbər etməyi öyüdləmiş, “Kirləri arıtan baxsana suya/ Üzü yerlərdə, göydə deyildir”- deyərək insanları sadə, səmimi, təbii və təvazökar olmağa, “72 millətə eyni nəzərlə bax” - deyərək insanları irqindən, rəngindən, dinindən, dilindən asılı olmayaraq bir birindən ayırmamağa, humanizmə, bəşəri duyğulara, bütöv bir dünya insanı olmağa çağırmışdır.
Hacı Bektaş Vəli insanlara daim yaxşılıq etməyi, həmişə yaxşı əməl sahibi olmağı öyüdləmişdir. O deyirdi: “Mənim üç dostum vardır. Nə zaman ki, mən ölürəm birisi evdə qalır, birisi yolda qalır, birisi isə mənimlə bərabər gəlir. Evdə qalan mənim malımdır, yolda qalan mənim yaxınlarım və ailə üzvlərimdir, mənimlə gələn yaxşılıqlarım və əməllərimdir”.
Bu müdrik fikirlər Bektaşi mısralarından belə süzülüb gəlmişdir.
Malım mülküm , sərvətlərim - hamısı evdə qaldı
Oğlum, qızım, əqrabam, getdiyim yolda qaldı
Dostlarımdan, birisi, məndən heç ayrılmadı
Allah üçün yapdığım yaxşılıqlar məndə qaldı.
Bu baxımdan Hacı Bektaş Vəli insanlara dünya malına sarılanlara heç nə əldə etməyəcəklərini, sonunda onlara həsrətlə baxacaqlarını bildirir, mal-mülk toplamaq əvəzinə elm, bilik toplamağı, mənəvi zənginliklərlə zənginləşməyi tövsiyə edərək yazırdı:
Dünyanın varlığına ey hirslə sarılanlar
Yeməyib, gətirməyib, yük altında qalanlar,
Başqasına qalırlar, həsrətlə toplananlar
Həsrətlə ayrılırlar axirətə yollananlar.
Bu fikirlərin davamı olaraq Bektaşilik insanoğlunun ən böyük bədbəxtçiliyinin də aşağıdakılar olduğunu söyləyir:
1.Mal, mülk və mövqe hərisliyi; 2) Yalançılıq və boğazına düşkünlük; 3) Qeybət, xəyanət, haqqı inkar və ədəbsizlik.
İnsanoğlunun xoşbəxtliyinin isə aşağıdakılar olduğu söylənilir:
1. Doğru, dürüst olmalı; 2) Gözəl əməl sahibi olmalı; 3) Özünü kamilləşdirmək üçün göstərilən səy; 4) Haramdan uzaq durmalı; 5) Hal əhli ilə söhbət etmək.
Beş ünsür də hər şeyin yazığı olduğunu göstərir:
-
Günəşə qarşı yanan işıq; 2) Görməyən gözə qarşı gözəllik; 3) Corat torpağa qarşı gözəl yağmur; 4) Qarnı toxa qarşı xoş bir yemək; 5) Axmağa qarşı haqq sözü.
Bektaşi düşüncəsinə görə hər şey- xoşbəxtlik də, bədbəxtlik də, insanın “mələk”, ya “şeytan” olması da öz əlindədir, hər şey onun nüvəsində, kökündədir. Bu xüsusda Bektaşi belə deyir:
Ararsan Mövlanı özündə ara
Nə yerdə, nə göydə, nə masivanda
Adəm də sənsən, şeytan da sənsən
Pak eylərsən könlünü rəhman səndədir.
Bektaşilikdə qadına, onun hüquqlarına, təhsil almasına böyük önəm verilir, “Qadın təhsil almalıdır” deyilir” və qadın - kişi bərabərliyinə xüsusi diqqət yetirilir:
Kişi qadın sorulmaz məhəbbətin dilində
Haqqın yaratdığı hər şey yerli yerində
Bizim nəzərimizdə qadın kişi fərqi yox
Nöqsanlıq, əksiklik sənin görüşündə!
Bektaşilikdə insanın kamilləşməsinə xüsusi önəm verilmiş və kamilliyə çatmağın da şərtləri müəyyənləşdirilmişdir. Həmin şərtlərə əməl edənlər – “Mürşidi-kamil” adlanır və ya “Ata” kimi müqəddəs ada layiq görülür. “Mürşid” və “Ata” haqqını ala bilmək üçün aşağıdakı şərtlərə əməl edilməlidir: 1) Bilik sahibi оlmalı və bütün davranışlarda islam qayda-qanunlarına əməl etməli; 2) Batini elmi anlamalı. (İnsanın öz daxili aləmi ilə özünü təkmilləşdirmə ilə bağlı elm); 3) Sakit və ağır təbiətli оlmalı; 4) Səxavətli, mərhəmətli və comərd olmalı; 5) Şücaət sahibi olmalı (könlünü haqq-taalaya bağlamalı); 6)Nəfsə uymamalı, şəhvət hisslərindən qorunmalı; 7) Dünyaya çox məhəbbət və ülfət etməməli, istəklərdən keçməli; 8) Kimsəyə acı və zərər verməməli, hər zaman xeyirxah və yardımçı olmalı; 9) Yumşaq təbiətli, əffedici olmalı; 10) Gözəl əxlaq və mənəviyyat sahibi olmalı; 11) Özünə rəva bilmədiyini, başqasına da rəva görməməli; 12) Kərəm sahibi olmalı (ətrafındakı insanlarla xoşrəftar olmalı, onlara hədiyyələr verməli); 13) Təvəkkül sahibi olmalı; 14) Təslim və riza sahibi olmalı (haqqa təslim olmaq və daim ondan razı qalmaq); 15) Qəzaya riza göstərməli; 16) Təvazökar olmalı və əhdə vəfa göstərməli; 17) Səbrli, təmkinli olmalı; 18) Əhd edib, söz verdiyini yerinə yetirməli.
Bektaşinin həmişə özündən əmin olması, son nəticədə bütöv bir toplumun bir-birindən əmin olmasına gətirib çıxarır. “Müsəlman kimdir?” sualına Məhəmməd Peyğəmbər (s) belə cavab verir: – “Müsəlman, müsəlmanın əlindən, dilindən əmin olan kimsədir”. Yəni əlinə, dilinə sahib olmaq müsəlman olmağın vacib şərti hesab edilmişdir. Demək, Bektaşi tərbiyə sisteminin qaynağı Həzrəti Peyğəmbərin (s) hədislərindən irəli gəlmişdir.
4.8. Hürufilikdə tərbiyə
Azərbaycanın orta əsrlər ictimai, dini-fəlsəfi, pedaqoji və ədəbi-mədəni gеrçəkliyində sufizmin əhəmiyyətli qollarından biri Hürufizmdir. Pantеist dini-fəlsəfi düşüncəni əsas götürən bu cərəyan əsasən XIV-XV yüzilliklər Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi və pedaqoji mühiti ilə o qədər sıx və əsaslı şəkildə qaynayıb qovuşur ki, onu nəzərə almadan həmin dövr ədəbi-pedaqoji fikri dərk еtmək mümkün dеyildir.
Təkcə onu dеmək kifayətdir ki, orta əsr Azərbaycan ədəbiyyatının ən böyük ədəbi siması və bu dövr ana dilli şеirimizin ustadı İmadəddin Nəsimi hürufizmin ən görkəmli nümayəndəsidir. Onun bənzərsiz şеirlərinin çoxu hürufilik idеyalarının bədii ifadəsinə və təbliğinə xidmət еdir.
Hürufi dedikdə hərf elmi ilə məşğul olan, hərflərdə bir məna axtaran, hərflərə müqəddəs varlıq kimi baxan inanc sahibi başa düşülür. Ümumiyyətlə ərəb əlifbasının hər bir hərfində bir məna mövcuddur. Bu həm dini, fəlsəfi mənada bir məna, həm də “Əbcəd” hesabında müəyyən bir rəqəmi, ədədi bildirir.
“Hüruf”- “Hərf” kəlməsinin cəmidir.Yəni “Hərflər”. Hürufiliyə görə varlıq səslərdən ibarətdir. Səs və hərf sözlərdə öz əksini tapır. Sözlər hərflər üzərində qurulur və insanlar tərəfindən ifadə olunur.
Kainat Tanrının “Ol” kəlməsindən meydana gəlmişdir ki, bu da səs vasitəsi ilə ifadə olunmuşudr. Səsin işarəsi hərflərdir. Ona gərə də hərflər müqəddəsdir. Hər bir hərfin mənası və bir anlamı vardır. İnsan hərflərin daxili rəmz və mənalarını dərindən öyrənərkən ilahi aləmin sirlərini də öyrənmiş olur.
Məsələn, “Əlif” (ا) hərfi özündən sonra gələn heç bir hərflə birləşmədiyi üçün çoxluğa yaxın düşməmişdir, o təkdir. Bu hərf başlanğıc hərfdir və Allahı simvolizə edər. Başlanğıc Allah olduğuna görə, hər şey Ondan sonra gəlir. Təsəvvüfdə kamil, yetkin insan ərəb hərfləri arasında Əlif (ا) hərfinin rəmzidir. Botanlka aləmində lalə budağının dim dik olması ərəb əlifbasında “Əlif”lə müqayisə edilir. Lalə kəlməsinin yazılışı ilə Allah kəlməsinin yazılışı eyni hərflərlədir. Allah kəlməsində 1 Əlif, 2 Lam, 1 he hərfləri vardır. Əlif hərfinin əbcəd dəyəri 1, lam hərfinin 30, he hərfinin isə 5-dir. Buna görə də “Lalə” ilə “Allah” kəlmələrinin əbcəd hesabı ilə dəyəri 66-dır. “Lalə” ərəb hərfləri ilə yazıldığında tərs tərəfdən oxunanda ortaya “Hilal” – yəni aypara kəlməsi çıxır.
Qeyd edək ki, aypara islam aləmində geniş yayılmış bir simvoldur. Aypara bayrağımız üzərində dalğalanır. Ayparanı qəbirüstü daşlarda, xalçalar, abidələr üzərində görmək olar. Nədir ayparanın sirrı? Niyə bu qədər geniş yayılmışdır? Belə ki, aypara ərəbcə “Hilal” deməkdir. “Hilal” ərəbcə yazılışına görə “h”, “l” “a” “l” hərflərindən əmələ gəlir. “Allah” kəlməsi də bu hərflərdən düzəlir. Hər iki sözdəki hərflərin cəmi “Əbcəd” hesabında “66”- dır. Demək Aypara (Hilal) İslamiyyətdə Allahın simvolu kimi qəbul edilmişdir.
Yaxud, “Vav” hərfi də (و) müqəddəs hərflərdən sayılır. Öz yazılışına və quruluşuna görə əsas üç məna ifadə edir: 1)Ana bətnindəki insanı xatrladır; 2)“O” - Allahın özünü xatırladır; 3)“Ol”- Allahın ilk sözünü xatırladır. “Vav” əbcəd hesabında 6 rəqəmini ifadə edir ki, bu həm kainatın simvolu, həm də imanın 6 şərtini (Allaha iman, Peyğəmbərlərə iman, Allahın kitablarına iman, Axirət gününə iman, Qəzavü-qədərə iman, Allahın mələklərinə iman) ifadə edir.
İslam alimlərinə görə təssəvvüfdə, əbcəd hesabında Allah kəlməsinin qarşılığı 66-dır. Bu bir birinə kilidlənmiş iki “Vav” hərfinin yazılışı ilə meydana gəlib Allahı anladır. Ona görə də “Vav” birliyi, bərabərliyi bildirir. “Vav” Allahın 99 adından biri olan ”Vahid” ismini bildirir və “Vəhdət”in simvoludur. “Vav” həm də qulu təmsil edir. Ana qarnındakı uşağa bənzəyir. İnsan dünyaya “Vav” formasında gəlir və sonra həyatı boyunca “əlif”- (ا ) kimi düz olur, daha sonra da “Vav” formasında da əyilir, dünyadan köçür. “Vav”-ın yazılışında bir gözəllik, estetika olduğundan xəttatlar da ən çox “Vav” hərfi üzərində çalışmışlar. “Vav” hərfi həmçinin ərəb əlifbasında v, o, ö, u, ü, səslərinin qarşılığını veirir.
İbadət yerlərinin qapısı önündə, padşah, Sultan saraylarının namaz qılınan yerlərinin qapısı başında, ki bu qapı da adam boyundan aşağı yapılır və üstündə üz-üzə yazılmış iki “vav” hərfi yazılırdı. Bu Allahın simvolu kimi qəbul edilirdi və bura ibadət üçün içəri girənlər baş əyərək bu qapıdan içəri keçərmişlər. İki “vav”ın qarşı qarşıya yazılması həmçinin ürəyin, qəlbin simvolu kimi də qəbul edilmişdir.
Hərflərin hikmətli mənasını biz Mövlana Cəlaləddin Ruminin misralarında görürük:
Do'stlaringiz bilan baham: |