8.6. Fiziki tərbiyə
Hərtərəfli inkişaf etmiş şəxsin ən mühüm keyfiyyətlərindən biri onun sağlamlığı, fiziki kamilliyidir. Sağlamlığın qeydinə qalmaq, fiziki gücün artırılmasına qayğı göstərmək insanın əxlaqi keyfiyyətlərinin bir göstəricisidir.
Ağlın yetkinləşməsində, əxlaqi keyfiyyətlərin kamilləşməsində, xoş əhval ruhiyyənin yaradılmasında, hafizənin və digər psixoloji proses və xüsusiyyətlərin inkişafında fiziki tərbiyənin rolu böyükdür.
Fiziki keyfiyyətlər arasında geniş formalaşdırılanlar – dözüm-lülük, cəldlik, çeviklik, güclülük, elastiklik, surət fiziki tərbiyə vasitəsilə həyata keçirilir. Hüseyn Caivd gənc nəslə müraciətlə deyirdi:
“Mənim diləyim sizlər üçün,
Sağlam bədən, sağlam sinir, sağlam beyin..”
Fiziki tərbiyə şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir. Fiziki tərbiyə əqli inkişafa kömək edir. Sağlamlıq səmərəli zehni fəaliyyətin vacib şərtidir: o, insanın fikir qüvvəsini artırır, yorğunluğu aradan qaldırır, iş qabiliyyətini bərpa edir.
Fiziki tərbiyə insanları Vətəni müdafiə etməyə hazırlayır. Bunun üçün təlim müəssisələri xüsusi proqram əsasında fəaliyyət göstərir. Fiziki tərbiyə həmçinin əqli inkişaf vasitəsidir. Belə ki, fiziki cəhətdən zəif və nöqsanlı insanların əqli inkişafında da çatışmazlıq və ya nöqsanlar mövcud olur. Bu nöqteyi nəzərdən H. Zərdabi fiziki tərbiyəni hərtərəfli və harmonik şəxsiyyət formalaşdırmanın əsas şərtlərindən biri hesab edirdi. Onun fikrincə, fiziki tərbiyə əqli və əxlaq tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir
Fiziki tərbiyə insanın əxlaqi-iradi inkişafının da mühüm vasitəsidir: o, iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, kollektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir.
Görkəmli fizioloq P.F. Lesqaft fiziki tərbiyəni yüksək qiy-mətləndirmiş, onu iradə və xarakterin formalaşmasında, əxlaq tərbiyəsində, əqli qabiliyyətlərin, fikri fəallığın, bədii zövqün inkşafında mühüm amil, vasitə hesab etmişdir.
Göründüyü kimi, fiziki tərbiyə şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Buna görə də gənc nəslin fiziki tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır.
Fiziki tərbiyənin əsas məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata hazırlamaqdan ibarətdir. Bu ümumi məqsədə nail olmaq üçün fiziki tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur:
1) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;
2) məktəblilərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış, tullanmaq, üzmək və s.) aşılamaq;
3) uşaq və gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa, öz bədənini möhkəmlətməyə tələbat yaratmaq;
4) fiziki mədəniyyətə, gigiyena və təbabətə aid bilik və vərdişlər aşılamaq;
5) böyüyən nəsildə təlim, əmək və vətən müdafiəsi üçün zəruri olan iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək, onlarda qorxu, inamsızlıq, səbirsizlik və s. kimi mənfi keyfiyyətləri aradan qaldırmaq əzmi formalaşdırmaq.
Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla həyata keçirilir.
Fiziki tərbiyənin vasitələrinə təbii amillər, fiziki təmrinlər, gigiyenik amillər daxildir.
Fiziki tərbiyənin mühüm bir vasitəsi təbii amillərdən istifadə etməkdir. Təbii amillər təbiətin sağlamlaşdırıcı qüvvələridir. Bura günəş, hava, su daxildir. İnsan orqanizminin təmiz havaya (oksigenə), suya, günəş şüasına böyük ehtiyacı vardır. Təmiz hava insan orqanizmi, beyin, ciyər və ürəyin fəaliyyəti üçün zəruridir. Çirkli hava (karbon qazı) beyni yorur, orqanizmin müqavimət gücünü zəiflədir, belə havada mikrob çox olur.
Günəş həyat mənbəyidir. Günəş şüası mikrobları məhv edir, qan damarlarını genişləndirir, orqanizmin müqavimətini artırır. Günəş düşməyən evdə insan tez xəstələnir.
Su da böyük sağlamlaşdırıcı təsirə malikdir: su dərini təmizləyir, tənəffüsü yaxşılaşdırır, əsəbləri sakitləşdirir.
Fiziki təmrinlər fiziki tərbiyə vəzifələrinin həlli üçün xüsusi seçilib tətbiq edilən əsas hərəkətlər və hərəkət əməliyyatlarıdır. Fiziki təmrinlərin təsnifatına müxtəlif yanaşma halları vardır. Nisbətən geniş yayılmış təsnifat fiziki tərbiyə vasitələrinin tarixən formalaşmış sisteminə əsaslanır. Buraya gimnastika, oyun, idman və turizm daxildir.
Gimnastika bütövlükdə orqanizmin və onun ayrı-ayrı sistem və funksiyalarının inkişaf etdirmək məqsədi ilə aparılan xüsusi təmrinlərdir. Gimnastikanın müxtəlif növləri ayırd edilir: əsas, gigiyenik, idman, bədii, istehsalat, müalicə gimnastikası.
Oyunlar fiziki təmrinlərin geniş yayılmış növüdür. Oyun həm fiziki, həm də mənəvi tərbiyə vasitəsidir. Oyunda uşaqların orqanizmi, fiziki qüvvələri, düşüncə bacarığı, hazırcavablıq, təşəbbüskarlıq inkişaf edir, kollektivçilik, yoldaşlıq və dostluq keyfiyyətləri formalaşır
Oyunlar iki növdə olur: hərəkətli və idman oyunları. Hərəkətli oyunlar əsasən ibtidai siniflərdə, idman oyunları isə məktəbin orta və yuxarı siniflərində keçirilir.
İdman fiziki təmrinlərin daha mürəkkəb növüdür. İdmanda bədəni möhkəmlətmək vəzifəsi fiziki çalışmaların ayrı-ayrı növlərində (yüngül atletika, güləş, üzgüçülük, futbol, voleybol, basketbol, dama, şahmat və s.) yüksək nəticələr əldə etmək uğrunda mübarizə ilə qovuşur.
Turizm doğma diyarın təbiəti, tarixi və mədəni yerləri ilə tanışlıq, şagirdlərin görüş dairəsini genişləndirmək məqsədi ilə keçirilən yürüş və gəzintilərdir. O, uşaq və gənclərin fiziki dözümlüyünü, ətraf aləmə bələdliyini, sərbəstliyini təmin etməyə, kollektiv həyat və fəaliyyət təcrübəsi qazanmağa kömək göstərir.
Gigiyenik amillər fiziki tərbiyə, sağlamlıq baxımından böyük əhəmiyyətə malikdir. Gigiyenik amillərə qida, yuxu, istirahət, bədənə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat geyim və s. daxildir.
Sağlamlıq üçün normal qida vacib şərtdir. Yemək müəyyən hədd daxilində olmalıdır: həddən çox və az yemək də zərərlidir.
Qidada zülalların, vitaminlərin, mineral maddələrin olmasına diqqət yetirilməlidir. Zülal çatışmazlığı üzdə qırışlara, rəngin solmasına, saç tökülməsinə, böyrək xəstəliyinə səbəb olur. Vitamin və mineral çatışmazlığından dəri xəstəlikləri, saç tökülməsi, göz və ürək zəifliyi, dırnaq sınması, qanazlığı və s. baş verir.
Normal yuxu da sağlamlıq üçün mühüm şərtdir. O, yorğunluğu götürür, orqanizmin iş qabiliyyətini bərpa edir. Normadan çox və az yatmaq eyni dərəcədə zərərlidir. Çox yatmaq orqanizmi süstləşdirir, kökəlməyə və piylənməyə (xüsusən yeməkdən sonra) səbəb olur, insanı passivləşdirir, bəzən yatımlılıq kimi mənfi adətin yaranmasına gətirib çıxarır.
Gigiyenik amillər içərisində düzgün gün rejimi böyük əhəmiyyətə malikdir. Rejim insanın həyat tərzini nizama salan qaydaların məcmusudur. O, iş və istirahəti tənzim edir, insanda intizamlılıq, səliqəlilik, dəqiqlik, təşkilatçılıq tərbiyə edir, müsbət adətlər yaradır.
Ailədə və məktəbdə sanitar-gigiyenik tələblərə ciddi əməl edilməlidir. Ailədə şagirdin iş otağı, məktəbin sinif otaqları gigiye-nik tələblərə (optimal həcmi, hava tutumu, işıq və istilik rejimi, havasının dəyişilməsi, əşyaların yaş əsgi ilə silinməsi və s.) cavab verməlidir.
Partalar uşaqların boyuna uyğun və rahat olmalıdır.
Ailədə sanitar-gigiyenik tələblərin gündəlik icrasına və adətə çevrilməsinə çalışmaq lazımdır: uşaqlar hər səhər və axşam dişlərini fırça ilə yumalı, yeməkdən qabaq əllərini yumalı, yeməkdən sonra ağzı yaxalamalıdırlar.
Məktəbdə fiziki tərbiyənin təşkili formaları. Fiziki tərbiyənin həyata keçirilməsi səmərəli formalar seçib tətbiq etməyi tələb edir. Belə formalara bədən tərbiyəsi dərsləri, fakültativ məşğələlər, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə sinifdənxaric və məktəbdənkənar tədbirlər daxildir.
Bədən tərbiyəsi dərsləri fiziki tərbiyənin əsas, bütün şagirdlər üçün məcburi olan məşğələ formasıdır.
Fiziki cəhətdən hazırlıqlı və idmana həvəs göstərən şagirdlər üçün fakültativ məşğələlər keçirilir. Bu məşğələlər könüllülük əsasında həftədə iki dəfə təşkil olunur.
Fiziki tərbiyənin mühüm forması kimi gün rejimində idman-sağlamlıq tədbirləri böyük əhəmiyyətə malikdir. Bu tədbirlərə daxildir: səhər gimnastikası; dərslərdə (xüsusən ibtidai siniflərdə) yorğunluğu götürmək üçün 2-3 dəqiqəlik bədən tərbiyəsi dəqiqələri; böyük tənəffüslərdə açıq havada oyun və əyləncələr.
Fiziki tərbiyə üzrə sinifdənxaric işlər uşaq və gəncləri sistemli şəkildə bədən tərbiyəsi və idmana cəlb etməyə, onların asudə vax-tını səmərəli təşkil etməyə imkan verir. Sinifdənxaric fiziki tərbiyə tədbirlərinə idman dərnəkləri və bölmələri, oyun və əyləncələr, idman yarışları, idman bayramları, Spartakiadalar və s. daxildir.
Fiziki tərbiyə sahəsində məktəbdənkənar işlər də çoxcəhətli və rəngarəngdir. Bu işləri uşaq idman məktəbləri, uşaq turist stansiyaları, mədəniyyət və istirahət parkları, idman bazaları, könüllü idman təşkilatları və başqa müəssisə və təşkilatlar təşkil edirlər.
8.7. Ekoloji tərbiyə
"Ekologiya" yunan sözü olub, yurd (məkan) haqda təlim deməkdir. Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissəsidir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.
Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. İnsan təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə insanı bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, ona həyat verir. Lakin bəzən insan öz yaşamaq mənbəyini - təbiəti, ekoloji mühiti korlayır; udduğu havanı, içdiyi suyu, məhsulunu yediyi torpağı zəhərləyir. Bu yolla insanlıq öz-özünü məhvə aparır, özü üçün dəhşətli fəlakətlər, xəstəliklər yaradır.
Bunun qarşısını almaq üçün kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq lazımdır. Hər bir insan - şəxsiyyət və vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir. Bu, dünyanın hər bir sakininin insanlıq borcudur.
Ekoloji tərbiyədə aşağıdakı vəzifələr həyata keçirilir:
- böyüyən nəsildə ekoloji şüur formalaşdırmaq;
- uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun korlanmasına qarşı barışmazlıq hissləri aşılamaq;
- təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq;
- məktəblilərin şüurunda və fəaliyyətində təbii ehtiyatlara, maddi sərvətlərə qənaətcil yanaşmaq münasibəti tərbiyələndirmək;
- təsərrüfat-iqtisadi vəzifələri vicdanla yerinə yetirməyə alışdırmaq;
- gənc nəsli təbiətin mühafizə işinə cəlb etmək.
Ekoloji tərbiyəni təkmilləşdirmək cəhdləri əvvəlcə ailədən, sonra isə ibtidai məktəbdən başlanılmalıdır. Bu cəhdlərin təməli daha çox özünü ibtidai sinif məktəblərində büruzə verir. Kiçik yaşlı məktəblilərdə ekoloji tərbiyəni formalaşdırmazdan əvvəl ilk öncə onun komponentlərini müəyyən etmək lazımdır. Ekoloji tərbiyənin komponentlərinə ekoloji şüur, ekoloji bilik, ekoloji təhsil, ekoloji təfəkkür, ekoloji dünyagörüşü, ekoloji fəaliyyət və ekoloji davranış aiddir. Ən mühüm komponentlərdən biri də ekoloji bilikdir. Kiçik yaşlı məktəblilərdə ekoloji tərbiyəni formalaşdırmazdan öncə onları ekoloji biliklərlə silahlandırmaq lazımdır. Həmin əldə edilən ekoloji bilikləri daha yaxşı mənimsəmələri üçün ekoloji bilik və məlumatları şüurlu surətdə dərk etməlidirlər. Belə ki, ekoloji bilik bizi əhatə edən canlı təbiətin strukturu haqqında olan biliklərdir. Geniş mənada ekoloji biliklər bizi əhatə edən canlı və cansız təbiətin mahiyyəti və dinamikası haqqında elmi məlumatın inteqrasiya olunmuş formasıdır ki,burada Yerin canlı qatının işi və onun biosferinin tamlığı da əhatə olunur.
Kiçik yaşlı məktəblilərə ekoloji biliklərin aşılanması çox mühüm bir prosesdir. Ekoloji biliklərin dərindən mənimsəyən şagirdlər özlərini əhatə edən təbiətdə baş verən hadisələri təhlil etmək bacarığına, təbiətin ayrı-ayrı komponentləri arasındakı səbəb-nəticə əlaqələrini müəyyən etmək qabiliyyətinə malik olurlar.
Ekoloji bilikləri kiçik yaşlı məktəblilərə aşılamaq üçün təlim-tərbiyə proqramında ekoloji mövzulara xüsusi yer verilməlidir. Onlar ətraf mühit anlayışı ilə əlaqədar yaşa müvafiq olaraq biliklər qazanmağa müvəffəq olduqdan sonra təbiətə qayğılı münasibət bəsləməli olacaqlar. Ətraf mühitdən asılı olaraq hər bir canlının həyat tərzi tənzimlənir. Ətraf aləm haqqında sadə informasiyaya malik olan uşaq bilməlidir ki, o, daim ətraf mühitdən asılı olur və onun orqanizminin dəyişməsində, formalaşmasında əsas rol oynayır.
Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Kiçik yaşlardan buna diqqət yetirilməzsə, uşaqda təbiətə, heyvan və quşlara qarşı laqeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər. Təbiətə qarşı qəddarlıq təbiət gözəlliklərinə laqeydlikdən, ətraf aləmə qeyri-həssas münasibətdən, bir sözlə, uşaq qəlbində xeyirxahlıq hisslərinin kütləşməsindən başlanır.
Ailədə və uşaq bağçasında aparılan ekoloji tərbiyə işləri məktəbdə daha da inkişaf etdirilir və sistemli şəkil alır. Təlim prosesi ekoloji tərbiyənin çox mühüm yoludur. Ayrı-ayrı fənlərin tədrisində ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır. İbtidai siniflərdə şagirdlər təbiətşünaslıq və ətraf aləmlə tanışlıq dərslərində təbiət və onun mühafizəsi haqqında ilkin təsəvvürlərə yiyələnir, onlarda təbiətə məhəbbət, onu qorumağın vacibliyi fikri aşılanır.
Orta və yuxarı siniflərdə ekoloji təhsil və tərbiyə işləri genişləndirilir. Kimya dərslərində torpağın münbitliyini saxlamaq üçün kimyəvi gübrələrdən istifadə edilməsi, sənaye və məişət tullantılarının emalı, ekoloji cəhətdən təmiz ərzaq məhsullarının istehsalı və s. barədə təsəvvürlər aşılanır. Bunlar isə şagirdlərin ekoloji təfəkkürünün inkişafına güclü təsir göstərir. Ekologiya və təbiəti mühafizə sahəsində digər fənlərdə - biologiya, zoologiya, botanika, coğrafiya dərslərində daha ətraflı biliklər verilir və onların tətbiqi aspektləri nəzərdən keçirilir.
Ekoloji tərbiyə sahəsində dərslərdə aparılan iş sinifdənxaric və məktəbdənkənar tədbirlər yolu ilə daha da dərinləşdirilir. Yerli şəraitdən asılı olaraq təbiəti mühafizə işinin müxtəlif formalarından istifadə olunur: məktəb meşəçiliyi, gənc təbiətçi dərnək və klubları, məktəb qoruqları, meyvə bağları, şagird istehsalat briqadaları, ekologiya üzrə olimpiada və viktorinalar, məktəb ekologiya cəmiyyəti, ekologiya ayları, ekologiya reydləri və s. belə maraqlı formalardandır. Məktəblərdə və yaşayış yerlərində yaşıllıq iməciliklərinin keçirilməsi, mavi və yaşıl keşikçi dəstələrinin yaradılması, ilk çiçək bayramlarının, meşə və quş günlərinin, təbiət dostları və gənc bağbanların müsabiqələrinin təşkili kimi tədbirləri məktəblərdə ənənə şəklinə salmaq lazımdır.
-
Hüquq tərbiyəsi
Hüquq tərbiyəsi tərbiyənin tərkib hissələrindən biridir. Hüquq tərbiyəsi vasitəsilə insanlar hüquqi biliklərə yiyələnir cəmiyyətdə mövcud olan hüquq normaları, onların mahiyyəti, hüquqi pozuntularının konkret nəticəsini öyrənirlər. İnsanlar cəmiyyətdə vətəndaşın hüquqları haqqında zəruri biliklərə yiyələnirlər. Hüquq tərbiyəsi vasitəsilə tərbiyə olunanlarda cəmiyyətdə mövcud hüquq normalarına münasibət formalaşdırılır.
Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ideya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. Hazırda, hüquqi dövlət quruculuğunun həyata keçirildiyi bir dövrdə gənc nəslin hüquq tərbiyəsi böyük əhəmiyyət kəsb edir
"Hüquq" ərəbcə "haqq söz" deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəyyən edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimləyən məcburi davranış qaydaları sistemidir. Hüquq əxlaqla sıx bağlıdır. Hüquq normaları əxlaq normalarından müəyyən cəhətdən fərqlənir: hüquq normaları hamı üçün məcburidir və rəsmi dövlət aktlarında əks olunur. Hər cür fəa-liyyətdə olduğu kimi, hüquqi fəaliyyət də insanın hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir.
İnsanın hüquqa dair təsəvvürləri, ideya və görüşləri, hissləri, onun hüquq düşüncəsində ifadə olunur. Hüquq düşüncəsi nə qədər yüksək olarsa, insan hüquq normalarını bir o qədər şüurlu yerinə yetirər, onların pozulmasına yol verməz.
İnsanın şüur və davranışı vəhdətdə olub, bir-birini şərtləndirir. Onun hüquqi davranışı da hüquqi şüur səviyyəsindən, intellektual və emosional inkişafdan çox asılıdır. Qanunazidd hərəkətlər, bir qayda olaraq, insanın təhrif olunmuş bilikləri, tələbat və maraqları ilə bağlıdır. Məsələn, pozulmuş, təhrif edilmiş maddi tələbatlar acgözlük, tamahkarlıq, pul və mal-dövlət hərisliyi yaradır. Yaxud, təhrif olunmuş ünsiyyət tələbatı şöhrətpərəstlik, eqoizm, zorakılıq yaradır. Bu mənfi sərvət meyllərinin təsiri altında hüquqazidd hərəkət-lər (oğurluq, rüşvətxorluq, xuliqanlıq və s.) baş verir.
Cəmiyyətə zidd hərəkətlərin səbəbləri, ilk növbədə, insanın hüquqi şüurunun aşağı səviyyədə olması ilə, cəmiyyət və hüquq haqqında yanlış təsəvvürləri ilə, şəxsiyyətlə cəmiyyət arasında, onların tələbləri arasında pozulmuş münasibətlərlə şərtlənir. Bu hal hüquqi şüurun, bütövlükdə hüquq tərbiyəsinin vacibliyini göstərir.
Hüquq tərbiyəsi gənc nəslin hüquqi şüur və davranışını, habelə hüquq normalarına münasibətini formalaşdırmaq məqsədi güdən planlı və mütəşəkkil fəaliyyət prosesidir. Hüquq tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur:
1) gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair baxış və təsəvvürlər aşılamaq;
2) uşaq, yeniyetmə və gənclərdə hüquq psixologiyası formalaşdırmaq:
3) böyüyən nəsildə hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış bacarıqları formalaşdırmaq, yeniyetmələr arasında qanunpozma hallarının qarşısını almaq, bu məqsədlə profilaktik tədbirlər həyata keçirmək.
Hüquq tərbiyəsi insanın hüquqi şüurunun bütün komponentlərinə təsir göstərir: hüquqa dair biliklər (idrak komponenti), hüquqa münasibət (qiymətləndirmə komponenti), insanın davranış mövqeyi (iradi komponent). Hüquqi şüurun hər üç komponenti vəhdət halında çıxış edir. Hüquq normalarına dair biliklər və onlara müsbət münasibət əsasında hüquqi əqidə və davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy formalaşır.
Hüquqi şüurun formalaşması və inkişafı uzun sürən, mürəkkəb və ziddiyyətli prosesdir; o, bütün ömür boyu davam edir. İlk hüquqi təsəvvürlər ailədə valideynlərin təsiri ilə formalaşır. Burada uşaq nəyin yaxşı və nəytin pis olduğunu öyrənir, ilk qadağanlarla, öz əməllərinə verilən qiymətlə ("olmaz", "ayıbdır" və s.) qarşılaşır. İlk əxlaqi təsəvvür və qiymətlər əsasında onda bəsit hüquqi təsəvvürlər, hisslər və münasibət formalaşır.
Hüquq tərbiyəsi məktəbdə planlı və sistemli xarakter kəsb edir, müxtəlif forma və metodlarla həyata keçirilir. Bu formalar içərisində dərs əsas yer tutur. Ayrı-ayrı fənlərin tədrisi prosesində şagirdlərin hüquqi şüurunun formalaşması üçün mövcud imkanlardan istifadə edilir. İbtidai siniflərin ana dili, təbiətşünaslıq fənlərində hüquqa dair elementar məlumatlar verilir.
Hüquq tərbiyəsi baxımından "İnsan və cəmiyyət" fənni daha böyük imkanlara malikdir. Bu fənnin köməyi ilə şagirdlər dövlət quruluşu, hüquq sistemi, Konstitusiya hüququ, qanunverici və icra orqanları və hüquqi məsələlər barədə biliklərə, siyasi-hüquqi baxış və təsəvvürlərə yiyələnirlər.
Hüquq tərbiyəsi üzrə təlim prosesində aparılan işlərlə yanaşı, sinifdənxaric və məktəbdənkənar işlər də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı sinifdənxaric işlər müxtəlif formalarda təşkil edilir. Məqsəd və məzmununa görə onları iki qrupa bölmək olar: a) hüquq təbliğatı və hüquqi şüurun formalaşmasına xidmət edən formalar; b) hüquq-mühafizə fəaliyyətinin təşkili formaları.
Birinci qrup formalara hüquqi mövzularda söhbət və mühazirələr, tematik axşamlar, viktorinalar, disputlar, əxlaqi-hüquqi məsələlərə dair bədii əsərlərin və filmlərin müzakirəsi, hüquq lektoriyaları, gənc hüquqşünas dərnəkləri, hüquq mövzularında konfr-ans-lar, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşlər, hüquq bilikləri klubu, gənclərin diskussiya klubu və b. daxildir. Bu formalar yeniyetmə və gənclərin hüquqi biliklərini artırmağa, hüquqi məsələlərə inam yaratmağa kömək göstərir.
İkinci qrup formalara məktəblilərin marağa görə könüllü dəs-tələri polisin gənc dostları, yaşıllıq dostları, sərhədçilərin gənc dostları, gənc yanğınsöndürənlər, gənc yol nəqliyyatı müfəttişləri, ictimai asayişi mühafizə dəstələri və b. daxildir. Bu formalar şagirdlərin hüquq-mühafizə fəaliyyətinin təşkilinə, onlarda hüquqi baxışların və əqidənin yaranmasına, müsbət adətlərin və fəal həyat mövqe-yinin, habelə əxlaqi-hüquqi təcrübənin formalaşmasına xidmət edir.
Məktəbdənkənar müəssisələr də hüquq tərbiyəsi sahəsində müəyyən rol oynayır. Uşaq-gənclər evi və sarayları, mədəniyyət saraylarında fəaliyyət göstərən dərnək və bölmələr, gənc təbiətçilər stansiyaları, uşaq kitabxanaları yuxarıda göstərilən bir çox iş formalarından istifadə edir (hüquq universitet və lektoriyaları, gənc hüquqşünas dərnək və klubları və s.).
Sinifdənxaric və məktəbdənkənar işlər uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində böyük əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, məktəblilərin, xüsusən yeniyetmələrin asudə vaxtı düzgün təşkil edilmədikdə onların bir qismi günlərini boş-boşuna keçirir, nəzarətsiz qalır, bəzən mənfi təsir altına düşür, hətta hüquqazidd hərəkətlərə (xuliqanlıq, sərxoşluq, narkomaniya və s.) yol verirlər. Yeniyetmə cinayətkarlığının təhlili göstərir ki, onların böyük qismi (60-70%-i), bir qayda olaraq, idman, mütaliə, bədii özfəaliyyət və digər ictimai-mədəni fəaliyyətlə məşğul olmamışlar. Bunu nəzərə alıb, şagirdlərin dərsdənkənar fəaliyyətini mənalı təşkil etmək, onları müxtəlif fəaliyyət növlərinə - idmana, ictimai-faydalı əməyə, elmi-texniki və bədii yaradıcılıq işlərinə, mütaliəyə geniş cəlb etmək lazımdır.
Hüquq tərbiyəsinin müvəffəqiyyəti onun planlı, məqsədyönlü və mütəşəkkil təşkilindən, bu sahədə məktəb, ailə və ictimaiyyətin sıx əməkdaşlığını təmin etməkdən asılıdır.
8.9. İqtisadi tərbiyə
İqtisadi biliklərin mənimsənilməsi, onların əqidəyə çevrilməsi, iqtisadi təfəkkürün formalaşması, hər bir işdə qənaətcilliyə alışmaq iqtisadi tərbiyə adlanır. Məktəblilər iqtisadi tərbiyə prosesində belə bir həqiqəti dərk edirlər ki, insanlar yeməyi, geyməyi və digər zəruri yaşayış vasitələrini hazır şəkildə təbiətdən almırlar. İnsanlar özlərini dolandırmaq, nəsli artırmaq üçün maddi nemətləri istehsal etməlidirlər. Bunun üçün isə istehsalın texnologiyasını bilmək, müəyyən peşəyə sahib olmaq lazımdır.
İqtisadi tərbiyənin birinci komponentini şagirdlərdə iqtisadiyyatın əsaslarına dair biliklər təşkil edir.
İqtisadi tərbiyənin ikinci komponenti qənaətcillik şüurunun və iqtisadi təfəkkürün formalaşmasıdır.
İqtisadi tərbiyənin üçüncü komponenti iqtisadçı hərəkətlərin formalaşmasıdır. Bu isə o deməkdir ki, iqtisadiyyat haqqındakı biliklər, anlayışlar, hərəkətlər əməli işlə birləşir.
İqtisadi tərbiyənin dördüncü komponenti sahibkarlıq və təsərrüfatçılıq qabiliyyətləri və bacarıqlarının formalaşdırılmasıdır. Bu isə o deməkdir ki, məktəbli yeraltı və yerüstü sərvətlərin qədrini bilməli, meşələrin, çayların, göllərin, dənizlərin təmiz saxlanmasına qayğı göstərməlidir.
İqtisadi tərbiyənin beşinci komponenti iqtisadi vərdişlərin formalaşdırılmasıdır. İqtisadi tərbiyə məktəblilərdə adamlara xeyirxah və diqqətli olmaq, israfçılığa, israfçılıq edənlərə qarşı barışmazlıq kimi keyfiyyətləri tərbiyə edir.
Do'stlaringiz bilan baham: |