QALAMDIR SAZIM
Həm saz övladıyam, saz varisiyəm,
Həm də ki, sinəmdə balamdır sazım.
Günəşə, vətənə, eşqə, ülfətə
Şöhrətdir, alqışdır, salamdır sazım.
Həyat dərsliyidir qədir bilənə,
Dünya saz nuruna gərək bələnə,
Qızıl şəfəqləri qəlbə çilənə,
Öyüddür, hikmətdir, kəlamdır sazım.
Zəfərim, harayım, hayım ondadır,
Günəşim, ulduzum, ayım ondadır,
Mərifət, məhəbbət, payım ondadır,
Bir ölməz sevdadır, ilhamdır sazım.
Əzəldən qılınca bir qardaş olmuş,
Bahar buludutək boşalmış, dolmuş,
Haqqın döyüşündə yaralar almış,
Basılmaz, yenilməz məramdır sazım.
Onun nəğmələri Kürdür, Arazdır,
Əslimin, soyumun anası sazdır.
Bu sözü qəbrimin daşına yazdır:
Umbayam, alınmaz qalamdır sazım.
Do'stlaringiz bilan baham: |