Nizami Gəncəvi
X fəsil
TƏHSİL SAHƏSİNDƏ DÖVLƏT STANDARTLARI, TƏHSİL PROQRAMI, TƏDRİS PLANI, TƏDRİS PROQRAMI VƏ TƏDRİS ƏDƏBİYYATI
Əhatə olunan məsələlər:
10.1. Təhsil sahəsində dövlət standartları, təhsil proqramı (kurikulum).
10.2.Ümumi orta təhsilin məzmunu.
10.2.1. Təhsilin məzmunu.
10.2.2. Azərbaycanda ümumi orta təhsilin məzmunu sahəsində islahatlar.
10.3. Tədris planı.
10.4. Tədris fənni.
10.5. Tədris proqramları.
10.6. Dərslik, iş dəftəri və müəllim üçün metodik vəsait komplekti.
10.1. Təhsil sahəsində dövlət standartları,
təhsil proqramı (kurikulum)
Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təhsil standartları və onların qüvvədə olan müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün xüsusi dövlət standartları müəyyən edilir.
Təhsil proqramı (kurikulum) dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir. Təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları daxildir. Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən təhsil proqramları həyata keçirilir, onun müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əlavə təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir. Yuxarıda qeyd olunduğu kimi, sağlamlıq imkanları məhdud, uzun müddət müalicəyə ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini, sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi ümumtəhsil proqramları müəyyən edilir və həyata keçirilir.
Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da həyata keçirilir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı müvafiq qanunvericiliyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir. Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır: fənyönümlü və şəxsiyyətyönümlü.
Do'stlaringiz bilan baham: |